|
Koxun əlindəki gizli mənbələr və təkzibedilməz faktlara görə, “Gelen” təşkilatında (BND) SSRİ-yə işləyən 47 “köstəbək” olub və hamısı ad və soyadları ilə oxuculara təqdim edilib. 39 “köstəbək” isə hələ də SSRİ-nin varisi olan Rusiyaya işləməkdə şübhəli bilinir. Ümumiyyətlə, “köstəbək”lərin fəaliyyəti uzun illər Almaniya kəşfiyyatı üçün əsl baş ağrısı olub. Hələ ötən əsrin 90-cı illərinin sonlarında məşhur “Şpigel” jurnalında Almaniyanın xarici kəşfiyyatında çoxlu sayda “köstəbəy”in çalışdığı barədə sensasiyalı məlumat çap edilmişdi.
SSRİ-nin dağılması ilə “soyuq müharibə” dövrünün başa çatmasından 20 ilə yaxın vaxt keçsə də, o dövrün davamçıları arasında kəşfiyyat və əks-kəşfiyyat müharibəsi hələ də davam etməkdədir. Bu baxımdan bir müddət əvvəl jurnalist Peter Ferdinand Koxun Avstriyada çapdan çıxan “İfşa edilənlər. İkili casuslar. Adlar, faktlar və sübutlar” (“Enttarnt. Doppelagenten: Namen, Fakten, Beweise”) kitabı nəinki Almaniyada həm də Qərbdə böyük əks-səda doğurmaqdadır. Kitabda “soyuq müharibə” və ondan sonrakı dövrlədə Almaniyanın ali dairələrində Rusiyanın xeyrinə casusluq edən və almancadan tərcümədə “köstəbək” mənasını verən casuslardan söhbət gedir. Qeyd edək ki, “köstəbək”lərin fəaliyyəti uzun illər Almaniya Federal Kəşfiyyat Xidməti (Bundesnachrichtendienst, BND) üçün baş ağrısı olub. BND-nin dünyanın müxtəlif ölkələrində 300-dən çox gizli şəbəkəsi var və onlarda 7 mindən artıq adam işləyir. Hər il BND-yə Almaniya büdcəsindən 500 milyon avro ayrılır. Yeri gəlmişkən, onu da xatırladaq ki, BND-nin əsası II Dünya müharibəsi başa çatandan sonra qoyulub. Faşist Almaniyası darmadağın edildikdən sonra ABŞ və onun müttəfiqləri SSRİ-yə qarşı yeni cəbhə açmaq maqsədi ilə işğal etdikləri ərazilərdə gələcək Almaniya dövlətinin bünövrəsini qoymağa başladılar. Bu çərçivədə Almaniyada yenidən ABŞ və müttəfiqlərinin nəzarəti altında olacaq yeni idarəetmə strukturları (o cümlədən kəşfiyyat və əks-kəşfiyyat) yaradılmağa başlandı. Həmin dövrdə amerikalılar tərəfindən casusluğa cəlb edilən və II Dünya müharibəsi dövründə ABŞ və onun müttəfiqlərinə gizli məlumatlar ötürən III reyxin hərbi kəşfiyyatının Şərq İdarəsinə rəhbərlik edən general-mayor Reynhardt Gelen aldığı yardımlarla yeni casusluq şəbəkəsi qurdu. Əvvəlcə, bu şəbəkə onu quranın adı ilə “Gelen” təşkilatı, 1956-cı ildən isə rəsmi şəkildə Almaniya Federal Kəşfiyyat Xidməti (Bundesnachrichtendienst, BND) adlandırıldı.
Kox da öz kitabında məhz BND-dəki DTK, FTX və BKİ (QRU- Qruppa Razvedivatelnaya Upravleniye) kəşfiyyatçılarından danışır. Onun əlindəki gizli mənbələr və təkzibedilməz faktlara görə, “Gelen” təşkilatında (BND) SSRİ-yə işləyən 47 “köstəbək” olub və hamısı ad və soyadları ilə oxuculara təqdim edilib. 39 “köstəbək” isə hələ də SSRİ-nin varisi olan Rusiyaya işləməkdə şübhəli bilinir. Ümumiyyətlə, “köstəbək”lərin fəaliyyəti uzun illər Almaniya kəşfiyyatı üçün əsl baş ağrısı olub. Hələ ötən əsrin 90-cı illərinin sonlarında məşhur “Şpigel” jurnalında Almaniyanın xarici kəşfiyyatında çoxlu sayda “köstəbəy”in çalışdığı barədə sensasiyalı məlumat çap edilmişdi. Kox həmin dövrdə adıçəkilən jurnalda redaktor vəzifəsində çalışırdı. O, şübhəlilər arasında BND-nin təhlükəsizlik üzrə əks-kəşfiyyat idarəsinin direktoru Folker Ferçin adını çəkmişdi.
Ferç - satqınlığa gedən yol
Koxun şübhələndiyi Ferç Almaniyada kifayət qədər tanınan general Germanın oğlu, general Fridrixin isə qardaşı oğlu idi. Fridrix və German da faciəli həyat yaşamışdılar. Hər ikisi müharibənin sonlarında əsir düşmüşdülər. Fridrix qırmızı ordu tərəfindən əsir alınmış, Sibirdəki əsir düşərgələrindən birində 8 il yatmışdı. German isə amerikalılara əsir düşməyi daha məqsədəuyğun bilmişdi. O, ötən əsrin 40-cı illərinin sonlarında Gelenlə birlikdə yeni alman kəşfiyyat orqanlarının yaradılmasında iştirak etdi. German həmin dövrdə həm ABŞ-a, həm də ingilislərə casusluq edirdi. German oğlunun da öz yolu ilə getməsini arzulayır və onu gələcəkdə mahir kəşfiyyatçı kimi görmək istəyirdi. Bu məqsədlə də o, Gelendən oğlu Ferçi xüsusi xidmət orqanlarında işə düzəltməyi xahiş edir. Ən yaxın tərəfdaşlarından olan Germanın xahişinə əməl edən Gelen 19 yaşlı Ferçi, əvvəlcə, yanında sadə əməkdaş kimi işə götürür. Az sonra isə onu özünün əsas köməkçilərindən biri, şəxsi adyutantı vəzifəsinə təyin edir. Almaniyanın ilk kəşfiyyat orqanına rəhbərlik edən Gelenin yanında Ferç 6 il işlədi. Həmin müddətdə Ferç öz şefindən kəşfiyyatın bütün sirlərini, çoxgedişli gizli manevrləri, kollektivdəki dost və dost hesab edilməyən adamların müəyyənləşdirilməsi və lazım gələndə öz maraqlarının təminatı üçün onların arasına intriqa salınması yollarını öyrəndi. Bu da ona vəzifə pillələrində sürətlə irəliləməyə imkan verdi. Berlin divarı uçurulan ərəfədə Ferç BND-də Birinci şöbəyə rəhbərlik edirdi. Bu şöbə kəşfiyyat məlumatları toplamaqla məşğul olurdu. Həmin dövrdə faktiki olaraq, Ferçin əli BND-nin ən gizli məlumatlarına çatırdı. Bir sözlə, Ferç xarici kəşfiyyata rəhbərliyi ələ almışdı və buna paralel olaraq, o, xarici kəşfiyyatda işə cəlb edilmiş ikili casusların üzə çıxarılması və onlardan ölkəsinin xeyrinə istifadə edilməsi vəzifəsini həyata keçirirdi. Ötən əsrin 90-cı illərinin ortalarında Ferç BND-nin Təhlükəsizlik və Əks-Kəşfiyyat İdarəsinin 5-ci şöbəsinə rəhbər vəzifəyə irəli çəkilir. Bir sözlə, o bununla da BND-də şef və onun köməkçisindən sonra vəzifəcə üçüncü adam olur. Amma həmin dövrdə Ferç ilk dəfə həyatında uğursuzluğa dükar olur. Onun göstərişi ilə ölkədə müxalifət ovqatlı jurnalistlər barədə gizli şəkildə informasiya toplanılmasına başlanılır və onların hər addımı izlənilir. Amma Ferçin göstərişi ilə etibarsız hesab edilən jurnalistlər barədə məlumatların yığılması və onların izlənilməsi faktı hansı yollasa mətbuata sızır. Bu da ölkə daxilində böyük qalmaqala səbəb olur. İş orasındadır ki, həmin dövrdə BND-nin ölkə daxilindəki fəaliyyəti qanunla qadağan edilmişdi. Ona görə də BND-nin jurnalistləri izləməsi və onlar haqqında gizli dosyelər toplaması ölkə ictimaiyyəti arasında kəskin etirazlarla qarşılanır.
Ferçi artıq xoşagəlməz hadisələr gözləyirdi. Çünki işə ölkənin ali dairələri də qarışmalı olmuşdular. Ferç vəziyyətdən çıxış yolu axtarırdı və o, himayədarlarının yardımı ilə özünə haqq qazandırmaq niyyətində idi. Amma gözlənilmədən gizli agent Ryubetsal Ferçin özünü sudan quru çıxarmaq istəyinə zərbə vuran bir addım atdı. Ryubetsal KQB-nin kəşfiyyatçısı idi və o, BND tərəfindən ələ alınmışdı. 1997-ci ilin əvvəllərində Ryubetsal ona rəhbərlik edən zabitə BND-nin ali rəhbərliyində rus kəşfiyyatçısının -“köstəbəy”in fəaliyyət göstərməsi barədə məlumat verdi. Bu barədə məlumat Ferçin birbaşa masasının üzərinə qoyulmuşdu. Ryubetsal və ona rəhbərlik edən zabit tezliklə Ferçin lazımi addımlar atacağını və rus kəşfiyyatçısını üzə çıxaracağını gözləyirdi. Amma Ferç cidd-cəhdlə bunun yalan olduğunu söyləyərək, ona verilən məlumatı Rusiya kəşfiyyatının dezinformasiyası adlandırdı. Halbuki bu məlumatı Ferçin masası üzərinə qoyan əks-kəşfiyyat zabiti orada yazılanlarla şəxsən tanış idi. Ona görə də “köstəbəy”in şəxsi həyatındakı intim məqamlardan, onun həyat yoldaşının xəstə olmasından, oğlunun özünü öldürməsindən xəbərdar idi. Bu səbəbdən də Ferçin “köstəbək” barədə məlumatları əsassız sayması və bu məsələnin üstünü ört-basdır etməsi onun şübhələrini daha da artırdı. O, bu barədə birbaşa BND-nin şefi Konrad Portsnerə məlumat verdi. Portnser dərhal məsələnin nə yerdə olduğunu anladı və Ferçin izlənməsi, danışıqlarına qulaq asılması barədə gecikmədən göstəriş verdi. Ferçin evi də xüsusi nəzarət altına alınmışdı.
Mustafa
|