|
Mavi Xəzərin enerji resursları və Transxəzər qaz kəməri uğrunda mübarizə kritik durum alıb. Rusiya və İranın etirazlarına baxmayaraq, Avropa İttifaqı (Aİ), xüsusən də Qərb Transxəzər qaz kəməri layihəsinin həyata keçirilməsi ilə bağlı hərəkətə başlayıb. Aİ Xəzərin dibindən qaz kəmərinin çəkilməsinə dair tezliklə Türkmənistan və Azərbaycanla danışıqların başlayacağını bəyan edib. Bu quruma görə, layihə ilə bağlı qərar vermək Türkmənistan və Azərbaycanın səlahiyyətindədir. Rusiya ilə İran isə hesab edirlər ki, Xəzərin statusu müəyyən edilmədən dənizin dibindən kəmərlərin çəkilməsi mümkün deyil. Göründüyü kimi, Transxəzər qaz kəməri layihəsi hövzəni əməlli-başlı çalxalamaqdadır. Bir neçə gün əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza da bəyan edib ki, guya Xəzərdə sabitliyi qorumaq üçün ölkəsi öz töhfəsini verəcək. Daha doğrusu, o, ABŞ-ın hövzədə hərbi katerlər yerləşdirəcəyinə eyham vurub. Ekspertlərə görə, bu cür yanaşmalar, Aİ-nin, Qərbin özünə alternativ enerji mənbələri əldə etmək səyləri Xəzəri ciddi münaqişə ocağına çevirmək üzrədir.
Məsələni bir neçə aspektdən təhlil edən Azərbaycan İslam Partiyası sədrinin ictimai məsələlər üzrə müavini Rövşən Əhmədli Xəzərin statusunun müəyyən edilməsilə bağlı Xəzəryanı dövlətlərin mütəmadi müzakirələr apardığını xatırlatdı: “Bildiyimiz kimi, sahilyanı ölkələr vahid siyasi platformadan çıxış edərək, qərara alıblar ki, Xəzərə aid bütün məsələlərin yalnız öz aralarında və danışıqlar yolu ilə həllinə çalışacaqlar. Onlar eyni zamanda Xəzərin təhlükəsizliyilə bağlı kənardan hər hansı hərbi dəstək almayacaqları barədə birgə qərar imzalayıblar. Düşünürəm ki, Xəzərlə bağlı digər məsələlərdə də, məsələn, hansısa neft-qaz kəmərinin çəkilməsilə əlaqədar ətraf dövlətlər analoji mövqe ortaya qoymalıdırlar. Bunu ən azı Xəzərin sülh dənizi kimi qorunub saxlanması naminə etməlidirlər. Xəzərdə sabitliyin qorunması, dənizdə istər daxili, istərsə də xarici hərbi qüvvələr yaratmamaq üçün bütün Xəzəryanı dövlətlər səy göstərməlidilər”.
R.Əhmədli bildirdi ki, əgər Qərb, ABŞ doğrudan da ədalət və sülh naminə yardım etmək istəyirlərsə, onda Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ məsələsinin həllinə dəstək versinlər: “Amma biz bunu görmürük. ABŞ bizə lazım və vacib olmayan məsələdə kömək etmək istəyir. Hansı ki, Azərbaycan öz daxili imkanları hesabına da Xəzəri qorumağa qadirdir. Əslində elə Qarabağ məsələsində də Azərbaycanın Qərbin dəstəyinə heç bir ehtiyacı yoxdur. Sadəcə biz ABŞ-ın, Qərbin, eləcə də bəzi Avropa ölkələrinin işğalçı Ermənistanı himayə etməkdən əl çəkməsini istəyirik. Məncə, Qərbin Azərbaycana müəyyən təklifləri ilk növbədə ölkəmizi daha da asılı vəziyyətə salmaq, Xəzəryanı ölkələrlə münasibətləri kəskinləşdirməyə hesablanıb. Ona görə də bu qəbulolunmaz təklifdir”.
Bununla belə, AİP funksioneri hesab etdiyini bildirdi ki, Xəzərin dibini bölmədən, statusunu müəyyən etmədən Transxəzər qaz borusunun çəkilməsi, bu məsələdə Qərblə Rusiya arasında gedən geosiyasi mübarizə doğrudan da yeni münaqişə ocağının yaranmasına gətirib çıxaracaq: “Odur ki, Azərbaycan neytral mövqe sərgiləməli və münaqişəyə səbəb ola biləcək addım atmaqdan çəkinməlidir. Digər dövlətlərin maraqlarını həyata keçirməkdən ötrü Azərbaycan öz maraqlarını və təhlükəsizliyini qurban verə bilməz. Ən başlıcası, kimlərinsə maraqları naminə Xəzəri barıt çəlləyinə çevirmək olmaz. O ki qaldı neftin və qazın nəqlinə, onsuz da Azərbaycan çalışır ki, alternativ variantlara malik olsun. Bu gün ölkəmiz neftini də, qazını da bir neçə xətlə xaricə, o cümlədən Avropaya nəql edir. Bu baxımdan Azərbaycan daha çox Transxəzər qaz kəməri və enerji uğrunda gedən savaşı neytrallaşdırmağa çalışmalıdır”.
Cəvahir
|