Azərbaycanda bu istiqamətdə işlər həyata keçirilməyə başlanıb
04-10-2011 / 10:00
İnformasiya cəmiyyətində elektron informasiyanın yaradılması və gələcək nəsillərə onun çatdırılması bəşəriyyəti narahat edən problemə çevrilmişdir.
Bununla əlaqədar YUNESKO-nun “İnformasiya hamı üçün” Rusiya Komitəsi, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Mətbuat və Kütləvi Kommunikasiyalar üzrə Federal Agentliyi Moskva şəhərində cari ilin 3-5 oktyabr tarixlərində “İnformasiya cəmiyyətində elektron informasiyaların saxlanılması: problemlər və perspektivlər” adlı Beynəlxalq konfrans keçirirlər.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»na əsasən konfransın işində Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova da iştirak edir. Konfransda 36 ölkənin nümayəndəsi (Avstriya, Azərbaycan, Argentina, Venesuela, Almaniya, Danimarka, Misir, Hindistan, İtaliya, Keniya, Çin, Livan, Meksika, Nigeriya, Oman, ABŞ, Cənubi Afrika Respublikası və s.), habelə YUNESKO, Avropa Şurasının nümayəndələri iştirak edirlər. Konfransın təntənəli açılış mərasimi keçirilmişdir.
Son illər Azərbaycanın kitabxana-informasiya sahəsində gedən pozitiv dəyişikliklər dünyanın bir çox ölkələrini maraqlandırır və nəticədə Azərbaycan belə aktual məsələləri müzakirə edən konfrans və simpoziumlara dəvət alır.
YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının strateji planında qeyd olunur ki, müasir dünyanın mənzərəsini getdikcə rəqəmsal texnologiyalar formalaşdırır. “Məhz buna görə ənənəvi informasiya saxlayıcıları (kitabxanalar, arxivlər və muzeylər) informasiyanın sürətli artımından geri qalmamaq üçün səylə çalışmalıdırlar. Daha bir ciddi problem: texnologiyalar inkişaf etdikcə sənədlərin stabilliyinin və yaşama müddətinin qısalmasıdır. Əgər tədbir görülməsə elektron formada olan bir çox mühüm sənədlər tezliklə yox olacaq və yaxud tamamilə əlçatmaz olacaqdır”.
Bunun nəticəsində bəşəriyyətin kollektiv yaddaşı qayıtmadan itəcəkdir. Bu bəşəriyyətin qarşısında duran çox vacib problemlərdir. YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının yaradılmasında əsas səbəb beynəlxalq əməkdaşlıq və partnyorluq əsasında hamı üçün informasiya cəmiyyətinin qurulmasına nail olmaqdır. Proqram cəmiyyətin hər bir üzvünün informasiya ilə rahat təmin edilməsi. Bu isə insanların həyat səviyyəsinin yüksəlməsini təmin edir. Proqramın 5 prioritet istiqaməti vardır – informasiyanın əlyetərliyi, informasiyanın saxlanılması, informasiya savadı, informasiya etikası, informasiya inkişaf üçün.
Azərbaycanda bu istiqamətdə işlər həyata keçirilməyə başlanmışdır.
Cari ilin aprel ayında YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsi təsis olunmuşdur. Qeyd etdiyimiz məsələlərə diqqət yetirməyə başlamışdır.
Beynəlxalq konfransda çox maraqlı məruzələr dinlənilir: “Arxivlər və rəqəmsal kontenti: qarşılıqlı əlaqə problemləri”, “Kitabxanalarda rəqəmsal informasiyanın saxlanılması: problemlər və onların həlli yolları” və s.
Konfransın işində İtaliyadan gələn mütəxəssis çox maraqlı mövzu ilə məruzə etmişdir. “İnformasiyanın saxlanılması: rəqəmsal texnologiyalar, Rozetta daşı, yaxud kağız?” Danimarkanın Kral Kitabxanasının nümayəndəsi “Danimarkada veb arxivləşmə (1998-2009)”, ABŞ-ın İllinoy Universitetinin Fəxri professoru “Rəqəmsal informasiyanın saxlanılmasında təhsil” adlı məruzələrlə çıxış etdilər. İndira Qandi adına Milli İncəsənət Mərkəzinin Departament rəhbəri təcrübə mübadiləsi apararaq “Hindistanın mədəni irsinin rəqəmli repozitarisinin yaradılması”ndan söz açdı.
Azərbaycan nümayəndəsi L.Məmmədova Azərbaycanda Heydər Əliyev irsinin rəqəmsallaşdırılması və Azərbaycan kitabxanalarının modernləşdirilməsindən söz açdılar.
Konfrans işini cari il 5 oktyabr tarixində başa çatdıracaqdır. Sözügedən konfransın bütün materialları Azərbaycana gətiriləcəkdir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.