Bir müddət öncə sizlərə Nicat Qafuroğlunun rejissorluğu ilə “Ultionis” bədii filminin çəkilməsi barədə məlumat vermişdik. Bu günlərdə filmin çəkiliş meydançasında olduq. Filmin yaradıcı heyəti ilə söhbətləşdik.
İlk həmsöhbətimiz filmin rejissoru
Nicat Qafuroğludur:
- Film mənim “Ultionis” romanımın motivləri əsasında “Qafuroğlufilm” və “Biz production” tərəfindən çəkilir. Filmin ssenari müəllifi Ceyhun Musaoğlu və Nicat Qafuroğludur. Noyabrın 1-də filmin çəkilişlərinin başlanmasının 1 ili tamam olacaq. Filmdə 167 aktyor çəkilir. Xalq artistlərimiz Rasim Balayev, Həmidə Ömərova, əməkdar artistlər Səidə Quliyeva, Sabir Məmmədov və digərləri. Baş rollarda modelyer Tunay Əliyeva və Əflatun Abdullayev çəkilirlər. Film psixoloji triller janrındadır. Filmdə cəmiyyəti səsləyirik ki, falçılara inanmayın, ekstasenslərə olan inamı tənqid edirik. “Ultionis” adlı bir şəbəkədir, onlar falçılardan gələn sifarişlər əsasında insanları dəli etməklə məşğuldurlar. Baş qəhrəmanımız qəzetdə işləyən bir oğlandır. Bir qızın sifarişi ilə onu dəli etməyə çalışırlar. Sonda jurnalist məntiqi qalib gəlir. Filmin əsas məzmunu budur ki, Allahdan başqa bizim sabah başımıza gələnləri bilən yoxdur. Bu bir növ qərblə şərqin mübarizəsinə bənzəyir. İnşallah, noyabr ayının sonlarında tamaşaçılarımız filmə baxa biləcəklər.
Filmin ssenari müəllifi
Ceyhun Musaoğlu da fikirlərini bizimlə bölüşdü:
- Nicat Qafuroğlu romanı yazıb bitirmişdi, çap olunmamışdı. Oxudum, çox maraqlı gəldi. Fikirləşdim ki, kitab çoxdur, amma maraqlı filmlər az. Qərara gəldik ki, bunu ssenariləşdirək. Mütəxəssislər deyirlər ki, ssenari çox mükəmməl yazılıb. Nicat ssenarini o qədər mükəmməl yazıb ki, heç rejissor olmayan adam da bu ssenariyə film çəkə bilər. Nəzərdə tutmuşuq ki, film çəkiləndən sonra ssenarini dərslik kimi çap edək. Bu film tamaşaçıya yeni mövzu verəcək. Burada əsas mövhumatçılığın üzərində dayanmışıq. Çünki insanlar mövhumatçılara inanırlar, onların iç üzünü açmağa çalışmışıq. Sadəcə olaraq, tək onlarla kifayətlənməmişik. Filmi Kann, Hollivud festivallarına hesablamışıq. Bu sıradan bir film deyil.
Filmdə adminstrator rolunun ifaçısı, tanınmış aktyor
Faiq Mirzə isə həm bu film haqqında, həm də gələcək planlarından danışdı:
- Filmin ssenarisində dəyişiklik edilib. İlk oxunuşda mənə deyilmişdi ki, Oyuncaq fabrikinin direktoru olan Amerika vətəndaşını oynayacam. Ssenari təqdim olunanda oxudum, tanış oldum, çox bəyəndim. Rejissorla söhbətimdə o qeyd etmişdi ki, admisitrator rolunu Həmidə Ömərova oynayacaq. Sonradan mənə məlum olmayan səbəblərdən ssenaridə dəyişikliklər oldu. Mənimlə Həmidə Ömərovanın rolları dəyişdirildi, mən keçdim administrator roluna, Həmidə xanım direktoru oynadı. Bizi belə öyrədiblər ki, rolun böyük-kiçiyi yoxdur, aktyorun böyük-kiçiyi var. Ola bilər ki, kiçik bir rol oynayasan, onu o qədər canlı, ifadəli oynayasan ki, böyük rolları oynayan aktyorlardan daha çox yadda qalasan. Mən bunu yaxşı qarşılayıram. Nicat elə bir rejissordur ki, onun zövqünə tam inanmaq olar. Administrator çox ciddi bir obrazdır, direktorun düşündüklərini, fikirlərini işçilərlə bölüşən bir fiqurdur. Admisitratorlar sərbəst adan olmurlar, onları kimsə idarə edir. Bu ekranda da öz təcəssümünü tapıb. Bu filmin insanlara təsir qüvvəsi olacaq. Filmlə tam olaraq mövhumatla mübarizə aparmaq mümkün deyil. Amma az da olsa, öz təsirini göstərə biləcək. Bu filmdən əlavə daha bir layihəmiz var, onu həyata keçirmək istəyirik. Serialların çəkilişi ilə bağlı düşünürük. Qarşıda Mirzə Fətəli Axundovun yubileyi olacaq, “Hekayəti-vəziri-xani-Lənkəran” əsərini müzkl şəkilində çəkmək istəyirəm. İkinci bir layihəm Cəfər Cabbarlının “Solğun çiçəklər” əsərini serail kimi çəkməkdir. Ssenarini özüm yazmışam, artıq son tamamlama işlərini görürəm. İki sənədli film çəkməyi nəzərdə tutmuşam. Biri böyük alimimiz, Qurani-Kərimi ilk dəfə rus dilinə tərcümə edən Mirzə Kazım bəy haqqındadır, ikincisi də Qaçaq Mayıl haqqında filmdir.
Gənc aktyor Soltan Mustafayev filmdə astroloq rolunu ifa edəcəyini bildirdi:
- Bu vaxta kimi çox filmlərə dəvət almışam, amma çəkilməyim alınmayıb. Amma Nicat Qafuroğlu elə rejissorlardandır ki, onun filminə çəkilməmək olmaz. Ssenari maraqlıdır. Astroloq rolunu ifa edəcəm. Filmdə astrologiyanı təbliğ edirəm.



Cəfər Talıb