Sentyabrın 15-i saat 22-dən ölkənin ən çox ziyarət edilən xəbər saytlarından olan "Musavat.com"a haker hücumları başlanıb
16-09-2011 / 11:55
FaktXeber.com-un verdiyi məlumata görə, “Yeni Müsavat” qəzetinin rəhbərliyi bu hücumu “analoqu olmayan hücum” adlandırır və indiyədək bu qədər kütləvi hücum görmədiklərini deyir.
“Musavat.com” saytının redaktoru Xalid Kazımlı bildirib ki, hücum DDOs tiplidir, hostların əksəriyyəti gizlidir, bəziləri Pakistan, Hindistan və Vyetnamdandır: “Ümumiyyətlə, sayta 768 İP-dən hücum olunur. Buna görə də saytımızın yerləşdiyi server hazırda sayta girişi və onun idarə olunduğu administrativ strukturu bağlayıb. Sayta xidmət edən mütəxəssislər bildiriblər ki, bu hücumlar nəticəsində saytın dağıdılması mümkün olmayacaq, amma fəaliyyətdə qısamüddətli fasilələr ola bilər. Onların fikrincə, bu sayaq hücum diletant adamların işi deyil, yüz faiz sifariş əsasında həyata keçirilir”.
“Yeni Müsavat”ın texniki direktoru Cavid Hətəmovun dediyinə görə, hazırda saniyədə 30 mindən çox müraciət (spam) gəlir: “Proqram təminatı bunun qarşısında çətinlik çəkir. Müraciətləri azalda-azalda gedirik. Amma yenə çoxdur. Hücum azalmasa, saytı işlətmək təhlükəlidir. Yəni sayt dağıla bilər”.
Problemi aradan qaldırmağa çalışdıqlarını vurğulayan Cavid Hətəmov ümid edir ki, gün ərzində bütün hücumlar dəf olunacaq, saytın açılması, oxunması normal qaydada olacaq.
Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlunun fikrincə, hələlik onların şübhələndiyi yeganə yer Müdafiə Nazirliyidir: “Qəzetimizdə çıxan materiallarla bağlı bu nazirliklə aramızda problemlər yaranıb. Onlar, barələrində çıxan materialları müxtəlif yollarla təkzib etməyə çalışırlar - gah nüfuzlu xəbər agentliyinin adından təkzib məktubu yayırlar, gah redaksiyaya anonim zənglər edirlər, gah məhkəməylə hədələyirlər və s. Hiss olunur ki, ciddi təşviş içindədirlər və nəyin bahasına olur-olsun, ünvanlarına səslənən tənqidləri neytrallaşdırmaq istəyirlər. Bu baxımdan Müdafiə Nazirliyinin musavat.com saytına hücuma keçməsi tam gözləniləndir. Hətta biz bunu proqnozlaşdırırdıq”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.