AZƏRBAYCAN XANƏNDƏSİ BEYNƏLXALQ MÜSABİQƏDƏ QALİB OLDU
Qoçaq Əsgərov "Debütlərin Birliyi" Beynəlxalq müsabiqəsinin qalibi seçilib
27-09-2011 / 12:53
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində MDB-nin Humanitar Əməkdaşlıq Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilən “Debütlərin Birliyi” Beynəlxalq müsabiqəsi münsiflər heyətinin iclası keçirilib.
Bu mötəbər tədbirdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin təsviri sənət şöbəsinin müdiri Natiq Səfərov və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi arxivinin müdiri İdris Əliyevdən ibarət nümayəndə heyəti ilə təmsil olunublar.
İclasda 2011-ci ilin Müstəqil Dövlətlər Birliyi məkanında “Tarix-mədəniyyət İli” elan olunması çərçivəsində MDB-yə üzv dövlətlərin maddi və qeyri-maddi mədəni irsinin qorunması və təbliğ edilməsi sahəsində gənc mütəxəssislər üçün nəzərdə tutulmuş “Debütlərin Birliyi” Beynəlxalq müsabiqəsinin reqlamentinə əsasən, seçim “Tədqiqat və kəşf”, “Dirçəlmə və mühafizə” və “Maarifləndirmə və populyarlaşdırma” nominasiyaları üzrə aparılıb:
Azərbaycan, Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Ukrayna, Ermənistan və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təmsilçilərindən təşkil edilən münsiflər heyəti hər nominasiya üzrə üç laureat və diplomantları müəyyən etməli idi.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumatda bildirilir ki, gərgin müzakirələrdən sonra Azərbaycanın gənc xanəndəsi Qoçaq Əsgərov “Debütlərin Birliyi” Beynəlxalq müsabiqəsinin laureatı seçilib. Azərbaycanın digər təmsilçiləri-Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin bərpaçı rəssamı Sultan Sultanov və AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Zaur Orucov müsabiqənin diplomantları olublar.
Qaliblər Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun növbəti tədbirində təltif ediləcəklər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.