Ölkəmizdə bir adam il ərzində orta hesabla 130 kiloqramdan çox çörək istehlak edir
26-09-2011 / 10:10
Atalar deyir ki, çörək bol olarsa, basılmaz vətən. Amma biz təəssüf ki, bolluğun qədrini bilməyib bir çox hallarda israfçılığa yol veririk. ANS-in əməkdaşı bizim çörəyə niyə qənaət etməməyimizin səbəblərini araşdırmağa çalışıb.
Məlum olub ki, Azərbaycanda bir adam il ərzində orta hesabla 130 kiloqramdan çox çörək istehlak edir. Bu statistikaya inansaq, azərbaycanlı gün ərzində təxminən 0,5 kq çörək yeyir. Bu göstəriciyə görə, ölkəmiz dünya ölkələri arasında liderlər sırasındadır. Bəli, çörəyin Azərbaycan ailəsinin süfrəsində yeri əvəzolunmazdır, bizim vətəndaşın qida rasionunun əsasını çörək təşkil edir. Çörək bolluğu müsbət haldır, amma hər gün şəhərdəki zibil qablarının kənarlarında torbalarda qoyulan çörəkləri görəndə, təəssüflənməmək olmur. Bunun səbəbi nədir və biz niyə müqəddəs hesab etdiyimiz bu nemətə biganə yanaşırıq ?
İqtisadçılar Azərbaycanda çörəyə, eləcə də digər ərzaq məhsullarına qarşı israfçılığın səbəbini bir sıra amillərlə bağlayır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, bunun əsas səbəbi ailələrin öz büdcələrini planlaşdıra bilməməsi ilə bağlıdır.
Ölkədə zibil qablarına atılan çörəklərin bir qismi isə restoran və şadlıq saraylarında süfrələrdən artıq qalanlardır. Belə ki, xüsusilə toylarda həddən artıq israfçılığa yol verildiyindən, xeyli miqdarda çörək atılır.
Vüqar Bayramov deyir ki, çörəyin itkiyə getməsinin bir səbəbi də keyfiyyətlə bağlıdır. Belə ki, çörəyin saxlama müddəti qısa olduğundan onu bir neçə gün istifadə etmək olmur.
İqtisadçılar israfçılığın qarşısını almaq üçün əhali arasında təbliğat işlərinin aparılmasını vacib sayır. Bəzi ölkələrdə isə hətta israfçılığın qarşısını almaq üçün qanunlar qəbul edilib. Məsələn, Tacikistan, Özbəkistan kimi ölkələrdə xüsusilə toy və yas mərasimlərində israfçılıq etmək qanunla qadağandır.
İsrafçılıq elə islam dinində də pis əməl sayılır. Dinimizdə çörəyə böyük önəm verilir və onun dəyərini bilmək tövsiyyə edilir.
Hacı Faiz Nağızadənin sözlərinə görə, Quranda da yazılıb ki, belə israfçılıq edənləri Allah aclıqla sınağa çəkib: “Dünyanın bir sıra ölkələri var ki, orada insanlar bir parça çörəyə görə ölürlər, xüsusən uşaqlar. Həbəşistanda, Somalidə bunu görürük. İnsanlar heç olmasa onları görəndə, baxsınlar, Allahın nemətinə şükür etsinlər, hörmətsizlik etməsinlər”.
Beləliklə gəlin çörəyimizin qədrini bilək! Bu müqəddəs neməti zibil qabına atmazdan yadınıza salın ki, dünyada günlərlə bir parça çörəyin həsrətini çəkən insanlar var.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.