Rusiya prezidenti Dmitri Medvedyev 2008-ci ilin avqust hadisələri ərəfəsində “Exo Moskva” radiosuna, “Rossia Today” saytına və Qafqaz İnformasiya Kanalına geniş müsahibə verib. Medvedyev bu müsahibədə Gürcüstana hərbi müdaxilənin necə başladığı barədə maraqlı açıqlamalarla çıxış edib. Həmçinin onu da açıqlayıb ki, avqust hadisələri zamanı Ermənistan və Azərbaycan prezidentləri Soçidə onunla görüşərək baş verənlərdən dərs götürdüklərini deyiblər.
Rusiya prezidenti deyib ki, onun Mixail Saakaşvili ilə ilk görüşü 2008-ci ilin iyununda Sankt-Peterburqda olub və Gürcüstan prezidentinə deyib ki, ikitərəfli münasibətlərə dair yığılıb qalmış çoxsaylı problemləri həll etmək üçün danışıqlar aparmaq lazımdır.
Medvedyevin bildirdiyinə görə, Saakaşvili Cənubi Osetiya və Abxaziya məsələsinə dair danışıqlar aparmağa hazır olduğunu ifadə edib: “Biz qərara gəldik ki, müntəzəm ünsiyyətdə olaq. Sonuncu görüşümüz Astanada oldu. Razılaşdıq ki, oturub ciddi danışaq. Dedim ki, Soçiyə gəl, bütün problemlər barədə rahat şəkildə danışaq. O, razılaşdı, ancaq bir ay ərzində mən Saakaşvilidən bir xəbər ala bilmədim. Bu müddət ərzində okeanın o tayından Tiflisə emissarlar gəlməyə başladı. Mənim üçün aydın məqam dövlət katibi Kondoliza Raysın səfəri oldu. Çünki bu səfərdən sonra mənim gürcü həmkarım əlaqəni kəsdi, telefon rabitəsinə çıxmadı, zəngləri dayandırdı. Görünür, onun yeni planları meydana çıxmışdı”.
Bununla belə Medvedyev deyib ki, o, Birləşmiş Ştatların Gürcüstan prezidentini Cənubi Osetiyaya müdaxiləyə sövq etdiyini düşünmür. Çünki ABŞ böyük ölkədir və praqmatik siyasətçilər tərəfindən idarə olunur, ancaq siyasətdə nüansları nəzərə almaq lazımdır. Medvedyev hələ Rusiya Prezident Administrasiyasının rəhbəri olarkən Vaşinqtona etdiyi səfərdən bir epizod danışıb: “Ağ Evə getdim və həmin Kondi (K.Rays-red.), habelə prezident aparatının rəhbəri ilə görüşdüm. İçəri prezident Corc Buş daxil oldu. Salamlaşdıq. Mənə birinci sözü bu oldu: ”Bəs o Mişa Saakaşvili yaxşı oğlandırmı?". Mən dedim ki, cənab prezident, onu tanımıram, ola bilsin tanış olarıq. Təəssüf ki, onun sözləri pis mənada peyğəmbərcəsinə oldu. Təkrar edirəm ki, bu, mənim Buşdan eşitdiyim birinci fraza idi".
Medvedyevin sözlərinə görə, görünür, Saakaşvili hesab edib ki, Cənubi Osetiyaya qarşı əməliyyata başlasa, amerikalılar ona dəstək verəcək, müharibəyə qoşulacaq və ruslara qarşı döyüşəcəklər. Rusiya prezidentinin dediyinə görə, Gürcüstana müdaxilə qərarını o, şəxsən özü verib və baş nazir Putinlə ancaq bir sutka sonra əlaqə yaradıb.
Rusiya prezidenti bildirib ki, gürcü qoşunlarının Cənubi Osetiyaya həmləsi barədə ona müdafiə naziri xəbər verib: “O vaxt Pekin olimpiadası ilə bağlı hamı istirahətdə idi. Mən də məzuniyyət götürmüşdüm və Volqada gəmi ilə üzürdüm. Müdafiə naziri gecə yarısı zəng edib məlumat verdi ki, Gürcüstan hücuma başlayıb. Mən əvvəl inanmadım, dedim bu necə ola bilər. Doğrudanmı Saakaşvili ağlını itirib? Bəlkə hansısa təxribat baş verir və yaxud gürcülər Cənubi Osetiyaya nəsə güc nümayiş etdirmək istəyirlər. Müdafiə naziri bir saat sonra yeni informasiyanı çatdıraraq məlumat verdi ki, artıq gürcülər Cənubi Osetiyaya ”Qrad"lardan atəş açırlar, rus sülhməramlılarının çadırı da darmadağın olub, həlak olanlar var. Mən əmr etdim ki, cavab atəşi açılsın".
Medvedyevin dediyinə görə, baş nazir Putin Pekin olimpiadasından ertəsi gün qayıdıb və onlar xüsusi rabitə ilə bir gün sonra əlaqə yaradıblar.
Rusiya prezidentinin sözlərinə görə, “Gürcüstanı sülhə məcbur etmə” əməliyyatı Ermənistan və Azərbaycan üçün də ciddi dərs oldu: “Həmin beş günlük müharibə gedəndə həm Ermənistan prezidenti Serj Sərkisyan, həm Azərbaycan prezidenti İlham Əliyev Soçiyə mənim yanıma gəldilər. Bilirsiniz onlar mənə nə dedilər? Dedilər ki, bu baş verənlər çox pis oldu, bunlar Qafqaz üçün ağır hadisələrdir. Mən də ”çox pis oldu" dedim. Onlar “Ancaq siz bilirsiniz, bunlar bizim üçün də müəyyən dərs oldu. Dağlıq Qarabağın taleyinin necə olacağına dair sonsuz danışıqlar aparmaq, təqdim olunmuş sülh müqaviləsində deyildiyi kimi, orada nə vaxtsa referendumun olub-olmayacağını müzakirə etmək beş gün müharibə aparmaqdan daha yaxşıdır. Bu, bizim üçün ciddi dərs oldu”, - dedilər".
Medvedyevin sözlərinə görə, əgər Saakaşvilinin bir az ağlı olsaydı, onunla da Soçidə bu cür görüşərdik, kompromislərə necə gəlməyin mümkünlüyü barədə müzakirələr aparardıq və nəticədə Gürcüstan indiki kimi parçalanmazdı.
“Ola bilsin biz heç vaxt razılığa gələ bilməzdik. Ola bilsin nəsə olardı, konfederasiya meydana çıxardı. Ancaq o, öz ölkəsini öz əli ilə götürüb parçaladı. Hesab edirəm ki, məhz bu məqam insanların yaddaşlarında qalıb və bu, ən mühüm olanıdır” - deyə Medvedyev bildirib.
Qeyd edək ki, Rusiyanın Gürcüstana hərbi müdaxiləsi və beş gün davam edən müharibə zamanı Azərbaycan prezidentinin harada olduğu rəsmən açıqlanmamışdı. Hadisələrdən əvvəl o, Pekin olimpiadasının açılışına getmişdi, ancaq indi məlum olur ki, Pekindən qayıdaraq hadisələrin ən qaynar vaxtında Soçidə Rusiya prezidenti ilə görüşüb. Üstəlik Ermənistan prezidenti Serj Sərkisyan da onunla birgə olub. Lakin bu görüşün hansı tərəfin təşəbbüsü ilə baş verdiyi qaranlıq qalır.
Medvedyev isə müsahibəsində deyib ki, o vaxt Tiflisi tutmaq planları yox idi. Rusiya prezidentinin bildirdiyinə görə, Saakaşvili indi hakimiyyətdə olduğuna görə şəxsən ona minnətdar olmalıdır. Çünki Rusiya qoşunları Tiflisə girsəydi, indi orada tamam ayrı prezident olardı. Medvedyev Saakaşvilini hakimiyyətdən devirmək planlarının olmadığını, ancaq onunla heç vaxt ünsiyyət qurmayacağını da deyib. Rusiya prezidenti bildirib ki, Saakaşvili nə vaxtsa hakimiyyətdən gedəcək və o zaman yeni prezidentin Moskva ilə münasibətləri nizamlamaq şansı yaranacaq. Medvedyev hesab edir ki, Saakaşvili beynəlxalq məhkəmə qarşısında dayanmağa layiqdir. \YeniMüsavat