Müsəlmanların həyəcanla gözlədiyi, hətta dünyanın bütün inanclarının da hörmət bəslədiyi Ramazan ayına "xoş gəldin" deyərək məqaləmə giriş verirəm. Məsumlardan rəvayət olunan bir hədisdə belə deyilir: "Qonşusu ac ikən tox yatan bizdən deyil".
Niyə xatırlamaq istəmirik?! Niyə belə unutqan olmuşuq biz?! Görəsən neçə nəfərimiz xatırlayırıq bunu? Get-gedə cəmiyyətdə laqeydlik yaranırmı ?! Bəzən biz insanların ya dərrakəsi çatmır bəzi sualların cavabını verməyə ya da nə bilim?!..
İndi deyirsiz ki, niyə deyinirəm? Bütün bunlara aydınlıq gətirməyə çalışacam gələn sətirlərdə. Ramazan ayının demək olar ki, hər günü iftar süfrələrinə qonaqlar dəvət edir, özümüz də bir gün bir yaxınımızın evində qonaq oluruq. Deyib gülür, şənlənir, iftar süfrəsinin keyfini çıxarırıq...
Bütün bunlarla yanaşı həmin an xatırlaya bilmədiyimiz, amma əslində unutmamamalı olduğumuz həqiqətlər var: qonaqlıqdan çıxıb gələndə yolda dilənən azyaşlı uşaqlar, körpəsi qucağında, sədəqə almaq məqsədi ilə əli açıq qalıb, yuxuya getmiş analar, qapımıza sədəqə üçün gələn əllərin boş qaytarılmaması lazım olanlar, evinə 1 tikə çörək də ala bilməyənlər, iftar vaxtı olmasına baxmayaraq işləmək məcburiyyətində qalanlar, çox iş ilə evin dolanışığını təmin etməyə çalışanlar və s. Bu saydıqlarım yaxınımızda görmədiklərimizdir. Nümunələri çoxaltmaq da olar. Ən dəhşətlisi isə Afrika ölkələrində quraqlığa görə aclıqdan və susuzluqdan əziyyət çəkən insanları xatırlamamağımızdır. Bizim hər "xatırlamadığımız" gün Afrikanın artlq "Aclıq Bölgəsi" adlandırdıqları ərazidə 3.7 milyon insanın aclıqdan əziyyət çəkdiyi bildirilir. Təbii ki, Somaliyə yardım etmək fərdi məsələ olmaya bilər. Buna hökümət ən azı qonşu Türkiyə və İrandan nümunə götürərək Yardım Kampaniyası başladılmalıdır. Məncə buna kifayət qədər imkanımız da var... Amma hələ səbr edirik. Bizim hər səbr etdiyimiz gün isə Somalidə 320 azyaşlı uşaq dünyasını dəyişir, 90 gün ərzində 29 mindən çox azyaşlı uşaq aclıq və susuzluqdan, bir də bizim unutqanlığımızdan ölüb...
Düşünək! İftar vermək itəyiriksə, fərqli yer seçək. Orada heç iftar verilməmiş olsun. Həmişə eyni yerdə eyni kəslərlə iftar etmək yerinə, başqa-başqa insan və ya qonaqlarla, ən əsası bu iftar süfrəsinə ehtiyacı olanlarla iftar etmənin zövqü də bir başqa olar məncə.
Bir az da düşüncə sistemi, bir az da yumşaq xasiyyət! Bəlkə bir az da rəhimli olmaq, adını nə qoyursuzsa qoyun. Dünyanın bədən kimi böyük əmanət daşıdığı bir vaxtda qonşusunun aclığını düşünməyən cəmiyyət olmaq haqqımız əsla olmamalıdır, ola bilməz!!!
Rübab Allahverdiyeva