"Orta əsr kəndlisi olasan ki, məmurların yalanlarına inanasan"
17-09-2011 / 11:53
Qarşı tərəfin mövqeyini öyrənmək jurnalistin borcudur. Lakin bu həmişə mümkün olmur. Çünki məmurlar mətbuatla işləməkdə maraqlı deyillər və mətbuatın suallarına cavab verməmək üçün bütün yollara əl atırlar. Bu nömrəmizdə jurnalist həmkarlarımıza və adi vətəndaşlara “Sizcə məmurlar niyə mətbuatdan qaçır? Bu onların xeyrinədir, yoxsa ziyanına?” sualları ilə müraciət etdik. Cavabları sizə təqdim edirik:
Raksana Civişova (SPD nəzdində JUSOS təskilatının təmsilçisi):
- Qaçmaqlarının səbəbləri çoxdur, onları açıqlamaq istəməzdim. Amma hər nə olur olsun, milli mətbuata hörmətsizlik etmək olmaz. Qaçmaqları ancaq öz ziyanlarınadır. Belə ki, fantastik baslıqlar altında məmurların işi, həyatı haqqında yazılar dərc olunur, sonra isə böyük problemlər yaranır.
Şəhriyar Əbilov, (gənc həkim):
- Düz edirlər qaçırlar. Çünki mətbuat vasitəsilə onların iç üzü açılar. Onlar da bunu ən azından yaxşı bilirlər.
Əhməd Rəhmanov (Qarabağ əlili):
- Mətbuatda düzünü desələr, ziyanına olar. Orta əsr kəndlisi olasan ki, onların yalanlarına inanasan. Öz yalanları özlərinə də gülməli gəldiyindən, ümumən danışmamağa üstünlük verirlər.
Günel Quliyeva (menecer):
- Jurnalistin verdiyi suallara cavab vermək sərf etmir. Onların xeyrinə olsa qaçmazlar.
Elbrus Ərud (redaktor):
- Əlbəttə, ziyanlarınadır. Hər halda hər məmurun mətbuatdan qaçmaq üçün bir səbəbi var.
Natiq Güləhmədoğlu (jurnalist):
- Bunun onlara xeyri və zərəri olduğunu deyə bilmərəm, amma yüz faiz xalqa ziyanlıdır. Onlar kifayət qədər korrupsiyaya batıblar, ona görə "xoşagəlməz" suallardan qaçırlar.
Elxan Şahinğolu (politoloq):
- Məmurlar özlərini toxunulmaz sayır və düşünürlər ki, ictimaiyyəti yalnız özləri istədikləri halda məlumatlandıra bilərlər. Yaxşı işləyən məmur mətbuatla sıx əlaqədə maraqlı olmalıdır. Çünki o bu yolla başçılıq etdiyi qurum və onun fəaliyyəti haqqında müsbət imic formalaşdıra bilər. Kim ki əksinə düşünür, demək, onun ehtiyat etmək üçün ciddi səbəbləri var.
Ramid İbrahimov (reportyor):
- Məmurların fəaliyyəti şəffaf deyil. Vətəndaş cəmiyyəti ilə işləyə bilmirlər, yaxud da belə bir istəkləri, məqsədləri yoxdur. Düşünürlər ki, onların hakimiyyəti xalqın seçimi ilə olmadığı üçün xalqa gördükləri işlər barədə informasiyanı verməyə də bilərlər.
Vüqar Həsənov (texnik):
- Məmurlar mətbuatdan ona görə qaçırlar ki, qorxurlar xalqa çaşıb düzünü deyərlər. Deyirlər yalançının yaddaşı olmaz. Onlar da o qədər yalan danışıblar ki, səhvən düzünü deməkdən qorxurlar. Bir də onların mətbuata nə sözü ola bilər axı? Damarında korrupsiya axan adamın mətbuata düz nəyisə deməsi mümkünsüzdür.
Zümrüd Babayeva (laborant):
- Mətbuatı internet vasitəsilə izləyirəm, gündəlik xəbərlərlə tanış oluram. Düzünü desəm, sosial məsələlərlə bağlı mətbautda yer alan materiallarda mənə məmurun fikiri maraqlı deyil. Məmur nə deyəcək ki? Məmurun vicdanı vardısa, o problemi yaratmazdı. Müsahibələr də bəzən maraqlı olmur. Nə qədər eyni adamlar olar, fərqli insanları mətbuata çıxarmaq lazımdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.