“Orphan” filminə baxmayın. Heç məsləhət də görmürəm. Avropa və qərb dünyası özünü tanıyandan “uşaq hüquqları” deyə aləmə fəryad edir. Amma həmin avropadır ki, bir film çəkməklə, övladlığa valideyn himayəsindən məhrum olmuş uşaqları götürmək məhəbbəti olan insanlarda bu istəyə qarşı nifrət hissi yaradır. Bu filmə baxmamağınızda israrlı olduğum qədər, baxmağınızı da istəyirəm. Qərbin təzadlı siyasətinin şahidi olmağınızı istəyirəm...
“Orphan” bir filmdir. Hər hansısa bir ssenarisitin, rejisorun şəxsi təxəyyülüdür. “Somali” filmi isə acı gerçəkdir. Rejisor təxəyüllü deyil. Həmişə bu sual məni düşündürüb, görəsən nədəndir ki ölkəmizdə daun sindromlu uşaqların rəngi rəngdən seçməsinə, bir addım irəli ata bilməsinə minlər, milyonlarla pul ayıran qərb, Afrikadakı kütləvi uşaq təlafatına biganəlik göstərir?! Axı bütün dünyanın uşaqları eyni dildə ağlayır. Bütün dünyanın uşaqları eyni qayğı gözləyir. Somalili balaları 2-ci dünya ölkələrindəki uşaqlardan nə fərqləndirir?! Dərilərinin rəngi?! Axı, BMT irqi fərqliliyə hörmət edir?! Siyasi hökümətləri?! Axı, həmin BMT-dir ki, valideynlərinin siyasi mənsubiyyətinə görə heç bir uşağı fərqləndirmir. Mədəniyyət və din fərqliliyi?! Əsla, BMT dinindən, mədəniyyətindən aslı olmayaraq hər bir uşağın aclıqdan, müharibədən, ən həyati əhəmiyyətli risklərdən qorumağı söz verib. BMT, yəni birləşmiş millətlərin dövlətlərindən yaranan bir təşkilat ki, mərkəzi ofisi “Azadlıq” heykəlinin çox da uzaqlığında deyil...
Almaniyada olanda bu ölkədə valideynlik məktəbinin nə qədər güclü olduğunun şahidi oldum. Heç bir valideyn uşağı bir an belə qayğısız qoya bilməz. Əks halda həmən an valideyn ya valideynlik hüququndan məhrum olar, ya da valideynlik bacarıqları zəif valideyn kimi məcburi kurslara cəlb olunar. Avropa qanunları sanki uşaqların təhlükəsizlikləri naminə işləyir. Bu qanunlar uşaqları nəinki kənar təsirlərdən, hətta valideynlərdən də qoruyur. Üzümü çevirirəm avropadan cənuba, şimalı Afrika səhralıqlarına. Somalidə uşaqların aclıq fəryadı bütün dünyanı cənginə alıb. Yoxsulluq və fəqirlik öz ərşinə çatıb. Amma, uşaq hüquqları barəsində Avropa Konvensiyaları bu fəryad qarşısında susur. 3-cü dünya uşaqlarına bu qədər laqeydlik?!
Biz? Biz 100 min manatla kifayətləndik. Ən aşağı vəzifəli bir nazir balasının sürdüyü bir maşının pulu qədər Somali körpələrinə əl uzatdıq. O uşaqlara ki, hər saatda bir uşaq ağlaya-ağlaya dünyasını dəyişir. Allah bu 100 minə bərəkət versin deyərdim, ancaq yadıma düşür ki, Allah Somali uşaqlarının “göz yaşları”ndadır. Bizim o göz yaşlarımıza verdiyimiz bir "inamarka" avtomobil dəyəri oldu. “Ana, nə olar, bu yeməyi ki mənə verirsən, onu Somali uşaqlarına göndərək” - deyən bir azərbaycanlı uşaq qədər də ola bilmədik. Ramazan ayının fəqirlərə əl tutmaq ayı olduğunu belə düşünmədik. İftarınızı açanda çevirin türk kanallarına, baxın Somali uşaqlarının aclıq səhnələrinə, görəsən kimin boğazından bu dua ilə su bir araya gəlib keçəcək: “İlahi, bütün fəqirləri doydur”.
Somali anaları isə hələ də fəryad edir. Hardadır İslam aləmi? Hardadır BMT? Hardadır insanlığın vicdanı?
P.S MƏN BURDAYAM...
Cavid İmamoğlu