Dövlət Film Fondu görkəmli Azərbaycan yazıçısı İlyas Əfəndiyevin "Valeh və Sarıköynəyin nağılı" povesti əsasında çəkilmiş "Bircəciyim" bədii filmini bərpa etmişdir.
11-08-2011 / 11:06
Fonddan FaktXeber.com-a verilən məlumata görə, “Bircəciyim” filmi 1986-cı ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin rejissoru Ənvər Əbluc, operatoru Kənan Məmmədovdur. Rollarda Həsən Məmmədov, Hamlet Xanızadə, Amaliya Pənahova, Ramiz Məlikov və Mehriban Xanlarova çəkiliblər.
Film rus dilindədir və texniki baxımdan yaxşı vəziyyətdə olmadığı üçün indiyədək nümayiş etdirilməyib. Artıq bərpa edilərək Azərbaycan dilinə dublyaj olunan filmin tezliklə AzTV-də ilk dəfə yayımlanması nəzərdə tutulur.
Filmdə cəmiyyətimizin mənəvi həyatı ilə bağlı aktual məsələlərə toxunulur. Uşaq evində tərbiyə alıb boya-başa çatmış, həyatda ilk addımlarını atarkən gözlənilmədən dramatik vəziyyətə düşən iki sevən gəncin ülvi məhəbbət əhvalatı filmin mərkəzində durur. Burada dostluq, sədaqət, kollektivizm hissi kimi mənəvi dəyərlərdən söhbət gedir. Yalnız qarşılıqlı kömək, güzəştə getmək, ədalətin zəfər çalacağına qəti inam gənc qəhrəmanlara düşdükləri çətin vəziyyətdən birgə çıxış yolu axtarıb tapmağa kömək edir.
Gənclər tikintidə çalışırlar və qarşılarına çıxan çoxlu çətinlikləri ləyaqətlə aradan qaldırırlar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.