18 il əvvəl avqustun 31-də Azərbaycanın qədim insan məskənlərindən biri olan Qubadlı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu gün rayonun 94 kəndi, 74 təhsil, 86 səhiyyə, 108 mədəni-maarif, 6 sənaye müəssisəsi, 18 dəyirman, 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyi işğalçılar tərəfindən tamamilə dağıdılmış və talan edilib. İşğaldan sonra rayonun əhalisi əsasən Bakı və Sumqayıt şəhərlərində, ümumilikdə respublikanın 42 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Hazırda rayonun 36 təhsil, 3 səhiyyə, 5 mədəniyyət müəssisəsi, 25 idarə və təşkilatı fəaliyyət göstərir.
Müharibə nəticəsində rayonun 238 sakini, o cümlədən 40 qadın, 4 uşaq şəhid olub, 211 nəfər əlilə çevrilib. Doqquz nəfər Qubadlı sakininə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Qubadlı Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə rayon ictimaiyyətinin nümayəndələri işğalın ildönümü günü – avqustun 31-də Sumqayıtın Şəhidlər xiyabanına gələrək “Əbədi məşəl”in önünə əklil qoyub, Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş mərd oğulların məzarları üstünə güllər düzüblər. Bu xiyabanda 33 qubadlılı şəhid də uyuyur. Şəhidlərin ruhuna dualar oxunub.
Anma mərasimində Prezident Administrasiyasının məsul işçisi Rövşən Ağayev, Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və İctimai Birliyin idarə heyətinin üzvləri iştirak ediblər.
Ümumi bilgi: Qubadlı Azərbaycan Respublikasının cənub qərbində yerləşir. Dağlıq və dağətəyi rayondur. Ən hündür yeri Torağac yüksəkliyidir. (Dəniz səviyyəsindən 2003 metr yüksəklikdədir). İqlimi mülayim kontinentaldır. Ərazisindən daim axarlı Həkəri və Bərgüşad cayları keçir. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Əhalisi azərbaycanlılardan ibarətdir. 93 kənddə və rayon mərkəzi olan Qubadlı şəhərində məskunlaşmışdır.
Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Dağlıq və dağətəyi, meşələrlə əhatə olunmuş ərazilərdə də kəndlər vardır.
Qubadlı kənd təsərrüfatı rayonudur. Burada işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları istehsal edilir, heyvandarlıqla məşğul olunurdu. Son illər sənaye sahələri də rayonun iqtisadiyyatında yer tutmağa başlamışdı.
Qubadlı qədim insan məskənlərindəndir. Bu ərazi arxeoloji cəhətdən kifayət qədər öyrənilməsə də buradakı təbii mağaralarda, sığınacaqlarda insan əlinin fəaliyyətinin izləri qalmaqdadır. Keçilməz qayalar, sərt sıldırımlar üzərində ucaldılan müdafiə istehkamları və keşikci qalalarının qalıqları müasir dövrə qədər gəlib çatmışdır.
Qədim pirlər, ibadətgahlar bu yerlərdə hələ islamdan çox-çox qabaq daimi məskunlaşma yerlərinin mövcudluğunu göstərir. Bunu həm də tarixi bilinməyən qədim qəbristanlıqlar, ayrı-ayrı yaşayış məskənləri yaxınlığından tapılmış maddi məişət nümunələri, əmək alətləri də təsdiq edir. Tapılmış maddi mədəniyyət nümunələri bu yerlərdə qədimdən əkinçilik və heyvandarlıqla məşğul olunduğunu göstərir.
Qubadlı şəhəri ərazisində aşkar olunmuş «Xırman yeri», Əliquluuşağı kəndində aşkar olunmuş «Qalaca», «Koroğlu qalası», Muradxanlı kəndi ərazisində «Mal təpə» abidələri mütəxəssislər tərəfindən son tunc, ilk dəmir dövrünə aid edilir.
Saray, Poladlı, Xocamsaxlı, Çardaxlı kəndləri ərazisində keçilməz sıldırım qayalar üzərində son dövrə qədər qalan istehkam-qalaçalar ayrı-ayrılıqda VII-IX əsrlərə aid edilsə də, əslində bu istehkam qalaçalar b. e. ə. I yuzillikdə Atropatena və Albaniya dövlətlərini ayıran sərhəd boyunca vahid keşikçi-gözətçi məntəqələri sisteminin tərkib hissəsidir.
Ötən əsrdə Qubadlı dəfələrlə Erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalmışdır (1915, 1918, 1920). Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılmış, dinc əhaliyə divan tutulmuşdur. Bununla belə bütün çətinliklərə və əzab-əziyyətlərə baxmayaraq hər dəfə işğalçı erməni qoşunları torpaqlarımızdan qovulmuşdur.
1988-ci ildən başlayaraq Ermənistanla (120 km) və Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətiylə (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən ermənilərin təcavüzkar hücumları başlanmış, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilmişdir.
1993-cü il avqust ayının sonunadək davam edən 5 illik müharibə zamanı Qubadlı rayonundan 238 nəfər şəhid olmuşdur. Onlardan 9 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqust ayının 30-31-də Ermənistan təcavüzkar qüvvələrinin işğalına məruz qalmışdır. Erməni işğalı nəticəsində 30 min nəfərdən artıq Qubadlı sakini yurd-yuvalarından didərgin düşmüş, respublikanın 2 şəhər və rayonunda məcburi köçkün kimi məskunlaşmışdır.
Rayonun 1,2 milyard ABŞ dolları dəyərində (1993-cu ilin qiymətləri ilə) şəxsi və ictimai mülkiyyəti erməni işğalçıları tərəfindən talan və məhv edilmişdir.
Qubadlı Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər vermişdir. Azərbaycanın xalq qəhrəmanlarından ikisi – Qaçaq Nəbi və Həcər Qubadlı rayonundandır.
Son əsrdə Azərbaycan elminə, hərb sənətinə, ədəbiyyatına samballı töhfə vermiş, yüksək ad-san qazanmış akademik Möhbalı Əmiraslanov, General Valeh Bərşadlı, Sosialist Əməyi Qəhrəmanı, xalq yazıcısı Süleyman Rəhimov Qubadlı torpağının yetirmələridir.
Ümumiyyətlə, əslən Qubadlıdan olan 2 nəfər akademik, 24 elmlər doktoru, 4 general, 6 Sosialist Əməyi Qəhrəmanı vardır.
Azərbaycanın mədəni həyatında müəyyən yer qazanan ziyalıların yetişməsində hələ XIX əsrdən Qubadlıda açılan dünyəvi məktəbin böyük rolu olmuşdur. El arasında Həsən bəyin məktəbi adlandırılan 2 sinifli rus-tatar məktəbi Qubadlıda 1882-ci ildə acılmışdır. (Həsən bəy əslən Qubadlıdandır, cavan yaşlarında dünyasını dəyişib).
Televiziya, radio, qəzet və digər kütləvi informasiya vasitələri: İşğaldan əvvəl rayonda kəndləri də əhatə edən mərkəzləşmiş yerli radio qovşağı vardı. Rayon qəzeti «Bərgüşad» nəşr olunurdu. Qəzetin ayrıca mətbəəsi fəaliyyət gostərirdi. Azərbaycan televiziyası ötürücü stansiyaları şəbəkəsinə daxil olan bir ötürücü stansiya mövcud idi.
Qeyd: «Bərgüşad» qəzetin fəaliyyəti 2004-cü ildən bərpa olunmuşdur. Redaksiya Sumqayıt şəhərində yerləşir. Qəzetin səhifələrində ölkədə gedən quruculuq işləri, məcburi köçkünlərin həyatı, sosial-məişət qayğıları və digər məsələlər vaxtaşırı işıqlandırılır.
Avtomobil və dəmir yolları: Rayon ərazisindən keçən dəmir yolu olmamışdır. Qubadlı ərazisində 151 km dövlət yolu vardır. Bunlar Həkəri-Laçın, Zəngilan-Qubadlı, Xanlıq-Qubadlı, Qubadlı-Gorus yollarıdır. Bu yollar 3-cü və 4-cü kateqoriyalı yollara aiddir.
Emin Nəsirli