|
Təqribən 2008-ci ilin əvvəllərində Bakının mərkəzində yeni avtobus dayanacaqları peyda oldu. Əvvəlcə şüşəli dayanacaqlarda avtobus gözləyənlərə yayda gün, qışda isə kənarlardakı boşluqlardan yağış düşdüyü bildirilsə də, get-gedə hamının gözü bu dayanacaqlara öyrəşdi. Dayanacaqların mərkəzdən kənarlara, Əhmədli, Günəşli kimi qəsəbələrdə də quraşdırıldığı bir vaxtda mərkəzdə yenidən söküntü işləri başladı. Məlum oldu ki, cəmi 3 il bundan əvvəl quraşdırılan dayanacaqların yerinə yeni avtobus dayanacaqları quraşdırılacaq. Quraşdırılan dayanacaqlar intellektual nəqliyyat sistemi layihəsinin tərkib hissəsidir. Həmin dayanacaqda elektron tablolar quraşdırılacaq. Monitorlar vasitəsilə sərnişin, avtobusların nə vaxt gəlməsini, terminala yaxınlaşacağı vaxtı, getmək istədiyi yeri öyrənə biləcək. Sərnişin həmin monitorda sistemə daxil olub lazımi məlumatı alıb, çıxış düyməsini basdıqdan sonra monitor reklam şitinə çevriləcək və s...
Bütün bunlarla yanaşı istər istəməz belə bir sual yaranır. Görəsən, bu monitorları və yaxud elektron tabloları köhnə, yəni əslində cəmi 3 il bundan əvvəl qoyulan dayanacaqlara quraşdırmaq olmazdımı? Yoxsa bunun üçün mütləq yeni dayanacaq olmalıdır? Və yaxud köhnə dayanacaqların aqibəti necə olacaq?
Bu məsələlərə aydınlıq gətirmək üçün Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin müdiri Sədrəddin Məmmədova müraciət etdik. S.Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, ümumiyyətlə Bakıda yeni 664 dayanacağın quraşdırılması nəzərdə tutulub ki, bunlardan artıq 490-ı quraşdırılıb, 174 dayanacağın isə quraşdırılması prosesi davam edir. Proses sentyabırın sonuna qədər başa çatmalıdır:
“Sentyabrın sonuna qədər nəzərdə tutulan dayanacaqların hamısı quraşdırılmalıdır. Dayanacaqlar Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qoyulur. Biz isə onlara Koreya istehsalı olan monitorlar quraşdırırıq. Bu monitor vasitəsi ilə sərnişinlər gözlədiyi avtobusun harada olduğunu, dayanacağa neçə dəqiqə sonra gələcəyini öyrənə biləcəklər. Eyni zamanda sərnişinlər monitor vasitəsi ilə mərkəzləşdirilmiş operatorlardan aidiyyati məlumatlar ala biləcəklər”.
Sədrəddin Məmmədov bildirdi ki, sistem işə düşəndən sonra avtobusların hərəkətinə tam nəzarət etmək olacaq. Həmsöhbətimizin sözlərinə görə, qanunları bilərəkdən pozan sürücü sürücülükdən kənarlaşdırılacaq: “Artıq bu sistemdə avtobuslar dayanacaqda vaxtından artıq dayanıb, avtobusun sərnişinlərlə tam dolmasını gözləməyəcəklər. Avtobusların ara məsafəsini və tutumunu nəzərə almaqla onlara dayanacaqda dayanmaq üçün konkret müddət veriləcək. Əgər sürücü özündən asılı olan səbəblərə görə, dayanacağa gec gələrsə, dayanacaqda vaxtından artıq dayanarsa və digər hallara yol verərsə, o, ciddi cərimə tədbirləri ilə üzləşəcək. Hətta sərnişindaşımada sürücülükdən məhrum ediləcəklər”.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə ANS PRESS-ə acıqlamasında bildirdi ki, yeni dayanacaqlar əsasən metrostansiyalarının yaxınlığında, insanların daha çox olduğu ərazilərdə quraşdırılır. Sonra isə mərhələli şəkildə digər ətraf ərazilərdə quraşdırılacaq və monitorlarla təmin ediləcək. Mərkəz ərazilərdəki monitorlu sistemin işə salınması isə bu ilin sonuna qədər tətbiq olunmalıdır.
Marşrutların optimallaşdırılması sistemi çərçivəsində bir-birini təkrarlayan marşrutların ləğv edildiyini və ya bir marşrutda birləşdirildiyini deyən həmsöhbətimiz bildirir ki, Bakı şəhərində mövcud olan 310 sayda marşrutun sayı 217-yə salınıb.
"Monitorlar üç il öncə təmtəraqla quraşdırılan şüşəli dayanacaqlara quraşdırmaq olardımı?" sualımızı Nəqliyyat Nazirliyinin rəsmisi belə cavablandırdı: "İstismara yararlı olmayan, köhnələn və xarici görkəmini itirənləri yeniləri ilə əvəz edirik. Ola bilməz ki, saz vəziyyətdə olanını çıxarıb yenisini quraşdırsınlar. Bəziləri yerində qalmaqdadır, onlara da monitorlar qurulur".
Maraqlıdır ki, cəmi 3 il bundan əvvəl quraşdırılan dayanacaqlarda heç bir nasazlıq hiss olunmurdu. Məsələn, Elmlər Akademiyası metrostansiyasının qarşısında, Parlament və Hüseyn Cavid prospektləri boyunca, Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində və eləcə də şəhərin digər yerlərində normal formada olan dayanacaqlar sökülüb və yeniləri ilə əvəz edilib. Üstəlik, yeni dayanacaqlar əvvəlki dayanacaqlardan bir elə də fərqlənmir. Yeni dayanacaqlar da əvvəlkiləri kimi şüşədəndi. Yeganə fərq dayanacaqlarda günbəz formalı əlavənin, bir də oturacaqlarının daha narahat olmasıdır.
Yeni dayanacaqlarda oturacaqların çox hündür olması və oturan insanların ayaqlarının göydə qalmasına gəlincə, Namiq müəllim bildirdi ki, dayanacaqlar Avropada istehsal olunduğundan hündürboylu adamlar üçün nəzərdə tutulub, yəqin ona görə belədir: “Düzdür, boyu nisbətən qısa olan adamların ayağı yerə dəymir. Amma burada elə bir problem olmamalıdır. Mütləq deyil ki, ayaq yerə dəyə”.
Çıxarılan dayanacaqların taleyi naməlumdur
Əvvəlcə sökülən dayanacaqların bölgələrə və s. göndəriləcəyini düşünsək də, Nəqliyyat Nazirliyinin rəsmisi bir daha xatırlatdı kı, onlar yalnız istifadəyə yararsız dayanacaqları yeniləri ilə əvəzləyirlər. Onu da bildirək ki, Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin müdiri Sədrəddin Məmmədova bildirmişdi ki, Bakıda yeni 664 dayanacağın quraşdırılması nəzərdə tutulub ki, bunlardan artıq 490-ı quraşdırılıb. Belə nəticəyə gəlmək olar ki, cəmi 3 il bundan əvvəl quraşdırılan 664 dayanacaq istifadəyə yararsız kimi qələmə verilib. Halbuki, müşahidələrimiz həmin dayanacaqların saz vəziyyətdə olduğunu göstərirdi. Bəlkə də biz səhv edirik. Yanılmayan bir Allah...
Yeni dayanacaqların bizə neçəyə başa gəlməsi ilə maraqlanmağa çalışdıq. Çünki , KİV-də yazılanlara görə, hələ 2008-ci ildə bu işlərə 5 milyon manat vəsait xərclənib. Bu hesabla, əgər Bakıda 500 ədəd dayanacaq quraşdırılmışdısa, deməli, hər bir dayanacağın quraşdırılması 10 min manata başa gəlib.
Dayanacaqların haradan, neçəyə gətirildiyini və digər məsələləri öyrənmək üçün dayanacaqların yerlərdə quraşdırılması ilə məşğul olan Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Komunal Departamentinin şöbə müdiri Akif Hacıyevə müraciət etdik. Həmsöhbətimiz bildirdi ki, yeni dayanacaqlar şəhərin estetik gözəlliyini dəyişmək, daha da mükəmməlləşdirmək, Bakıya təşrif buyran qonaqların zövqünü oxşamaq məqsədi ilə gətirilib.
“Hələlik əsasən şəhərin mərkəzi ərazilərində quraşdırırıq. Bu, bir növ sınaq xarakteri daşıyır. Dayanacaqları biz quraşdırsaq da onun harada yerləşəcəyi yeri Nəqliyyat Nazirliyi təyin edir. Əvvəlki dayanacaqlar Türkiyədən gətirilirdisə, indikilər Fransa istehsalıdır”, deyə A. Hacıyev qeyd etdi.
A.Hacıyev istehsalçı ölkənin adını desə də maliyyə məbləği və istehsalçı şirkətin adını demədi. Bildirdi ki, bunun üçün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun iazəsi olmalıdır, ya da sorğu əsasında onlar bunu cavablandıra bilərlər.
Onu da bildirək ki, bu işlərin dövlət büdcəsi hesabına maliyyələşdirilir və bu səbəbdən bu barədə əhaliyə məlumat verilməlidir. Amma nədənsə verilmir. Görünür, hansısa qaranlıq və yaxud çəkinəcək məqam var ki, məbləğ açıqlanmır...
Şöbə müdiri oruracaqların hündür olmasını etiraf edərək bildirdi ki, bununla bağlı rəhbərliyə məlumat veriləcək: “Həqiqətən də düz deyirsiniz, oturacaqlar hündür yerləşdirilib. Bu barədə rəhbərliyə məlumat verəcəyik. Yəqin ki, belə qalmaz, bir yol tapmaq lazımdır”.
Yeni dayanacaqların quraşdırılmasına baxmayaraq, sökülən plitələrin və səkilər bərpa olunmadığını bildirdikdə isə həmsöhbətimizi dedi ki, səbəb işçi qıtlığıdır: “Bildiyiniz kimi, ayın 15-i orta məktəblərdə dərs başlayır. Bu səbəbdən bəzi məktəblərin təcili təmir olunması üçün dayanacaqların quraşdırılması ilə məşğul olan işçi heyətimiz məktəblərin ixtiyarına verilib. İnşallah, məktəblərdə iş qurtardıqdan sonra yenidən dayanacaqlarla iş başlayacaq. O zaman xoşagəlməz halları aradan qaldıracağıq”.
“Azad İqtisadiyyata Yardım” İctimai Birliyinin rəhbəri, ekspert Zöhrab İsmayıl isə yeni quraşdırılan dayanacaqların heç də bütün standartlara cavab vermədiyini deyir. Ekspert də əvvəlki dayanacaqlarla yeniləri arasında fərq görmür:
"İki il əvvəl şüşəli dayanacaqlar quraşdırılmışdı. Monitorları onlara da quraşdırmaq olardı. Yenilərindən xəbərim yoxdur, amma bildiyimə görə, əvvəlkilərin biri 10 min manat civarında olub. Təzələri hər halda daha baha olar. Köhnələri də 5-6 nəfərlik idi, indiki də elədir, eyni zamanda oturacaqlar da yerdən hündürdür. Deməzdim əvvəlkilərlə eynidir, hətta onlardan da geri qalır. Sadəcə uzaqdan görünüşü cəzbedicidir, vəssalam. Görünür, kimsə yeni dayanacaq tapıb, gətirib quraşdırır. Və büdcənin pullar silinir. Hansısa bir texnologiyanı tətbiq etmək o demək deyil ki, köhnəni çıxarıb atmaq lazımdır”.
Nə isə... fikrimizcə, artıq sözə ehtiyac yoxdur. Aşağıdakı I şəkil köhnə, II şəkil isə yeni dayanacağın şəklidir. Özünüz müqayisə edin.

Taleh Bağırov
|