Şərikinin öldürülməsində Nazim İbrahimovun qardaşının əlinin olduğu deyilir
14-07-2011 / 13:21
Bakının Nərimanov rayonunun Teymur Əliyev küçəsində yerləşən “Azər-Ross İK” MTK-nın ofisində törədilən silahlı basqınla bağlı ilkin versiyalar bəlli olub. ANS-in məlumatına görə, şirkətin inşa etdiyi bir neçə binanı gəzərək orada işləyən usta və digər şəxslərlə söhbət zamanı məlum olub ki, şirkət bu binaları söz verdiyi zamana qədər sakinlərin istifadəsinə verməyərək onlara maddi ziyan vurub, get-gələ salıb. O da bəlli olub ki, MTK daha başqa bir binanın təməlini qoymamışdan əvvəl müştəriləri cəlb edib onların pullarını alsa da üstündən neçə aylar keçməsinə baxmayaraq binanın tikintisinə başlamayıb. Bütün bunlar isə müştərilərin qəzəbinə səbəb olub. Hadisənin də elə bu səbəbdən baş verdiyi ehtimal edilir. Amma hadisənin tam dəqiq səbəbi hüquq-mühafizə orqanlarının apardığı araşdırmaların sonunda dəqiqləşəcək.
Təhlükəsizlik kameralarının görüntüləri və şahidlərin ifadələri əsasında qətldə şübhəli bilinən şəxslərin fotorobotu hazırlanıb. İstintaq sirri olduğundan hazırlanmış fotorobot hələlik yayımlanmır.
“Azər-Ross İK” MTK-nın ofisinə silahlı basqın edərək şirkətin təsisçisi Əflatun Piriyevi qətlə yetirən şəxslərin şəkilləri əldə edilib. Bakı Şəhər Prokurorluğundan ANS-ə verilən məlumata görə, artıq müşahidə kameralarının lentə aldığı təsvirlər var və buna görə də fotorobota ehtiyac qalmayıb. Hazırda həmin şəxslərin axtarışı aparılır.
Dünən bu olayla bağlı redaksiyamıza bir neçə mənbədən versiya-məlumatlar daxil oldu. Məlumatlarda bildirilir ki, Əflatun Piriyevin qətlə yetirilməsində Hacı İbrahimin də marağı və rolu olub. Mərhumla onun arasında pul haqq-hesabını olduğu haqda söhbətlər də dolaşır. Mənbə iddia edir ki, qətlin törədilməsi əvvəlcədən planlaşdırıldığı üçün binadakı müşahidə kameralarına da müdaxilə edilib. Belə ki, müşahidə kameralarının çəkdiyi görüntülər yaddaşda saxlanmayıb. Deyilənə görə, həmin vaxt binada az adam olub, qətl günündən sonra isə binanın girişində dayanan mühafizəçilər dəyişdirilib. Hətta binanın mühafizəsində işləyən şəxslərdən birinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq bir neçə saat sorğu-sual edildiyi də söylənilir.
Qeyd edək ki, naməlum şəxslər iyulun 11-də “Avesta” konserninin tərkibinə daxil olduğu deyilən “Azər-Ross” MTK-nın ofisinə daxil olaraq şirkətin rəhbəri Əflatun Piriyevi və şirkətin baş mühasibi Əmiraslan Əhmədovu güllələyiblər. Şirkətin rəhbəri aldığı güllə yarasından dünyasını dəyişib. Ə.Əhmədov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Məlumat üçün bildirək ki, “Avesta” konserninin tərkibinə “Azər-Ross” MTK, “Günel LTD” MMC, “Həsən-96" MTK, ”Hüseyn-94" kiçik müəssisəsi, “İlkan” MMC, “Azər-Ross İk” MMC və “SHIG INVESTMENT LTD” daxildir. Sonuncu şirkət Naxçıvan MR Ordubad rayonunun Ağdərə və Papaqçay mədən yataqlarında mineralların kəşfiyyatı, istismarı, ixracatı və satışı, kommersiya fəaliyyəti, təmir-tikinti işlərinin aparılması ilə məşğuldur. 18 aprel 1996-cı ildə bütün firmalar birləşərək “Avesta” konsernini təsis edib. Konsernin prezidenti tanınmış iş adamı Hacı İbrahim Nehrəmlidir. O, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşıdır. Hacı İbrahim uzun illərdir böyük bizneslə məşğul olur. O, hazırda Səngəçalda smeta dəyəri 30 milyard manat olan şəhərciyin salınması layihəsini həyata keçirir.
“Azər-Ross İK” MTK Bakıda çoxmərtəbəli binaların inşası ilə məşğul olur. Deyilənə görə, şirkət əsasən bina tikintisini Nəsimi rayonu ərazisində aparır. Etibarlı mənbənin məlumatına görə, sahibi öldürülən bu şirkətə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun da şərikliyi var.
Dünən gün ərzində Hacı İbrahimlə əlaqə yaradıb yayılan məlumatlara münasibət öyrənmək istəsək də cəhdlərimiz baş tutmadı. Yazıda adları çəkilən şəxslərin mövqeyini çap etməyə hazırıq. Mövzuya qayıdacağıq./ Yeni Müsavat
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.