"Qələbə" meydanındakı tikinti işləri 2013-cü ildə yekunlaşacaq
12-07-2011 / 11:06
“Gənclik” metro stansiyasının yaxınlığındakı “Qələbə” meydanının ətrafında aparılan abadlıq və yenidənqurma işləri ərazidə yaşayan sakinlər arasında ciddi narazılıqlar doğurub. Demək olar ki, son aylar günorta və axşam saatlarında ərazidə tıxac əlindən tərpənmək mümkün deyil. Ətrafda aparılan tikinti işlərinin yaxın gündə yekunlaşacağı deyilsə də hələ də işlər başa çatmayıb. Mütəxəssislər isə tikinti işlərinin bir neçə ay davam edəcəyini deyirlər.
Dünən isə ərazidə olarkən aparılan tikinti işlərinin nisbətən sürətləndiyinin şahidi olduq. Xatırladaq ki, bundan öncə də adıçəkilən ərazidə olmuşuq və həmin vaxt bizə tikintinin yaxın aylarda yekunlaşacağını bildirmişlər. Lakin bunlara baxmayaraq iri bir layihənin tezliklə yekunlaşacağı inandırıcı görünmür. Bildirək ki, layihə görə, ərazidə 6 tunel, 2 yeraltı piyada keçidi, üçmərtəbəli yeraltı avtomobil dayanacağı inşa olunacaq. Həmçinin əlaqədar yolların genişləndirilməsi, metronun əlavə çıxışlarının inşası nəzərdə tutulub. Hazırda tunellərin tikintisi sahəsində işlər aparılır. Atatürk prospektində 2 yeraltı piyada keçidinin tikildiyi ərazidə yaşıllaşdırma işlərinin aparılması da nəzərdə tutulub. Hazırda ərazidə 300 nəfərə yaxın işçi qüvvəsi və 40-a yaxın müvafiq texnika işləyir. Bu ilin payızına 1-ci tunelin, 2013-cü ilədək isə layihənin kompleks olaraq başa çatdırılması nəzərdə tutulub. “Gənclik” metro stansiyasının iki çıxışında da əlavə çıxışların inşası nəzərdə tutulub. Bununla yanaşı, ərazidə yeraltı piyada keçidi inşa olunacaq. Layihə əsasən, yeni tikiləcək tunel “Qələbə” meydanı və onunla kəsişən yollarda nəqliyyatın hərəkətinin nizamlanmasını, tıxacların aradan qaldırılmasını və işıqforsuz hərəkət rejiminin təminatına şərait yaradacaq.
Yeraltı avtodayanacaqdan birbaşa “Gənclik” stansiyasına girişin olacağı da nəzərdə tutulub. Xatırladaq ki, ərazidə aparılan yenidən qurma işləri ilə əlaqədar ətrafdakı yaşayış binalarının da xarici görünüşü dəyişdirilir. “Akkord İnşaat-Sənaye” ASC-nin İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Afaq Quliyeva “Yeni Müsavat”a açıqlamasında tikinti işinə 2010-cu ildə başlandığını bildirdi: “Respublikamızın paytaxtında keçiriləcək ”Eurovision -2012" mahnı müsabiqəsi ilə əlaqədar olaraq “Gənclik” metro stansiyasının yaxınlığında yerləşən “Qələbə” meydanı adlanan ərazidə tikinti işlərinin birinci mərhələsini 2012-ci ilin mart ayında yekunlaşdırmaq nəzərdə tutulub".
Ərazidə olarkən insanların da aparılan tikintiyə münasibətini öyrəndik. Sakinlər tikinti işinin yubandığından gileyləndi. Ərazidə yaşadığını bildirən Nəcəf adlı şəxs dedi ki, ətrafda yaranan tıxac və avtomobillərin siqnal səsləri insanların yaşayış durumuna mənfi təsir göstərir: “Demək olar ki, burada hər gün tıxac yaranır. Tıxac yaranan ərazilərdə də maşınların siqnal səsləri insanlara pis təsir göstərir. Aparılan tikinti işləri də yekunlaşmaq bilmir. Qazıntı işləri zamanı ətrafı toz-duman bürüyür. Bir neçə ay belə hallar baş versə buna dözmək olar. Artıq il yarımdır ki, burada tikinti işi gedir. Aparılan işlərdən o da görünür ki, burada böyük layihə inşa edilir. İşlərin də ləng getməsi yaxın zamanda tikintinin başa çatmayacağından xəbər verir. Çünki bu gedişlə tez bir zamanda işi başa çatdırmaq olmaz. Əgər işçi qüvvəsi və texnika artırılsa, onda ümid etmək olar ki, iş tez yekunlaşsın. Yoxsa bu gedişlə tikinti 2014-cü ildə tamamilə başa çata bilər”. Sakinin sözlərinə görə, tikinti ilə əlaqədar olaraq yaxınlıqdakı istirahət parkı da bərbad gündədir: “Buradakı çayxanalar bağlanıb. Toz əlindən bağda oturmaq mümkün deyil”. “Gənclik” metro stansiyasının yaxınlığındakı beşmərtəbəli binada yaşayan deputat Fəzail Ağamalı bizimlə söhbətdə baş verənlərdən narahatlığını gizlətmədi. Məsələyə münasibət bildirən F.Ağamalı hazırda ərazidə vəziyyətin nisbətən yaxşılaşdığını dedi: “”Gənclik" metro stansiyasından “Nərimanov” stansiyasına gedən istiqamətdə keçid inşa olunub. Həmin istiqamətdə vəziyyət yaxşıdır. Bu tərəflərdə də işlər gedir. Əvvəl bir az çətinliklər var idi. Lakin indi buraya işıqforlar qoyulub. Bu da nəqliyyatın hərəkətinin tənzimlənməsinə kömək edir. Mən deməzdim ki, ərazidə ciddi problemlər əmələ gəlibdir - istər avtomobillər üçün, istərsə də piyadalar üçün. Əlbəttə, müvəqqəti xarakter daşıyan məhdudiyyətlər var. Bu məhdudiyyətlər də ciddi problemlər doğurmur. Nə özümün, nə də başqa adamların bu ərazidə ciddi narahatlıq keçirdiyinin şahidi olmamışam".
Digər Lətafət Feyzullayeva ad-soyadlı sakin deyir ki, tikintinin bu qədər vaxt müddətində uzanması insanların səbrini də tükəndirib: “Heç bir ölkədə tikinti bu qədər uzanmır. Xarici ölkələrdə tikinti aparılarkən tıxaclar yaranmasın deyə alternativ yollardan istifadə olunur. Bizdə isə bunu etmirlər. Ona görə də tikinti aparılan yerlərdə tıxac, qarmaqarışıqlıq yaranır. Həmçinin burada yaranan toz-duman insanlara pis təsir edir. Yaxınlıqdakı evlərdə yaşamaq da çətinləşib. Qapıları açan kimi torpaq evlərə dolur”./Yeni Müsavat
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.