|
“Rəsmi Vaşinqton maraqlarının təmini üçün nəinki Sərkisyanla, istənilən erməni canisiylə əməkdaşlığa gedə bilər”
“WikiLeaks” saytının yaydığı növbəti sənəd ABŞ-ın 2008-ci ildə Ermənistanda həyata keçirilən total seçki saxtakarlığına göz yumduğunu, bu ölkənin mafioz, cinayətkar klanlar tərəfindən idarə olunduğunu və digər maraqlı faktlar üzə çıxartdı.
Xatırladaq ki, ABŞ-ın Ermənistandakı səfirinin siyasi məsələlər üzrə müavini Jozef Penninqtonun Vaşinqtona göndərdiyi teleqramda prezident seçkilərinin nəticələrinin kütləvi şəkildə saxtalaşdırıldığını, Serj Sərkisyanın bəyan olunduğu kimi, 52 faiz deyil, bundan 8-14 faiz az səs topladığını bildirib. Sənədlərə əsasən, bu istiqamətdə səfir Mari Yovanoviçin qarşısında dayanan vəzifələr Sərkisyan administrasiyasına hərtərəfli dəstək vermək və hakimiyyəti o zaman Ermeni Milli Konqresində təmsil olunan parlamentdənkənar müxalifətdən qorumaq olub.
Məsələni şərh edən politoloq Xaqani İsmayıl bildirdi ki, ABŞ-ın diplomatik nümayəndəliklərinin məxfi yazışmalarını yayan “WikiLeaks”-in Ermənistanla bağlı son məlumatı Vaşinqtonun riyakar, ikiüzlü siyasət yürütdüyünu bir daha təsdiq etdi: “Bütün dünya ictimaiyyətinə bir daha məlum oldu ki, Birləşmiş Ştatlar yalnız öz maraqlarından çıxış edir. Bu dövlət planlarını həyata keçirmək üçün quldurların, mafiozların xeyrinə belə seçim etməkdən çəkinmir. ABŞ heç vaxt ədalət, demokratiya, insan hüquqlarının tərəfdarı olmayıb. Ermənistanla bağlı sənəd bunun əyani göstəricisidir”.
Bununla belə, X.İsmayıl dedi ki, Amerikanın yürütdüyü çirkin siyasət hələ çox əvvəllər ifşa olunub. Politoloqun sözlərinə görə “WikiLeaks” saytının ortaya çıxartdığı məxfi sənədlər sadəcə bunun rəsmi təsdiq edir: “Heç kimə sirr deyil ki, imperializmi qarşısına məqsəd qoyan Birləşmiş Ştatlar onun diqqət mərkəzində olan ölkələrdə baş verən prosesləri daim izləyir. Maraqlarının tələb etdyi məqamda isə həmin ölkələrin istər iqtidarı, istərsə də müxalifətilə sövdələşərək, siyasətini həyata keçirməyə başlayır. Mən həmişə bildirmişəm ki, Ermənistanı Rusiyanın təsirindən çıxarmaq strategiyasını götürən Vaşinqton bunun üçün nəinki Sərkisyanla, istənilən erməni canisiylə əməkdaşlığa gedə bilər. ABŞ-ın Ermənistan siyasəti, Sərkisyan administrasiyasına verdiyi dəstək elə bu maraqdan irəli gəlir”.
Müsahibim Birləşmiş Ştatların yalnız Ermənistanda deyil, Azərbaycanda, o cümlədən digər ölkələrdə də demokratik dəyərlərə öz maraqları prizmasından yanaşdığını ifadə etdi. Və bildirdi ki, Birləşmiş Ştatlar yalnız dövlət maraqlarına zidd olduğu anlarda demokratiyadan, insan haqq və hüquqlarından danışır: “Pərviz Müşərrəf hakimiyyətindən fərqli olaraq Pakistanın indiki iqtidarı müstəqil siyasət yeridir. Bu isə ABŞ-ın regiondakı maraqlarına zidd olduğu üçün Pakistan onun hədəfinə çevrilib. Əfqanıstanla Pakistan sərhədində baş verən qanlı hadisələrdə katalizator rolunu ən çox Amerika oynayır. Pakistanın yalnız sərhədini deyil, içərisini də qarışdıran, terrora dəstək verən Birləşmiş Ştatlar hökumətidir. Bəzi versiyalara görə, hətta Pakistanda sel daşqınları da müasir tektonik silahlar vasitəsilə baş verib. Göründüyü kimi, Vaşinqton onun maraqlarına cavab verməyən, müstəqil siyasət aparan hakimiyyətləri cəzalandırmağa çalışır. Və məqsədinə nail olmaq üçün istənilən iyrənc, anti-bəşəri variantlara əl atır”.
X.İsmayılın fikrincə, cinayətə, seçki saxtakarlığına, insan haqlarının tapdalanmasına göz yuman, əslində özünün də dünyanın ən böyük cinayətkar dövləti olan ABŞ-ın demokratiyadan danışmağa heç bir haqqı yoxdur. “Amerika heç vaxt maraqlarını demokratiyaya qurban verməyəcək. Bunu birdəfəlik yadda saxlamalıyıq” – deyə, politoloq vurğuladı.
Cəvahir
|