Axır ki, Rusiyada Medvedyev-Putin müəmması həll olundu. Bəlli oldu ki, qabaqdan gələn prezident seçkisində baş nazir Putin namizəd olacaq, Medvedyev isə böyük ehtimalla Rusiyanın baş naziri təyin ediləcək.
Mənim üçün bu addım çox gözlənilən idi və burada hansısa dərin siyasi təhlilə də ehtiyac yoxdur. Əslində böyük siyasətdə bəzən bir çox ciddi addımların arxasında çox sadə, hətta bəsit yanaşmalar durur. Adətən belə prosesləri kənardan izləyib təhlil edən əksər siyasi icmalçılar qaşlarını düyünləyib çox mürəkkəb və dərinə gedən fərziyyələr irəli sürürlər. Ancaq həqiqət özlüyündə çox sadə və adidir. Söhbət ondan gedir ki, avtoritar, korrupsiyalaşmış rejimlər (fərqi yoxdur Rusiya, Misir, Tunis, Liviya və ya hansısa başqa ölkə olsun) hamısı təqribən eyni taleni yaşıyırlar. Bunun səbəbi isə eyni məntiqlə idarə olunmaları və təqribən eyni qərarlar vermələridir. Bu baxımdan avtoritar rejimlərin taleyində təbiətdən fərqli olaraq beş mövsüm olur.
Birinci - “Qəhrəmanlıq” mövsümü gəlir. Hansısa bir siyasi qüvvə, ya da lider xalqın maraqlarını əlində şüar edir, insanları inandırır, nəhayət, hakimiyyətə gəlir. Bir müddət xalqın istəyinə uyğun uğurlar qazanır. Xalq tərəfindən şərtsiz dəstəklənir, yüksək siyasi reytinqə malik olur.
Misal üçün, Qəzzafi də, Hüsnü Mübarək də hakimiyyətlərinin ilk illərində öz ölkələrində böyük dəstəyə və nüfuza malik idilər. Putin də ilk mövsümdə Çeçenistanı Moskvanın nəzarəti altına qaytardı, ölkədə sabit dövlət idarəetmə sistemi yaratdı, hərc-mərcliyə son qoydu. Nəticə olaraq ölkə daxilində çox yüksək siyasi dəstək qazandı.
İkinci - “Eyforiya” mövsümü başlayır. Hakimiyyətini möhkəmləndirmiş və artıq güclü dəstəyə malik lider görür ki, siyasi səhnədə güclü rəqibləri qalmayıb, cəmiyyət onu dəstəkləyir, ona inanır, hərəkətlərinə, davranışlarına nəzərət edə biləcək mexanizimlər, institutlar mövcud deyil, tədricən onda “nəzarətsizlik”, “cəzasızlıq” kompleksləri formalaşır.
Lider bir dəfə qanundankənar hərəkət edir və görür ki, nə ona bir irad tutan var, nə də bunun qarşısını alan. Bu da məlumdur ki, hər bir insanın ürəyində daima Xeyirlə Şərin mübarizəsi gedir. Cəmiyyətdə çox güclü mənəvi, hüquqi, siyasi qadağalar olmayanda insanlar, o cümlədən siyasi liderlər bir çox hallarda əyri yola düşürlər. Elə bil ki, şeytan onların qulağına pıçıldayır: “Bu millətin çox böyük sərvətləri, sənin isə bu millət qarşısında çox böyük xidmətlərin var. Sən bu sərvətlərin bir faizini öz ailən, balaların, yaxınların üçün istifadə etsən, dünya dağılmayacaq ki...” Avtoritar liderlər bir qayda olaraq ya tərəddüd etmədən, ya da qısa tərəddüddən sonra şeytanın “məsləhətini”gerçəkləşdirirlər.
Üçüncü - “Soyğunçuluq” mövsümüdür. Özünə vurulan lider milli sərvətlərin bir faizini mənimsəyəndən sonra yenə də şeytanın pıçıltısını eşidir: “Gördün? Dünya dağılmadı ki?.. Sən bu sərvətlərin on faizini də götürsən, heç nə dəyişməyəcək. Filan iş adamı miliyonlar qazanır, o kimdir ki, səndən varlı olsun, balaları sənin balalarından yaxşı yaşasın. Sən millətin liderisən, o kimdir?” Baxır şeytan ağıllı danışır, özünü qınayır ki, niyə indiyə qədər buna fikir verməyibmiş.
Bu minvalla, bu gedişlə on faiz olur qırx faiz, qırx faiz olur altmış faiz...
Daha sonra avtoritar rejimlərin dördüncü - “Qəddarlıq” mövsümü gəlir. Bu mərhələdə böyük talanclıq, soyqunçuluq faktları cəmiyyət tərəfindən etirazlara səbəb olur. Total korrupsiya haqqında yerli müstəqil mətbuat, siyasi rəqiblər, beynəlxalq qurumlar tənqidi rəylər bildirirlər, hakimiyyət haqqında mənfi fikir formalaşdırılır.
“Qəhrəmanlıq” mövsümündəki ictimai dəstək ictimai qınağa, qəzəbə və nifrətə çevrilir. Buna cavab olaraq şeytanpərəst avtoritar lider repressiyalara əl atıb azad mətbuatı və siyasi opponentləri susdurmağa çalışır, beynəlxalq təşkilatlarla kəllə-kəlləyə gəlib, “soyuq müharibə”yə başlayır. Onun üçün iqtidarda qalmaq, hakimiyyəti heç kimə verməmək “olum və ya ölüm” dilemmasına çevrilir. Anlayır ki, hansısa hakimiyyət dəyişikliyi baş versə, törətdiyi cinayətlərə görə qanun qarşısında cavab verməli olacaq. Bu mövsümdə adətən avtoritar rejimlər daha sərt diktatura rejimlərinə çevrilməyə başlayırlar.
Təbii ki, bu mövsümün də bir sonu olur. Adətən bu tipli ölkələrdə ya Gürcüstan və Ukraynadakı kimi “məxməri inqilab”, ya da Misir və Liviyada olduğu kimi qanlı inqilablar baş verir. Bu da avtoritar rejimlərin beşinci və sonuncu mövsümü - “İflas” mövsümü deməkdir. Bu mövsümdə şeytan diktatora çevirdiyi liderin yanında olmur. Gözünə də görünmür, qulağına da heç nə pıçıldamır. Belə deyək, gedir başqa lider tapmağa...
Misirdə, Tunisdə, Liviyada, Yəməndə, Gürcüstanda, Ukraynada bu beş mərhələni artıq yaşıyıblar. Rusiya hələ ki, həmin avtoritar rejimlərin taleyinin dördüncü mövsümündədir. Hazırda Putin üçün hakimiyyətdə qalmaq özünü qorumaq instinktindən irəli gəlir. Üç-dörd gün öncə Putin tanınmış rus yazarları ilə görüş keçirdi. Yazıçılardan biri ona birbaşa sual verdi ki, Putinin yaxın dostları qaranlıq yollarla Rusiya neftinin və qazının böyük bir hissəsini inhisara alıblar, buna niyə göz yumur? Təbii ki, Putin bunu təkzib etməyə çalışdı. Ancaq belə faktları rəsmi görüşlərdə Putinin özünə Rusiya ziyalıları deyirsə, o, könüllü olaraq hakimiyyəti kiməsə verə bilərmi? Axı bu sualı ona sabah ziyalı yox, prokuror verə bilər!
“İrəvan” qəzeti, 2 oktaybr 2011