Dünən nəhayət ki, Türkiyə Baş Bakanlığının rəsmi saytında Rəcəb Tayyib Ərdoğanın Bakıya çoxdan anons edilmiş rəsmi səfərinin tarixi açıqlandı. Qardaş ölkə hökumətinin başçısı 27 iyul, 2011-ci il tarixdə Bakıda olacaq və Azərbaycan rəsmiləri, o cümlədən prezident İlham Əliyevlə görüşüb danışıqlar aparacaq.
Ərdoğanın Bakıya budəfəki səfəri iki ölkə münasibətlərinin ən intriqalı məqamlarından birinə təsadüf edir. Hələ Böyük Millət Məclisinə seçkilərdən az sonra Türkiyə televiziyalarının birinin “ilk xarici səfəriniz hara olacaq” sualına cavabında Ərdoğan Azərbaycanın adını çəkmişdi və bu elə həmin verilişdə iştirak edən jurnalistlərin də çaşqınlığına səbəb olmuşdu. Belə ki, Quzey Kıprıs Türk Cümhuriyyəti (KKTC) elan olunduqdan sonra yeni təşkil olunan bütün Türkiyə hökumətlərinin başçılarının ilk səfəri adətən Kiprə olur. Həmin müsahibədən sonra Türkiyə diplomatiyasında Azərbaycan istiqamətinin əhəmiyyətinin artması barədə şərhlər meydana gəldi; lakin açıqlamadan bir müddət sonra mövzu gündəmdən çıxarıldı.
Bundan sonra Türkiyə hökumət başçısının ilk xarici səfərinin Misirə olacağı barədə informasiyalar yayıldı. Bir sıra ekspertlər Misir səfərinin Azərbaycandan önə çıxarılmasını ölkəmizlə bağlı münasibətlərdəki problemlərlə əlaqələndirmişdi. Həqiqətən son illərdə Türkiyə-Azərbaycan münasibətlərindəki ixrac qaz nəqli probleminin davam etməsi, Türkiyə-Ermənistan münasibətlərinin, xüsusilə türk tərəfinin, o cümlədən Ərdoğanın birmənalı bəyanatlarına və təminatlarına baxmayaraq qardaş ölkə ilə Ermənistan sərhədlərinin açılması məsələsinin zaman-zaman gündəmə gətirilməsi, bəzi Türkiyə iş adamlarının Qarabağın ermənilərin nəzarətindəki, işğal ərazisində kommersiya fəaliyyəti haqqında məlumatlar, nəhayət, Azərbaycanın türk vətəndaşları üçün viza rejimini ləğv edilməsində inad göstərməsi səfəri ləngidən problemlər kimi sadalanırdı.
Fakt ondan ibarətdir ki, son illərdə türk xarici siyasətinin ənənəsi pozulmadı. Ərdoğan birinci olaraq KKTC-yə səfər etdi və orda çoşqu ilə qarşılandı. Yenə ənənəyə uyğun olaraq ikinci xarici səfər əvvəllər olduğu kimi, Azərbaycana baş tutur ki, bu da bir daha Türkiyə-Azərbaycan münasibətlərinin özəl xarakterini nümayiş etdirib diqqətə çatdırır. Eyni zamanda səfərə bir gün qalmasına baxmayaraq, yuxarıda göstərilən məsələlər də daxil olmaqla, Türkiyə-Azərbaycan münasibətlərinin aktual problemlərinin hansının çözüləcəyi barədə konkret açıqlamaların olmaması diqqəti cəlb edir.
***
Hər iki ölkədəki kifayət qədər ciddi ekspertlərə görə, Ərdoğanın Bakıya səfəri zamanı aparacağı danışıqlar heç də asan keçməyəcək. Çünki iki ölkə arasında qaz tranzitinə dair danışıqlar dalana dirənib, həmçinin rəsmi Bakı Türkiyə ilə viza rejimini ləğv etmir və bugünlərdə açıqlanıb ki, İranın təhdidlərinə görə geri çəkilməli olub.
Ötən həftə Azərbaycanda səfərdə olan bir qrup türkiyəli jurnalistdən biri, “Today’s Zaman” qəzetinin əməkdaşı isə qəzetin dünənki sayında yazıb ki, iki ölkə arasında qaz danışıqları dalana dirənib. Azərbaycan tərəfinin bildirdiyinə görə, buna səbəb Türkiyə tərəfinin ağır şərtlər irəli sürməsidir. Söhbət “Şahdəniz” yatağının ikinci inkişaf fazası çərçivəsində çıxarılacaq qazın Türkiyə ərazisindən tranzitinə və alqı-satıqısına dair müqavilədən gedir. Bu müqavilə bağlanmasa, Qərbin böyük strateji önəm verdiyi “Nabucco” qaz kəməri layihəsi də şübhə altına düşəcək. ARDNŞ-in vitse-prezidenti Xalid Məmmədov və şirkətin Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev deyib ki, müqavilənin bir sıra detalları - tranzit xərcləri, qazın həcmi və daşınma variantları əsasən razılaşdırılıb. Ancaq hər iki rəsmi bildirib ki, sazişin hüquqi əsaslandırmasına dair fikir ayrılığı qalır. Belə ki, Azərbaycan tərəfi bütün iştirakçıların maraqlarının qoruna bilməsi üçün müqavilədə mümkün mübahisəli məqamların həlli zamanı Britaniya, yaxud İsveçrə qanunvericiliyinin əsas götürülməsini istəyir.
Lakin Türkiyə tərəfi bildirir ki, kəmərlərin əksər hissəsi onun ərazisindən keçdiyi üçün müqavilədə də Türkiyə qanunvericiliyi əsas göstərilməlidir. “Şahdəniz-2"yə sərmayənin kəmərlərin tikintisi də daxil olmaqla, 25-30 milyard dollar olacağını vurğulayan Vaqif Əliyev bildirib ki, bu miqyasda sərmayə təhlükəsiz olmalıdır. Belə təhlükəsizliyin bir yolu bütün tərəfdaşların maraqlarını qoruyacaq hüquqi əsaslandırmadır. Bu sazişi tənzimləyəcək qaydalar ya Britaniya, ya da İsveçrəyə məxsus olmalıdır. ARDNŞ-dən əlavə bu yatağı bp (Böyük Britaniya), ”Statoil" (Norveç), “Total” (Fransa), “LukAgip”, “NİOC” (İran) və “TPAO” (Türkiyə) işlədir. O əlavə edib ki, aprelin sonu-mayın əvvəlində danışıqları yekunlaşdırmaq istəsələr də bu, baş verməyib. Ötən il “Şahdəniz”in birinci fazası üzrə “BOTAŞ”la imzalanmış anlaşma memorandumu Britaniya qanunları əsasında tərtib olunmuşdu və oxşar müqavilə ikinci faza üzrə də hazırlana bilər.
***
Türkiyə ilə sazişin Azərbaycan üçün böyük əhəmiyyəti var, çünki “Şahdəniz” qazını Avropaya daşımaq uğrunda rəqabət aparan 3 konsorsium gözünü Türkiyəyə dikib-ya yeni kəmər tikintisi üçün, ya da öz xətlərini Türkiyədən keçənlərə birləşdirmək üçün. Göründüyü kimi, qaz danışıqlarında kifayət qədər mübahisəli vəziyyət yaranıb və Türkiyə tərəfi öz şərtlərini diktə edir. Bu danışıqları dalandan çıxarmaq üçün Ərdoğanın Bakı səfəri kritik sayılır. Bəs tərəflər yenə anlaşa bilməsə nə baş verəcək?
Belə ehtimal var ki, məsələ siyasi müstəviyə keçəcək və Türkiyə-Ermənistan yaxınlaşması prosesini yenidən canlandırmaq cəhdləri olacaq. Artıq bunun əlamətləri müşahidə olunur. ABŞ dövlət katibi Hillari Klinton Türkiyəyə səfəri zamanı bu ölkə iqtidarına təzyiq edib ki, Ermənistanla barışıq prosesi üçün addımlar atılsın və Sürix protokolları ratifikasiya olunsun.
Bunun ardınca bir qrup erməni QHT rəhbəri və ekspertləri xarici işlər naziri Əhməd Davudoğlu tərəfindən qəbul olunub. ABŞ “Nabucco”nun həyata keçirilməsini özünün regiondakı enerji maraqları üçün kritik hesab edir. Lakin Azərbaycanla Türkiyə arasında qaz müqaviləsi imzalanmasa, bu layihə şübhə altında qalacaq. Ona görə də Türkiyə ABŞ-dan qaz məsələsində Bakıya təzyiq etməyi xahiş edə bilərdi. WikiLeaks saytı tərəfindən yayılan Amerika məxfi diplomatik teleqramlarından da məlum olmuşdu ki, 2008-2009-cu illərdə Türkiyə-Amerika danışıqlarında Azərbaycanla qaz məsələsinə dair mübahisələr dəfələrlə gündəmə gəlib. Türkiyəli rəsmilər xahiş ediblər ki, Amerika Azərbaycanla təmaslarda razılaşmanın əldə olunması üçün təzyiq göstərsin.
***
Hörmətli Ərdoğanın Bakıya səfəri ilə bağlı bu oxuduğunuz aktual mülahizələrdən başqa da xəbərlər var. Qəzetimizə bu barədə özəl məlumatlar daxil olub. Bu məlumat məlum səfərin daha çox gizlinləri barədədir. Belə ki, bizə informasiya verən mötəbər mənbə görüşdən çəmi bir gün əvvələ qədər Rusiya müdafiə naziri Anatoli Serdyukovun ikigünlük Bakı səfərinə diqqət yetirməyi məsləhət gördü. Qaynağımızın iddiasına görə, son dövrdə Türkiyə-Azərbaycan gizli danışıqlarının ən mühüm predmetlərindən birini Qəbələ RLS-in Rusiya ilə icarə müddəti başa çatdığından sonra Türkiyəyə icarəyə verilməsi məsələsi təşkil edib. Məlumdur ki, keçən il Rusiya tərəfi Qəbələ RLS-in icarə müddətini uzatmayacağı barədə bəyanat vermişdi. Moskva bildirmişdi ki, Armavirdə (Şimali Qafqaz) analoji stansiya işə salındıqdan sonra Rusiyanın müdafiə ehtiyacı üçün Qəbələ RLS öz əhəmiyyətini itirib. Bundan sonra Qəbələ RLS-in ABŞ-ın icarəyə götürməsi gündəmə gəlmişdi.
Eyni zamanda NATO-nun raket hücumundan erkən xəbərdarlıq sistemi obyektlərinin Türkiyəyə yerləşdirilməsi planına uyğun olaraq əslində Qəbələ RLS-in də bu sistemin əsas tərkib hissəsi kimi fəaliyyət göstərməsi və indiki statusla Türkiyəyə icarəyə verilməsi projeləri müzakirə olunmağa başlamışdı. Mənbə bildirir ki, Türkiyə inkişaf etmiş kosmik silahlı qüvvələrə malik olmasa da bu sahədə son illər xeyli irəliləmişdir.
Digər tərəfdən, İranın raket-nüvə silahına malik olması Türkiyənin özünün strateji hərbi təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Tehranın müxtəlif qeyri-rəsmi dairələrin dili ilə Türkiyənin Suriyaya hərbi müdaxilə edəcəyi və yuxarıda deyilən NATO-nun erkən xəbərdarlıq sistemlərini ərazisində yerləşdirəcəyi halda İran raketlərinin hədəfi olacağı barədə hədələri qardaş ölkənin siyasi və hərbi rəhbərliyini fövqəladə narahat edir. Ərdoğanın öz ölkəsini regionun super gücünə çevirmək planı belə situasiyada qeyri-real görünür. Əslində çoxdandır ki, Türkiyənin müstəqil kosmik hərbi qüvvələr və raket-nüvə silahları sahəsində tədqiqatlar aparması, həmçinin layihələr həyata keçirməsi gizli deyil.
Qəbələ RLS-dən istifadə perspektivi bu planlarda mühüm rol oynayır. Mənbə bildirir ki, Rusiyanın birdən-birə mövqeyini dəyişərək RLS-in icarəsini azaltmaq istəməsi və Serdyukovun bu məqsədlə Bakıya səfər etməsi də bununla bağlıdır. Digər tərəfdən, RLS-lə bağlı Rusiya-ABŞ razılaşmasına bənzər Rusiya-Türkiyə razılaşmasının əldə olunmasında Azərbaycanın vasitəçilik etməsi “B” planı kimi masanın üstündə qalır. Bütün hallarda Ərdoğanın sabahkı Bakı səfəri regionun qədərini dəyişdirəcək hadisələrdən biri kimi tarixə düşə bilər. \Yeni Müsavat