|
Baş ağrılarının bir çox səbəbləri vardır. Baş ağrısına səbəb olan faktorların ən əsası stressdir. Ailə həyatındakı və işdəki çətinliklər, iş mühitindəki səs-küy stressi yarada bilər.
Stressdən qaynaqlanan baş ağrıları, boyun, çiyinlər və başa təsir edir. Çiyin və boyun əzələlərində əmələ gələn ağrılar birbaşa olaraq baş bölgəsinə təsir edir. Bunun üçün özünüzü stressli hiss etmənizə gətirib çıxaran səbəbləri və bunlara qarşı nələr edə biləcəyinizi nəzərdən keçirməlisiniz. Məsələn, yaxşı bir masaj təsirli ola bilər. Əgər masaj edə bilmirsinizsə, səssiz və xoş mühitdə bir neçə dəqiqə uzanın və heç bir şey düşünməməyə çalışın. Bütün bunlarla yanaşı çox yüngül bir ağrıkəsici, ya da aspirin qəbul edə bilərsiniz.
Baş ağrılarından hərdənbir şikayətlənənlərin qidalanmasına diqqət yetirilməlidir. Məsələn, az-az tez-tez yemək, əgər varsa allergik olduğunuz qidalardan uzaq dayanmaq, görülən sadə tədbirlərdir.
Baş ağrısının əsas səbəbləri:
- Bədəndəki infeksiyalar
- Dövri problemləri
- İzdihamlı məkanlar və səs-küy
- Qan şəkərinin aşağı olması
- Nizamsız yuxu
- Allergiya
- Həddindən artıq kədər, stress, sinir pozğunluğu
Həkimə müraciət etmənizi tələb edəcək vəziyyətlər:
- Qol və ayaqlarda zəiflik, qusma, cüt görmə, danışıq pozuqluğu və ya udma çətinliyi ilə birlikdə şiddətli başağrısı varsa.
- Birdən-birə, ortada hər hansı bir səbəb olmadan, gecə sizi yuxudan oyandıra biləcək qədər şiddətli ağrı.
- Baş yaralanmasından sonra yaranan yaddaş çatışmazlığı, baş gicəllənməsi, ürəkbulanması, qusma və baş ağrısı varsa.
- Hərarətin yüksəkliyi, gözlərdə qamaşma, bulanma və boyun ağrıları ilə birlikdə şiddətli baş ağrısı varsa.
- Səhər oyandıqda başınızın arxasında hiss etdiyiniz və bütün gün dayanmayan döyünmə.
- Yaddaş, danışıq və görmədə müxtəlif problemlər doğuran ağrılar.
- Bədənin tarazlığını itirməsi ilə birlikdə görünən ağrılar.
Bu saydığımız hallarda ciddi bir problemlə qarşı-qarşıya olma ehtimalınız yüksəkdir. Şübhəsiz mütəxəssisə müraciət etməlisiniz.
Miqren - başın bir (nadir hallarda hər iki) hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlik. Bu halda başda hər hansı travma, insult, beyin şişi olmur. Miqren zamanı baş ağrıları arterial təzyiqin artması və ya kəskin azalması, qlaukoma tutmaları və ya kəllədaxili təzyiqin artması ilə əlaqədar deyil.
Baş ağrıları arasında miqren çox əhəmiyyətlidir. Hormonal faktorların da təsiriylə, ən çox qadınlarda müşahidə olunan miqrenə gətirib çıxaran bir çox səbəb vardır. İsti nəmli mühitlər, oksigen çatışmazlığı olan yerlər, parlaq işıq, həddindən artıq səs-küy, iti qoxular, həddindən artıq siqaret çəkilməsi, spirtli içki, aclıq, damarda genişlənməyə səbəb olan dərmanlar, dondurulmuş yeməklərdəki qatqı maddələri, ağır yağlı yeməklər, çoxlu şokolad və çərəz qəbul edilməsi, acı souslar, pendir, sitrus bitkiləri, kafeyinli yeməklər və içkilər, yuxusuzluq, ya da tam tərsi, həddindən artıq yuxu.
Miqren başın bir yarısında hiss edilən ağrı ilə başlayır, sonra başın hamısına, əsas da gözə təsir edir. Miqrenden şikayətlənənlərin, bu narahatlıqla əlaqədar söylədikləri ümumiyyətlə fərqli-fərqlidir. Lakin miqren xəstələrinin çoxu işıqdan və səsdən narahat olurlar. Bulanma, qusma, mədə şikayətləri də tez-tez müşahidə olunan narahatlıqlardandır. Miqreni tutan bir xəstənin qaranlıq və səssiz bir yerdə olması ehtiyacı olduğunu qeyd edən mütəxəssislər, xəstənin belə bir mühitdə bir müddət yatmasıyla, ağrılarının keçə biləcəyini və ya heç olmasa yüngülləşə biləcəyini söyləyirlər.
Miqreni olan insanın, narahatlığını yaradan səbəbləri asanlaşdıran faktorlardan uzaq dayanmalıdır. Həmçinin, həkim tövsiyələri istiqamətində dərman müalicəsinə başlamalıdır. Görülən tədbirlər və həkim idarəsində tətbiq olunan müalicə nəticəsində, ümumiyyətlə dörd, ya da beş aydan sonra diqqətə çarpacaq irəliləyiş müşahidə olunacaq.
Mütəxəssislərin ortaq fikir nəticəsində məlum olub ki, miqren, ümumiyyətlə çox vasvası, təmizlik xəstəsi insanlar arasında məşhurdur. Xəstələrin çoxunun ailəsində miqrenli birinə rast gəlinməsi, narahatlığın genetik xüsusiyyət ehtimalını da yüksəldir. Miqreni olan xəstə mütləq həkim tərəfindən nəzarət və müalicə olunmalıdır. Həmçinin bütün baş ağrılarını miqrenə bağlamaq, başqa əhəmiyyətli narahatlıqların gözdən qaçmasına da yol aça bilər.
Nərgiz Kazımlı
|