Bəşəriyyət yaradılandan bu günə kimi sirlərlə dolu hadisələrlə qarşılaşıb və min illərdir bu sirləri başa düşmək, onu açmaq istəyib
22-09-2011 / 13:14
Elm və texnikanın sürətlə inkişaf etməsinə baxmayaraq, bu gün də həmin sirlərə açar tapmaq mümkün olmur. Bu mənada ilk baxışdan bizə adi təsir bağışlayan buludlarla bağlı müəmmalı hadisələr diqqəti cəlb edir. Onlardan əksəriyyəti təyyarələrlə bağlıdır.
1930-cu ildə Texas ştatının Korpus-Kristi şəhərindən kiçik bir təyyarə havaya qalxdı. Yerdən pilotun yaxınları bu uçuşu maraqla izləyirdilər. Hava, demək olar tərtəmiz idi, yalnız uzaqlarda zorla seçilən kiçik bir bulud topası görünürdü. Təyyarə uçuş xətti üstündə olan bu kiçik bulud topasına girdiyi anda dəhşətli bir partlayış baş verdi. Təyyarənin qalıqları partlayış yerindən 5 kilometr uzaqlara səpələndi. Amma pilotun bədən qalıqları yoxa çıxmışdı. Sanki təyyarədə pilot olmamışdı. Hadisə şahidlərindən biri F. Dirks baş verənləri sonralar belə xatırlayırdı: “Hər şey gözlənilmədən baş verdi. Təyyarə adi kiçik bulud topasına daxil oldu və həmin an da güclü partlayışın şahidi olduq. Bir müddət nə baş verdiyini anlaya bilmədik. Özümüzə gələndə hadisə yerinə qaçdıq. Təyyarənin qalıqlarını topladıq, ancaq pilotun nə özü, nə də qalıqları var idi. Halbuki onun bədəninin kiçik bir parçası da olsa tapılmalı idi”,
Hadisəni araşdıran xüsusi dövlət komissiyası da baş verən partlayışın və pilotun bundan sonra müəmmalı şəkildə yoxa çıxmasının səbəblərini izah edə bilmədi.
Digər analoji hadisə1942-ci ildə ABŞ-da baş verdi. D. Kodi və Ç. Adams tərəfindən idarə edilən dirijabl “L-8” San-Fransiskodan havaya qalxdı. Məqsəd sahil suları üzərində patrul uçuşları keçirmək idi. Dirijablın havaya qalxmasını həmin vaxt San-Fransisko limanında lövbər salan çoxsaylı kater və gəmi heyətləri də maraqla müşahidə edirdilər. Hava sakit və göy üzü tərtəmiz idi. Yalnız tər-təmiz səmada hərəkət etməyən adi, çox da böyük olmayan bir bulud parçası vardı. Dirijabl bu bulud parçasına daxil oldu və orada yoxa çıxdı. Həmin anda da dirijablla əlaqə kəsildi. Yalnız bir neçə saatdan sonra hadisə yerindən xeyli aralıda dirijablı aşkar etdilər. Sahildə dalğalar tərəfindən lazımsız əşya kimi atılıb-tutulan dirijabla heç nə olmamışdı. Pilotların şəxsi əşyaları, o cümlədən qəza zamanı xilasetmə məqsədi ilə nəzərdə tutulmuş paraşütlər də yerində idi. Ratsiya öz qaydasında işləyirdi. Amma hər iki pilot izsiz-soraqsız yoxa çıxmışdı. Bir neçə ay ərzində 300 kilometrlik məsafədə ara vermədən pilotları axtardılar. Ancaq onların nə ölüsünü, nə də dirisini tapmaq mümkün oldu.
1961-ci ildə isə Sverdlovsk (indiki Yekaterinburq) yaxınlığında “An-2” sərnişin təyyarəsi bulud topasına daxil oldu və müəmmalı şəkildə orada yoxa çıxdı. Sonra da təyyarənin qalıqlarını tapdılar, ancaq yenə də sərnişinlər və pilotların nə ölüsünü, nə də dirisini tapmaq mümkün oldu.
Digər bir hadisə isə Koreya müharibəsi zamanı baş verdi. 1952-ci ildə qırıcı təyyarələr aviapolkunun komandiri D. Bolduin təyyarəsi ilə növbəti tapşırığı şəxsən özü yerinə yetirmək məqsədi ilə hərbi
aerodromdan havaya qalxdı. Yerdən onu izləyənlərin gözləri qarşısında Bolduin təyyarəsi ilə qara-boz rəngə çalan bulud topasına daxil oldu və oradan bir daha çıxmadı.
Ölümdən qaçan təyyarəçilər
Son 100 ildə insanların müəmmalı şəkildə itkin düşməsi ilə bağlı ən çox Bermud üçbucağının adını hallandırırdılar. O vaxtlar bulud topasında sirli şəkildə təyyarələrin yoxa çıxmasını daha çox təsadüf və ya adi təbiət hadisəsi kimi dəyərləndirir və ona ciddi əhəmiyyət vermirdilər. Amma həmin dövrdə bulud topalarında təyyarələrin müəmmalı şəkildə yoxa çıxmaları davam edirdi. Bu hadisədən tək-tük özünü xilas edənlər də tapılırdı. Məsələn, 1928-ci il fevral ayının 13-də amerikalı təyyarəçi Çarlz Lindberq tədqiqat məqsədli uçuşla Havanadan Baham adalarına doğru istiqamət götürdü. Florida körfəzi üzərindən uçarkən o, naviqasiya cihazlarının əqrəblərinin kortəbii şəkildə müxtəlif istiqamətlərdə hərəkət etdiyini gördü. Sonra qəfildən təyyarənin uçuş istiqaməti üzərində qara tüstü peyda oldu. Tüstü təyyarəyə yaxınlaşdıqca daha da qorxunc şəkil alır və get-gedə böyüyürdü. Sanki kimsə tüstünü üfürərək şar kimi şişirdirdi. Bu qorxunc tüstü ilə qarşılaşmamaq üçün Lindberq təyyarənin istiqamətini dəyişdirərək onu daha da yuxarı qaldırdı. Amma gözlənilmədən tüstü də onu təqib etməyə başladı. Pilot çətinliklə də olsa sürəti son həddə kimi artıraraq təyyarəsini tüstüdən qaçıra bildi. O, sonra anladı ki, müəyyən edilən marşrut üzrə uçmur. Sürətölçən cihaza baxanda saniyələr ərzində hadisə yerindən 300 mil aralandığının və əksər istiqamətə uçduğunun şahidi oldu. Hansısa görünməz bir qüvvə təyyarənin uçuş istiqamətini dəyişdirərək 1 neçə dəqiqə ərzində onu 300 mil aralıya atmışdı. Belə bir sürət ağlasığmaz idi. Sonralar Lindberq: “Məni müəmmalı bir ölüm gözləyirdi və bunu qəflətən qarşıma çıxan və tüstünü xatırladan bulud topasını görəndə dərhal anladım. Amma mən bu savaşdan qalib çıxa və labüd ölümdən özümü xilas edə bildim”,-deyir.
Lindberq özünü ölümdən xilas edə bilsə də, digərləri bunu, demək olar, bacarmırdılar. Məsələn, 1945-ci il dekabr ayının 5-də Florida ştatındakı Fort- Loderdeyl hərbi hava limanından 5 qırıcı bombardmançı təyyarə havaya qalxdı. Onların hamısı müəmmalı şəkildə bulud topasında yoxa çıxdı. Bundan az sonra isə itkin düşən təyyarələrin axtarışına çıxan və içərisində 13 xilasedici olan “Mariner” təyyarəsi də yoxa çıxdı. Təyyarənin nə özü, nə də heyəti tapıldı.
Dənizdə ölüm dumanı
Analoji bulud topasını xatırladan dumanla dənizçilər ən çox Bermud üçbucağında qarşılaşırdılar. Məsələn, 1966-cı ildə yerli sahibkarlardan biri buksir vasitəsilə Puerto-Rikodan Floridaya keçid-bərə göndərdi. Yolda gözlənilmədən kompasın əqrəbi sürətlə gah bu, gah da digər istiqamətdə fırlanmağa başladı. Gəmidəki digər cihazlar da sıradan çıxdı. Həmin an tər təmiz olan göy üzündə qatı bir duman göründü. Duman bərəni udaraq sürətlə buksirə yaxınlaşmağa başladı. Adamlar qorxuya düşmüşdülər, ancaq kapitan özünü itirmədi və cəld hərəkətlə bərəni buksirə bağlayan trosu açaraq dənizə buraxa bildi. Bərə sürətlə buksirdən uzaqlaşdı. Duman da bərə ilə birlikdə sanki geri çəkildi və dənizçilərin gözləri qarşısında dalğaların qoynunda “qurbanı” ilə birlikdə yoxa çıxdı. Bundan sonra gəminin cihazları normal şəkildə işləməyə başladı. Əgər hadisənin şahidi çoxsaylı gəmi heyətinin üzvləri olmasaydı, baş verən hadisəyə yəqin k, çoxlarını inandırmaq mümkün olmayacaqdı. Diqqəti cəlb edən bir məsələ də anormal hadisələrin müəmmalı duman və ya bulud topası ilə qarşılaşan zaman həyəcan siqnallarının “SOS”ların verilməməsidir. Buna da səbəb cihazların bir andaca sıradan çıxmasıdır. Fəlakət baş verən zonaların kosmosa çıxarılan peyklərlə, kosmik gəmilərlə izlənilməsinə baxmayaraq, günümüzdə belə bu cür analoji hadisələrin sirrini açmaq mümkün olmur. Yalnız ufoloqlar belə anormal hadisələrin arxasında uçan naməlum obyektlərin (uno) dayandığını iddia edirlər.
Yerdə müəmmalı itkindüşmələr
Müəmmalı bulud topaları ilə bağlı baş verən hadisələrə yalnız havada deyil, yerdə də rast gəlinir. Məsələn, 1935-ci ildə iki ingilis topoqrafı Keniyanın Rudolf gölündəki Envaitenet adasında tədqiqat aparmağa başladı. Amma bir neçə gündən sonra onlar müəmmalı şəkildə yoxa çıxdılar. Dərhal itkinlərin axtarışına başlandı. Bu məqsədlə Böyük Britaniya hökuməti bütün imkanlarını işə salmışdı. Rudolf gölü, onun ətrafı və ada havadan və yerdən qarış-qarış axtarıldı. Ancaq topoqrafları tapmaq mümkün olmadı. Hadisə ilə bağlı yerli əhali sorğu-suala tutulanda məlum oldu ki, adada əvvəllər də dəfələrlə belə sirli yoxaçıxmalar baş verib. Ona görə də yerli əhali adaya nadir hallarda yaxın düşür və o, elmolo tayfasının dilində “gedərgəlməz” adlanır. Amma ingilis topoqrafların müəmmalı şəkildə yoxa çıxmaları ilk belə hadisə deyildi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.