Yaşar Cəfərli: "Saytın dağılmasının qarşısını almaq üçün bizə xidmət edən domen təşkilatı məcburdur ki, saytın fəaliyyətini dayandırsın"
23-09-2011 / 12:07
Müsahibimiz hərbi ekspert Yaşar Cəfərlidir.
- Yaşar müəllim, milaz.info saytı hansı səbəblərdən fəaliyyətini dayandırıb?
- Texniki səbəblər bəllidir. Domen təşkilatın bizə verdiyi məlumata görə, sayt daimi haker hücumlarına məruz qalır. Çalışırlar ki, sayt dağılsın. Saytın dağılmasının qarşısını almaq üçün bizə xidmət edən domen təşkilatı məcburdur ki, saytın fəaliyyətini dayandırsın. Daim bu hücumların baş verib-vermədiyini yoxlayırlar. Hücumlar azalmaq əvəzinə çoxalır, sayta daxil olmaq qeyri-mümkündür. - Saytınız nə vaxtdan bəri fəaliyyət göstərir?
- Sayt rəsmən 2007-ci ilin oktyabr ayının 2-də ilk informasiyanı yayımlayıb. - İnformasiya Agentliyi kimi nə vaxt qeydiyyatdan keçib?
- “Milaz” İnformasiya Agentliyi 2008-ci ilin iyul ayında dövlət qeydiyyatından keçib. Amma milaz.info sayt olaraq Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosasiyasının (ATMİA) rəsmi saytıdır. ATMİA-ya 20-yə qədər qeyri-hökümət təşkilatı daxildir. Bu koalisiyaya üzv olan QHT-lər bu saytdan istifadə edirlər. Saytların rəsmi dövlət qeydiyyatından keçirilməsi hələ ki, Azərbaycanda yoxdur. Saytımız fəaliyyətini dayandırıb, lakin “Milaz” İnformasiya Agentliyi bu gün də fəaliyyətini davam etdirir. - “Facebook” sosial şəbəkəsində yazılanlara görə, milaz.info-ya texniki təzyiqlər birbaşa Müdafiə Nazirliyinin səlahiyyətli şəxslərinin göstərişi ilə olur. Bu doğrudurmu? - Prezident korrupsiyaya qarşı mübarizənin başlandığını elan edəndən sonra təbii ki, Müdafiə Nazirliyinə də ictimai diqqət artıb. Son vaxtlar Müdafiə Nazirliyinin yarıtmaz fəaliyyəti ilə bağlı məlumatlar çoxalıb. Bu məlumatlar daimi olaraq milaz.info internet səhifəsində yerləşdirilib. Bütün bunlar texniki təzyiqlərin sifarişinin birbaşa Müdafiə Nazirliyindən gəldiyini düşünməyə bizə əsas verir. Haker hücumlarını təşkil etmək çətin iş də deyil. Sadəcə əlimizdə rəsmi fakt yoxdur. Müdafiə Nazirliyinin mətbuat xidməti informasiyaları artıq “Milaz” İnformasiya Agentliyinin elektron poçtuna göndərmir. Bu da başqa bir səbəb. - Bu vaxta kimi “Milaz” İnformasiya Agentliyi ordu üçün hansı işləri görüb, qaldırdığı hansı məsələlər həllini tapıb?
- Hərbi qulluqçulara kompensasiyaların verilməməsi ilə bağlı “Milaz” İnformasiya Agentliyinin qaldırdığı məsələ qismən həllini tapıb. Daşkəsəndə baş vermiş hadisə ilə bağlı ətraflı informasiyaların yayılması o işin açılmasında rol oynayıb. Müdafiə Nazirliyinin İşlər İdarəsinin rəhbəri polkovnik Baxış Ələkbərovla bağlı korrupsiya faktı yayımlanıb. Tez-tez ordumuzdakı itkilərlə bağlı informasiyalar yayımlanır. Əksər hallarda Müdafiə Nazirliyi qaldırdığımız məsələlərə reaksiya verir. - Sayt nə vaxt fəaliyyətini bərpa edəcək?
- Nə vaxt ki, bu işin arxasında dayanan adamlar öz çirkin əməllərindən əl çəkəcəklər, onda sayt fəaliyyətini bərpa edəcək. Saytın fəaliyyətini bərpa etmək üçün müəyyən maliyyə vəsaiti lazımdır, donorlara müraciətlər edirik. Başqa alternativ variantlar ortaya qoymuşuq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.