KXCP "Xural" qəzetinə olan təzyiqləri azad mətbuata basqı hesab edir
22-09-2011 / 13:54
KXCP mətbuat xidmətindən FaktXeber.com-a daxil olan bəyanatda bildirilir ki, Klassik Xalq Cəbhəsi Partiyası son günlər “Xural” qəzetinin ətrafında yaranan vəziyyyəti azad mətbuata növbəti və düşünülmüş basqı hesab edir. “Xural” qəzeti nəşr olunduğu gündən azad və müstəqil mətbuat nümunələrindən biri olmuşdur. Lakin hakimiyyətdəki bəzi qüvvələr, xüsusilə də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, ictimai-siyasi şöbənin müdiri Əli Həsənov azad mətbuatın olmasına qarşı fəaliyyətlərini davam etdirmiş və bu qəzetlə bağlı müxtəlif qeyri-qanuni qərarların çıxarılmasına nail olmuşlar. Bu fəaliyyətdə isə onların əlində Mətbuat Şurası xüsusi alətə çevrilmişdir. KXCP hesab edir ki, azad sözün və jurnalistlərin hüquqlarını qorumalı olan Mətbuat Şurasının dövlət məmurlarının himayəçisi və sifarişçisi rolunda çıxış etməsi təəssüfləndirici haldır. Ona görə də bütün demokratik ictimaiyyət bu rejimin əlində alətə çevrilmiş Mətbuat Şurasına qarşı laqeyd qalmamalı və bu kimi hərəkətlərə sərt təpki göstərməlidir.
KXCP “Xural” qəzetinə qarşı olan bu təzyiqləri bir daha azad mətbuatı susdurmaq cəhdi kimi qiymətləndirir, qondarma ittihamların və məhkəmə qərarlarının ləğv edilməsini tələb edir, yerli və beynəlxalq ictimayyəti baş verənlərə qarşı adekvat addım atmağa çağırır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.