Hamıya ermənilərin "soyqırımı" xəstəliyinə tutulması məlumdur. Onlar 96 ildir ki, bütün dünyaya bu xəstəlikdən əzab çəkdiklərini bəyan etməkdən yorulmurlar. Bəzi ölkələr ermənilərin mübtəla olduqları bu xəstəliyi tanısalar da, ona bir əlac etməkdən yan keçirlər.
29-06-2011 / 12:52
İndi isə ermənilər başqa bir xəstəliyə tutulmaları barədə aləmə çar çəkməyə başlayıblar. Bu dəfə onlar “xaçkar” xəstəliyinə tutulmaları haqqında səs-küy salıblar. Hətta iş o yerə çatıb ki, onlar YUNESKO-da qədim erməni abidələri ilə bağlı təşkil etdikləri sərgidə “ xaçkarları”- üzərində xaç şəkli olan qəbir daşlarını nümayiş etdiriblər. Əgər “xaçkarlar”la bağlı müəmmalı məsələ olmasaydı, bu barədə söhbət açmağa dəyməzdi. Müəmmalı məsələ sərgidə nümayiş etdirilən fotoların - Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvan Muxtar Respublikasının Cuğa kəndində ermənilərə məxsus, üzərində xaç şəkli çəkilmiş nə az, nə çox - minlərlə qəbir daşlarının guya azərbaycanlılar tərəfindən dağıdılmasına dair şəkillərin sərgidə yer almasıdır. Onlar bununla həm Naxçıvanın Ermənistan ərazisi olması, digər tərəfdən isə erməni abidələrinin azərbaycanlılar tərəfindən dağıdılması barədə dünya ictimaiyyətində fikir oyatmağı qarşılarına məqsəd qoyublar.
Onlar BMT, YUNESKO, Avropa Şurası və digər beynəlxlaq təşkilatlarda Cuğa kəndindəki “xaç”ların azərbaycanlılar tərəfindən 200-ci ildə tamamilə yerlə-yeksan edilməsi ətrafında dəfələrlə mənasız hay-küy qoparıblar.
2010-cu il dekabr ayının 9-da Ermənistanın BMT-dəki daimi nümayəndəsi Karen Nazaryan tərəfindən qurumun baş direktoruna təqdim edilmiş sənəddə İsveçrə-Ermənistan parlament qrupunun 2006-cı il oktyabrın 17-də YUNESKO-nun baş direktorunun adına Cuğadakı “erməni mədəni irsi”nin azərbaycanlılar tərəfindən məhv edilməsi barədə müraciət edildiyi bildirilib. Həmin müraciəti İsveçrə, Fransa, Kanada, İngiltərə, Yunanıstan, Belçika və Rusiyadan olan deputatların imzaladığı bildirilir.
Parisdə nəşr olunan “Ermənistan xəbərləri” qəzetində isə guya hələ sovetlər birliyi dövründə hansı yollarlasa, Azərbaycanda ermənilərə qarşı gizli etnik təmizləmə siyasəti aparılması haqqında cəfəng fikir ortalığa atılır. Hamıya gün kimi aydındır ki, keçmiş SSRİ vaxtı belə bir addım atmağa heç bir respublika cürət edə bilməzdi.
Qəzet Azərbaycanda erməni qəbirlərinə qarşı “mədəni soyqırımı” aparıldığını, 3 mindən artıq xaçkarın məhv edildiyini qeyd edir .Bu qəbirlərin Alban dövlətinə məxsusluğu artıq elmi cəhətdən təsdiqini tapsa da, nədənsə ermənilər bu faktla razılaşmaq istəmirlər. Qəzet hətta bir qədər irəli gedərək həyasızcasına Ermənistan, Türkiyə və İranla sərhəddə yerləşən və 5 min 500 kvadrat kilometr əraziyə malik Naxçıvanın Ermənistanın qədim ərazisi olduğunu, 1826-cı ildə İranla Rusiya arasında bağlanmış sülh müqaviləsinə əsasən ayrıldığını və 1921-ci il mart ayının 16-da Türkiyə və Rusiyanın birgə razılığı ilə Azərbaycana verilməsi iddiasını irəli sürür.
Təəccüb doğuran məsələ ondadır ki, ermənilər rusların da bostanına daş atmaqdan çəkinməmiş, 6 min qəbir daşının ruslar tərəfindən məhv edildiyini bildirirlər.
Fransanın ermənipərəst deputatı Fransua Roşebleanın 2006-cı il yanvar ayının 23-də Avropa Şurası Parlament Assambleyasının tribunasından Naxçıvanda erməni qəbir daşlarının məhv edildiyi barədə bədnam çıxışına deputatlarımız layiqli cavab verərək Ermənistanın etnik təmizləmə siyasəti apardığını, işğal altında olan Azərbaycan ərazisindəki 500 tarixi-memarlıq və 100-dən çox memarlıq abidəsinin, 22 muzeyin, 4 şəkil qalereyasının, 927 kitabxananın, 4 dövlət teatrının, tunc dövrünə aid nadir abidələrin, Xocalı kurqanının dağıdıldığını, insan sivilizasiyasının qədim məskənlərindən biri olan Azıx mağarasının silah anbarına çevrildiyini avropalı deputatların diqqətinə çatdırıblar.
Ermənistan hökuməti tərəfindən Brüsseldə Avropa Parlamentinin binasında “Culfada erməni qəbirlərinin dağıdılması”nı əks etdirən film nümayiş etdirilib. Ermənilərin təbliğat maşınının belə yalanları barədə danışmaq bizcə kifayət edər.
Amma nədənsə, xəstə təxayüllü ermənilər Bakıdakı erməni kilsəsinin mövcudluğu və onun bərpa edilməsi faktının üzərindən sükutla keçirlər.
Ermənilərin daş qəbirləri ilə bağlı iddialarına bir qədər elmi cəhətdən yanaşaq. Onlar iddia edirlər ki, erməni qəbirlərinin təzahürü üç dövrü əhatə edir: Birinci dövr lX-Xlll əsrlər, ikinci dövr XlV- XV əsrlər və nəhayət üçüncü dövr XVl əsr-1605-ci ilədək olan dövr.
Tarixdən məlimdir ki, Xll əsrdə Naxçıvan Atabəylər dövlətinin paytaxtı olmuşdur. Belə olan halda Naxçıvanın tarixən Ermənistan ərazisi olması və orada ermənilərə məxsus qəbiristanlığın salınması heç bir həqiqətə uyğun gəlmir. Zaqafqaziya Mülki İdarəsi tərəfindən 1901-ci ildə Tiflisdə nəşr olunmuş məcmuədə ermənilərin 1829-cu ildə İrandan köçürülərək Naxçıvan, daha sonralar isə İrəvan və Dağlıq Qarabağda yerləşdirilməsi haqqında geniş məlumat öz əksini tapıb.
Bir çox elmi mənbələrdə əksər erməni alimlərinin alban mədəniyyətini məhv etmək və onları öz adlarına çıxmaq üçün alban tayfalarına məxsus qəbir daşlarını erkən dövr xaçkarları kimi təqdim etmələri yer alıb.
Ermənilər arasında xristianlığın albanlara nisbətən gec yayılması, onların qədim alban abidələrini erməni abidələri kimi qələmə vermək istəklərini boşa çıxaran faktlardan biridir.
Alban tarixçilərindən Moisey Kalankatli, Mxitor Qoş, Kirakos Gəncəlinin əsərlərində, erməni katoliksi Ayraminin Qafqaz albanlarına məktubunda xristianlığın Ermənistana nisbətən xeyli əvvəl Qafqaz albanları arasında geniş yayıldığı qeyd edilmişdir. Tarixi fakt sübut edir ki, ermənilər albanlardan 270 il sonra xristianlığı qəbul ediblər.
Albanların Azərbaycanın bir çox yerlərində, o cümlədən Naxçıvanda məskunlaşdığını nəzərə alsaq, ermənilərin Culfada qəbir daşlarının olması başqalarının abidələrini özününküləşdirməkdə ystad olan ermənilərin mənasız uydurmalarından başqa bir şey olmadığını sübut edir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.