HAMMARBERQ JURNALİST QƏTLLƏRİNİN AÇILMASINI TƏLƏB EDİR
Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberq bəyanat yayaraq jurnalistləri zorakılıqdan müdafiə probleminə toxunub
05-10-2011 / 10:28
FaktXeber.com-un “Turan”a istinadən verdiyi məlumata görə, bəyanatda deyilir ki, son illər Avropada bəzi aparıcı jurnalistlər amansız qətllərin qurbanı olub: “Türkiyədə Hrant Dink, Ukraynada Georgi Qonqadze, Azərbaycanda Elmar Hüseynov, Rusiyada Anna Politkovskayanın öldürülməsi də bura daxildir”.
Hammerberq qətllərin yalnız icraçılarının deyil, sifarişçilərinin də aşkar edilərək cəzalandırılmasının vacibliyini vurğulayıb: “1992-ci ildən Avropa ölkələrində yüzdən çox jurnalist öz peşə fəaliyyətinə görə qətlə yetirilib. Çoxları fiziki hücumlara məruz qalıb və ya hədələnib. Jurnalistin ölümü ilə bağlı 30 haldan yalnız 10 faizində istintaq məhkəməyədək aparılıb. Bu, hüquq mühafizə orqanlarının və məhkəmə sisteminin effektivliyini şübhə altına alır. Bu, insan haqlarının görünməmiş dərəcədə pozulmasıdır, belə ki, hakimiyyət günahkarların cəzasız qalmasına yol verir”.
Komissar qeyd edib ki, bir jurnalistin ünvanına hədələr başqalarının boğulması kimi dağıdıcı effekt verə bilər: “Beləliklə, zor tətbiqi ilə bağlı hədə senzura formasına çevrilir. Bu, KİV-ə nəzarətlə məhdudlaşdırıcı qanunlara və digər tədbirlərə də aiddir. Məsələn, bəzi Avropa ölkələrində jurnalistləri böhtanda ittiham edərək həbsə almaq olar. Bu cür cinayətlər dekriminallaşdırılmalı, onlara məhkəmələrdə mülki hüquq çərçivəsində baxılmalı və cəza adekvat olmalıdır”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.