|
Artıq ali məktəblərin tələbə kontingenti müəyyənləşib. Özəl ali məktəblərdə təhsil alacaq və dövlət ali təhsil müəssisələrinin ödənişli fakültələrinə düşmüş tələbələr indidən təhsil haqlarını köçürməlidirlər ki, dərslər başlayanda əllərinə tələbə biletlərini alıb universitetə gedə bilsinlər. Amma ötən illərlə müqayisədə xüsusilə özəl ali məktəblərdə təhsil haqları azaldılmadığından təhsil haqqını ödəmək tələbələr üçün elə də asan olmayacaq.
Səbəb isə ölkəmizdəki özəl ali məktəblərdə təhsil haqqının artan xətt üzrə inkişaf etməsidir.
keyfiyyət aşağı, qiymət baha
«Təhsil Şurası» İctimai Birliyinin sədri Əjdər Ağayev də deyir ki, ölkədə təhsil haqları verilən təhsilin keyfiyyəti ilə uyğunluq təşkil etmir: «Bu gün tələbələrin təhsil haqlarının bahalığından gileylənməyə haqları var. Çünki təhsil haqları verilən təhsilə çəkilən xərcdən dəfələrlə artıqdır. Bu gün hansı universitet rəhbərindən soruşsan ki, təhsil haqqını nəyə əsasən müəyyənləşdirir, deyəcək ki, verilən təhsilə çəkdiyim xərcə görə müəyyən edirəm. Amma əslində reallıq tamamilə fərqlidir. Xüsusilə özəl universitetlər verdikləri təhsilə öz istədikləri qiyməti qoyur. Buna səbəb isə özəl universitetlərə bu məsələdə müstəqilliyin verilməsidir. Təhsil haqqını müəyyən etməkdə müstəqil olan universitetlər qiymətləri necə istəsələr, eləcə də qoyurlar. Halbuki, onların müəyyən etdiyi qiymət verdikləri təhsilə nisbətdə çox bahadır».
Ə.Ağayevin sözlərinə görə, ali məktəbdə təhsil haqqı bahadırsa, mütləq orada tələbələrə verilən təhsilin keyfiyyəti də yüksək olmalıdır: «Bu gün özəl universitetlərin verdikləri təhsil qoyduqları qiymətlərə nisbətən çox aşağıdır. Hazırki təhsil haqqı ilə özəl universitetlər xaricdən alim dəvət etməli, tələbələrin təcrübəsi üçün səfərlər təşkil etməlidirlər. Amma bunların heç birini təşkil etməyə-etməyə, tələbələrdən yüksək məbləğdə təhsil haqqı tələb edirlər».
«təhsil haqqı hesabına maşın, villa alırlar»
Birlik sədri deyir ki, bu gün özəl ali məktəblər tələbələrdən yalnız onlara verdikləri təhsilin haqqını almır. Tələbənin ödədiyi təhsil haqqı ilə öz şəxsi ehtiyaclarını da qarşılayırlar: «Özəl universitet rəhbərləri müəyyən etdikləri təhsil haqlarının hesabına özlərinə xarici maşın, villa alırlar. Nəticədə, təhsil haqları təhsilin keyfiyyəti ilə tərs mütənasiblik təşkil edir. Özəl ali təhsil ocaqlarının işlətdikləri müəllimə ödədiyi əməkhaqqı da çox aşağıdır. Bu zaman sual olunur ki, onlar tələbədən aldıqları təhsil haqqını nəyə xərcləyirlər?».
QHT nümayəndəsi ölkədə təhsil haqlarının xarici ölkələrin təcrübəsinə əsaslanaraq müəyyən etməyin də əleyhinədir. Çünki ekspert xarici ölkələrin ali məktəblərində tələbələrin təhsil haqqını ödəmələrinə geniş imkanlar yaradıldığını söylədi. Onun sözlərinə görə, dünyanın nüfuzlu universitetlərində təhsil haqqı bizdəkindən 10 dəfə yüksək olsa belə, tələbə həmin məbləğin əlində aciz qalmır: «Nüfuzlu ali məktəblərdə təhsil alan tələbələrin təhsil haqqını əksər vaxt onlar özləri yox, hər hansı bir şirkət ödəyir. Çünki müxtəlif şirkətlər həmin universitetlərin məzunu olacaq tələbənin yüksək səviyyəli mütəxəssis olacağına tam əmindirlər. Ona görə də, belə iri korporasiyalar gələcək işçilərini elə ali məktəbdən seçərək onun təhsil haqqını ödəyir. Təhsil müəssisəsi isə tələbədən aldığı təhsil haqqını onlara verilən təhsilin səviyyəsinin artırılmasına xərcləyir».
Bundan əlavə, ekspert xarici ölkələrdə özəl universitetlərin əksəriyyətinin sırf gəlir məqsədi ilə açılmadığını, həmin təhsil müəssisəsini açan şəxsin oradan çox cüzi qazanc götürdüynü bildirdi: «Bizdə özəl təhsil müəssisələri yaradan insanlar əvvəldən oradan götürəcəkləri qazanclarını hesablayırlar. Təhsilin və ölkənin inkişafı onları düşündürmədiyindən, təhsil haqlarını istədikləri kimi müəyyənləşdirirlər».
nəzarət olmalıdır
Ona görə də Ə.Ağayev özəl universitetlərin təhsil haqlarını necə müəyyənləşdirməsinə dövlətin nəzarət etməsini vacib sayır: «Dövlət ali təhsil müəssisələrində ödənişli fakültələrə təhsil haqqı müəyyənləşdirilərkən, həmin universitet bunun nəyə görə həmin qiymətə gəlib çıxdığını əsaslandırır. Bundan sonra isə Tarif Şurası həmin əsaslandırmanı analiz edir. Əgər təhsil haqqında süni şişirdilmə varsa, şura həmin qiymətlərlə razılaşmır. Özəl ali təhsil müəssisələri isə təhsil haqlarını müəyyən edəndə heç bir qurumla razılaşdırmır. Ona görə də təhsil haqları «ceyranın belinə» qalxır.
Mənim fikrimcə, özəl ali təhsil ocaqlarının da təhsil haqlarını necə müəyyənləşdirdiyi araşdırılmalıdır. Təhsil haqları süni şişirdilibsə, qiymətlər aşağı salınmalıdır».
qiymət aşağıdır
Ölkədəki özəl ali təhsil ocaqlarının rəhbərləri isə Azərbaycanda təhsil haqqının verilən təhsilə nisbətdə çox aşağı olduğunu düşünürlər. «Odlar Yurdu» Universitetinin rektoru Əhməd Vəliyev deyir ki, bu gün onlar tələbədən təhsil haqqına çəkdikləri xərcin pulunu ancaq alırlar: «Biz tələbədən təhsil üçün xərclədiyimiz pulu alsaq, gərək təhsil haqqı 50 min manata qalxa. Amma camaatın maddi vəziyyətini nəzərə alıb, qiyməti aşağı müəyyənləşdirmişik.
Əslində universitetə neçə tələbə qəbul olunmasından, həmin tələbələrə dərs deyəcək müəllimlərə nə qədər maaş verilməsindən tutmuş ali məktəbin yeni avadanlıqlarla təchiz olunması, kitabxananın zənginləşdirilməsinə qədər bütün xərclər nəzərə alındıqdan sonra adambaşına düşən təhsil haqqı müəyyən edilməlidir. Bazar iqtisadiyyatı şəraitində təhsil haqqının dövlət tərəfindən tənzimlənməsi, yuxarı qiymət həddi müəyyən etmək cəhdi absurddur. Kim təhsil haqqını nə qədər istəsə, artıra bilər – təki həmin pula uyğun nüfuzu olsun, ona uyğun təhsil verə bilsin. Xaricdə illik təhsil haqqı 50 min funt olan ali məktəblər var. Amma dövlət həmin təhsil ocaqlarının qoyduqları qiymətə müdaxilə eləmir».
rəqabət yaranmalıdır
Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin Təhsil Siyasəti üzrə layihə koordinatoru Nailə İsmayılova da təhsil haqqının tələbəyə verilən təhsilin keyfiyyətini əks etdirməli olduğunu düşünür. N.İsmayılova deyir ki, təhsil haqqını xarici ölkələrlə müqayisə edib müəyyənləşdirmək düzgün deyil. Çünki xarici ölkələrdə tələbənin özəl ali təhsil ocağında belə pulsuz təhsil almaq imkanı var. Ona görə ki, həmin təhsil ocağı keyfiyyətli kadr hazırladığına görə ictimaiyyətin və müxtəlif şirkətlərin inamını qazanıb».
N.İsmayılova təhsil haqqının aşağı salınması üçün rəqabət mühitinin yaranmasının vacib olduğunu da söylədi. Onun sözlərinə görə, özəl təhsil müəssisələrinə tam sərbəstlik verilməlidir ki, onlar arasında rəqabət yaransın, inkişaf getsin və təhsil haqları rəqabət şəraitində formalaşsın.
qiyməti aşağı salmalıdırlar
Dövlət ali təhsil məktəblərinə gəlincə, ekspertlər təhsil haqlarını aşağı salmaq imkanı olduğunu deyirlər. Ə.Ağayevin fikrincə, dövlət ali təhsil ocaqları bina, metodik vəsait və sairə çox pul xərcləmir. Ona görə də, dövlətin universitetlərində ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqları aşağı salına bilər: «Dövlət ali məktəblərində maddi texniki bazanın yaradılmasına və dərs vəsaitlərinin alınmasına pul xərclənilmədiyi halda, təhsil haqqına yüksək qiymət qoymaq düzgün deyil. Ona görə də dövlət ali təhsil müəssisələri təhsil haqqını müəyyənləşdirmək üçün Tarif Şurasına təklif verəndə, bu məsələlər diqqətdə saxlanılmalıdır.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə dövlət ali təhsil müəssisələrində təhsil haqqının şişirdilmədiyini bildirdi. Onun sözlərinə görə, ödənişli əsaslarla təhsil alan tələbələrin çoxu məcburi köçkün olduqlarından, təhil haqqından azaddırlar.
Zülfiyyə QULİYEVA/Mərkəz
|