Azərbaycanın xalq artisti Ukraynada keçirilən teatr festivalında Qarabağdan bəhs edən tamaşadakı rolunu sərxoş vəziyyətdə ifa edib
04-10-2011 / 14:01
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov teatrın aktyoru, xalq artisti Nurəddin Mehdixanlıya töhmət verib. FaktXeber.com-un verdiyi məlumata görə, buna səbəb xalq artistinin Yaltada keçirilən “Teatr. Çexov. Yalta-2011” şüarı altında təşkil edilən sənət bayramında səhnəyə içkili vəziyyətdə çıxmasıdır. Xalq artistinin Azərbaycan mədəni tarixinə ləkə olan bu addımı Yalta Teatr Festivalının təşkilatçılarını da təəccübləndirib. Təşkilatçılar bununla əlaqədar Azərbaycan nümayəndə heyətinə kəskin etirazları bildiriblər.
Xatırladaq ki, Azərbaycanı Yalta festivalında Akademik Milli Dram Teatrı yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Xəcalət” pyesi ilə təmsil edib. Qarabağla bağlı həqiqətlərdən bəhs edən tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov, baş rolların ifaçısı isə xalq artistləri Ramiz Novruzov, Nurəddin Mehdixanlı, əməkdar artist Mətanət Atakişiyeva olub.
Məsələ barədə açıqlama vermək istəməyn Nürəddin Mehdixanlı Akademik Milli Dram Teatrının aktyoru olmaqdan əlavə siyasi fəaliyyətlə də məşğuldur. O 1992-ci ildən Vətəndaş Həmrəyli Partiyasının üzvü, 1995-ci ildən isə partiya sədri Sabir Rüstəmxanlının siyasi məsələlər üzrə müavinidir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.