Düzlüyü çox sevir taleyi yazan,
Görmədim düz yolda yolunu azan. (Sədi)
Günəş dağların arasında gözdən itdikcə Ceyhun da kələ-kötür, toz-torpaqlı yolla vağzala tərəf irəliləyirdi. O artıq Günəşin batmasını, yolu, ətrafı görmürdü. Şəhərin hündür binalarını, təmiz küçələrini, şux geyimli insanlarını sanki xəyalında canlandırırdı. O bu küçələri dəfələrlə yuxularında gəzmişdi. Amma səhər uçuq, köhnə, rütubət iyi verən daxmada gözünü açanda həmişə bədbin olurdu. Bəzən qoynunda böyüdüyü dağlar kimi qüruru ona güc gəlirdi. Bəzən isə qürurunun qulu olduğu hiss edib kədərlənirdi.
Nəhayət, 17 yaşlı Ceyhun vağzala çatanda artıq gecə düşmüşdü, hava da mısmırığını sallamışdı. Yağış damlaları sanki, torpaqla məzələnirdi.
Ceyhun elektrik qatarının stansiyaya yaxınlaşdığını görüb geriyə boylandı, sadəlövhcəsinə bir baxışla qayğısız günləri ilə vidalaşdı. Qatara mindi, birdən gözü pəncərədən ona baxan balaca Toplana sataşdı. İt evlərindən vağzala kimi Ceyhunu ötürmüşdü və indi qatarın getməsini gözləyirdi. Baxmayaraq, Ceyhun kənd uşağı idi, amma heyvanları heç sevmirdi. Lakin o hələ bilmirdi Bakıda həyatın fahişə sifətini görəcək və insanları tanıdıqca itlərə məhəbbəti artacaq.
Qatar ləngərləyə-ləngərləyə irəlilədikcə təkərlərin ritmik səsi sanki Ceyhunun qayğısız günlərinin vida marşını oxuyurdu. Amma onun gözlərindən ümid yağırdı ürəyinə. Axı Ceyhun haradan biləydi ki, Bakıda it damına bənzəyən evlərdə kirayə qalacaq? Bəzən bir tikə çörək üçün pul tapmayacaq, antisanitariya ürəyini bulandıracaq, gecə soyuqdan üşüyəndə üstünü örtən olmayacaq və nəhayət, böyük bir şəhərin əsiri olacaq.
Ceyhun kiminsə onu bərk silkələdiyini hiss edib oyandı. Başının üstündə 2 nəfər “yekəqarın” kişini və cavan “serjant” rütbəli polis nəfərini gördü. Bu adamların elektrik qatarının bələdçiləri olduğunu başa düşdü. Əli titrəyə-titrəyə cibindən 2 manat çıxarıb bələdçiyə uzatdı. Sonra isə qalan pullarını bir neçə dəfə tələsik saydı: 169 manat 40 qəpik. Bu pulları kövrək əllərindəki qabarların bahasına qazanmışdı.
Qəfil yaranan səs-küydən Ceyhun diksindi, 2 oturacaq arxada əyləşmiş 2 qadın savaşırdı. Həmişə bu qatarlarda altında soba olan oturacaqda oturmaq üçün davalar olurdu. Belə davaları isə adətən rayondan Bakıya alver etməyə gələn yaşlı, üz-gözlərindən kəndçilik yağan qadınlar edirdilər.
Ceyhunun ayaqları soyuqdan donmuşdu. O artıq ayaqlarını hiss etmirdi. Bir yandan da, başının üstündəki pəncərinin qırıq şüşələrinin arasından gələn külək başını buza döndərmişdi. Vaqonun soyuq olmasına baxmayaraq alverçi və dəmir yol işçiləri heç bunun fərqinə də varmırdılar. Nəhayət, yanındakı qocaman kişi oturacağın altını və üstünü “semeçka” qabığı ilə zibillədikdən sonra “astanovka”sının yaxınlaşdığını görüb getdi. Ceyhun isə məcburən “semeçka” qabıqlarının içində xeyli mürgülədi.
Bakı soyuq bir qış səhəri yaşayırdı. Ceyhun İçərişəhər metrosunun yaxınlığında yerləşən “Qaya” köşkündən “Elanlar” qəzetini alıb tələsik bir ünvanı qeyd etdi və üzüyuxarı Şeyx Şamil küçəsinə qalxdı. Burada isə onun oxuduğu məktəb yerləşirdi. Texnikaya olan həvəsi onu kompüter təhsilini davam etdirməyə sövq etmişdi. Milli musiqinin “xəstə”si olan cavan müəlliməsi ilə bir-birinə xeyli isinişmişdilər. Hətta bəzən dərsin ən maraqlı yerində ədəbiyyat barədə polemikaya da girişirdilər.
Ceyhun 39 N-li marşrutdan Badamdar qəsəbəsində düşəndə artıq hava qaralmışdı. Kələ-kötür, dağılmış asvaltın üstü ilə kirayə qaldığı evə yaxınlaşdı. Qapının cəftəsi olmadığı üçün qapını sim ilə bağlamışdı. Arxayın idi, evdə kitablardan başqa qiymətli heç nəyi yox idi. Ceyhunun gəldiyini görüb evin sahibi Kamal kişi otağa gəldi. Evin kirayə pulundan 50 manat qaldığını xatırlatdı və üzünü turşudub otaqdan çıxdı.
Ceyhunun beynində bir fikir hey fırlanırdı: İşləməliyəm! Tək oxumaqla heç nə alınmayacaq! İş! İş! Nə iş olsa, işləyərəm, təki evdən pul istəməyim!
Pəncərədən düşən ay işığı düz Ceyhunun üzünə düşürdü. Əlində əzilmiş qəzetin üstündən “Elanlar” sözü güclə oxunurdu.
Noyabr ayı gələndən Bakıda hava o qədər soyumuşdu ki, artıq insanlar qalın gödəkçələrdə gəzirdilər. Ceyhunun 15 manata “Binə” Ticarət Mərkəzindən aldığı jaketi onu soyuqdan qorumasa da, olanı bu idi. Arada Nüsrət Kəsəmənlinin “Bir köynəkdə çıxarmışam mən qışı” misrasını yadına salıb özünə təsəlli verirdi: “O boyda şairin bir köynəyi varmış, mənim heç olmazsa, jaketim də var.” Lakin bu təsəlli onu soyuqdan qorumurdu, tez-tez xəstələnirdi. Yaxşı ki, anası onu görmürdü, yoxsa içdiyi dərmanlara görə, onu hər gün danlayacaqdı.
Artıq 10 gün idi ki, Ceyhun dərsdən sonra Elmlər metrosunun yaxınlığında yerləşən “Nağıl kimi” şirniyyat mağazasında satıcı işləyirdi. 1 günə 6 manat qazanırdı. Bura hər gün minlərlə imkanlı adamlar gələrək ən bahalı şirniyyatların dadına baxırdılar. Ceyhun onlara baxanda içində bir həsəd aparırdı, eyni zamanda qeyri-ixtiyari utanırdı. Bəzən yaşadığı evə kəsdirmə küçələrlə gedirdi ki, insanlar onun ucuz geyimini görməsinlər. Kiminsə küçədə güldüyünü görəndə utanıb, elə bilirdi ki, ona gülürlər.
Dərs bitən kimi hər gün Ceyhun işə tələsirdi. Heç yemək yeməyə də vaxt tapmırdı. Satdığı nemətlərin qoxusu onun doydururdu. Hər gün saat 15:00-dan 23:00-a kimi işdə olurdu. Bu müddət ərzində mağazanın administratoru Ağayar onu oturmağa, əlini cibinə salmağa da qoymurdu. Ona görə də elə yorulurdu ki, evə getməyə belə taqəti qalmırdı. Bir dəfə rayonda onu tanıyan bir nəfər mağazaya gəldi. Ceyhun isə görünməsin deyə piştaxtanın arxasında gizləndi. Lakin bu Ağayarın gözündən heç yayınmadı. O tez Ceyhunu qulağından tutub piştaxtanın altından çıxardı. Tanışı Ceyhunu görsə də, görməməzliyə vurdu, amma rayonda qabağına çıxan hər kəsə “Ceyhun Bakıda oxumur, mağazada qoğal satır” – demişdi.
Ceyhun Ağayara onu incitdiyi üçün yox, yaltaq olduğu üçün nifrət edirdi. Mağazalar şəbəkəsinin rəhbəri Nazim müəllim mağazaya gələndə Ağayarın ona necə yaltaqlandığının Ceyhun hər dəfə şahidi olmuşdu. Ağayar az qalırdı ki, Nazim müəllim tualetə gedəndə belə, ona yardımçı olsun. Mağazadakı işçilər hamısı Ağayara “müəllim” deyirdi, amma Ceyhun o sözü deməyə çəkinirdi. Axı bu fasonda müəllim görməmişdi...
Mağazada işlədiyi 15 gün sanki, Ceyhuna 15 il qədər uzun gəldi. Nəhayət 90 manatını alıb mağazadan həmişəlik ayrıldı. İndi daha parlaq bir ideyası vardı. Bir qəzetə işə düzəlmək çoxdankı arzularından biri idi. Məktəbdə də işləri yaxşı gedirdi. Məktəbin təhsil haqqını doğma xalası, Südabə xala ödədiyi üçün Ceyhuna ancaq yaşamaq üçün pul lazım olurdu.
Ceyhun heç vaxt Bakını görməyən kasıb valideynlərinin “get Bakıya öz gələcəyini qur” sözlərini tez-tez xatırlayırdı.
Artıq bir aya yaxın idi ki, Ceyhun “Çıraq” qəzetində müxbir kimi işləyirdi. Sosial mövzuda müxtəlif xəbərlər hazırlayırdı. Hər həftə redaksiyaya “paçka”larla pul gəlsə də baş redaktor Hakim Rzayev Ceyhuna bir qəpik də verməmişdi. Mağazadan aldığı 90 manat isə artıq bitmək üzrə idi. Ceyhun cəsarətini toplayıb Hakim Rzayevin kabinetinə girdi. Bu vaxt başı pul saymağa qarışan Hakim Rzayev Ceyhuna fikir vermədi. Ceyhun qorxa-qorxa, asta səslə: “Hakim müəllim, mənim maaşımı verə bilərsiz?” - dedi. Hakim Rzayev eşitmədi, pullarını sayıb seyfə atdı:
- Nə istəyirsən, bala? Təzə nəsə yazmısan?
Ceyhun:
- Maaşımı istəyirəm, cibimdə pulum qalmayıb.
Hakim Rzayev:
- Pulumuz yoxdur, olanda verərik. Sən get yazılarını yaz, pulu qazanmaq lazımdır. QAZANMAQ!
Ceyhun o kabinetə bir daha qayıtmadı. Bir neçə ay sonra eşitdi ki, Hakim Rzayev reketlik, quldurluq etdiyi üçün həbs olunub, “Çıraq” qəzeti də bağlanıb.
Ceyhun Bakıya gəldiyi gündən gündəlik tutmuşdu və hər gün yaşadıqlarını, etdiklərini ora qeyd edirdi. Gündəliyin son səhifəsində bu sözlər yazılmışdı: “Deyirlər, “sözün keçməyən yerdə sözünü yox, yerini dəyiş”. Bu gün yerimi dəyişdim. İndi sözüm keçir. Bura gəldiyim ilk gündən məndə elə bir təəssürat yaranıb ki, burada öz həyatımı qura biləcəm. Bu gün “XəbərDAR” qəzetində ilk yazım çıxdı. 12.12.2008”.
O gündən etibarən Ceyhunun həyatında yeni bir mərhələ başladı. İndi həm “XəbərDAR” qəzetində işləyirdi, həm oxuyur, həm də yaxşı dolanırdı. Ona bir çox imtiyazlar da vermişdilər. Qurmağa çalışdığı həyat binasını günbəgün daha bir kərpic qaldırırdı. Uşaqlıqdan əliəyriliyə, harama öyrəşməmişdi, ona görə işində daha çox uğur qazana bilirdi.
İlk məhəbbət oxu Ceyhunun da ürəyindən yan keçməmişdi. Onun ilk və son sevgisi “A”(Ceyhun o qizi qısaca belə adlandırır) idi. Ceyhunun sevgi əlifbası “A” ilə başlayıb elə “A” ilə də bitdi. “A” kübar ailənin qızı idi, Ceyhun isə kübarlığın qoxusunu belə bilməyən bir ailənin övladı. Zamanla bu qeyri-bərabərlik onların münasibətini zamanın arxivinə göndərdi. Amma Ceyhun illər keçsə də hələ də o arxivin açılacağı ümidi ilə yaşayır.
Ceyhun özü ilə tək qalanda keçmişini xatırlayır. Düşünür ki, bir səhv addımı onu keçmişi ilə bir daha görüşdürə bilər.

Cəfər Talıb