Bu gün Azərbaycan milli azadlıq hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəyin doğum günüdür
24-06-2011 / 11:19
İyunun 24-ü Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin doğum günüdür. Bu münasibətlə ölkə müxalifətinin aparıcı partiyalarının üzvləri, milli-azadlıq hərəkatının iştirakçıları, sadə xalq nümayəndələri bu gün Elçibəyin Fəxri Xiyabandakı məzarını ziyarət edəcək, məzata əklillər qoyacaqlar.
Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (ADU) şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misirdə tərcüməçi kimi çalışıb, Bakıya qayıtdıqdan sonra ADU-da müəllim işləyib. 1975-1976-cı illərdə antisovet fəaliyyətinə görə həbsdə olub. İlyarımlıq həbsdən sonra Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışmağa başlayıb. O, 1988-ci ildə Azərbaycanda başlayan milli azadlıq hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.
1992-ci il iyunun 7-də prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan hərbi qiyam nəticəsində Bakını tərk edib və 1993-cü il iyunun 17-də doğulduğu Ordubad rayonunun Kələki kəndinə gedib. İyunun 24-də Milli Məclisin qərarı ilə səlahiyyətləri əlindən alınan Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib.
Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Ankara Dövlət Xəstəxanasında dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn edilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.