Səs-küy və qalmaqal ilə dolu olan həyatda hər şeydən daha çox "asayiş və rahatlığa" ehtiyac duyur. Həyat adlı mübarizə meydanında kim bu silaha yiyələnmədən döyüşə atılarsa tezliklə məğlubiyyətə uğrayar. Həyat yükü ağırlaşdıqca insanın asayiş və rahatlığa duyduğu ehtiyac daha da artır. Bəs həyəcan və iztirab əsarətindən yaxa qurtarıb, rahat bir həyata necə nail olmaq olar?
Buna nail olmaq üçün insanın özünü oda-közə vuraraq var-dövlət, şan-şöhrət və qüdrət əldə etməsi olduqca əbəs bir işdir.
İnsanın rahatlıq və asayişi üçün göstərdiyi bütün səylər tez bir zamanda hədərə getmiş olur. Çünki, bədbəxtçiliklərin mənşəyi insanın batini dünyasında olduğu kimi, rahatlıq və asayişi də onun öz vücudundadır. Rahatlıq və asayiş üçün xərc olunan var-dövlət və istifadə olunan vasitələr ümumiyyətlə müvəqqəti və azömürlü olur. Onların vasitəsilə insanın asayişə nail olması qeyri-mümkündür. İnsanı qeyri-sabit şeylərdən ehtiyacsız edən və onu daim mənən ucaldan isə onun şüur və gözəl əxlaqıdır.
Məşhur Yunan filosofu Epiktetus deyir: "Camaata başa salmaq lazımdır ki, onlar səadət və xoşbəxtliyi kor-koranə axtardıqları yerlərdə əldə edə bilməyəcəklər. Həqiqi səadət güc və qüdrətdə deyildir. Çünki "Merod" və "Aqliyus" böyük qüdrətə malik olmalarına baxmayaraq xoşbəxt deyildilər. Səadət, var-dövlətdə də deyildir. Çünki, "Krosus" külli miqdarda var-dövlətə sahib olmasına baxmayaraq xoşbəxt deyildi. Səadət və xoşbəxtlik hakimiyyət və siyasi iqtidara malik olmaqda deyildir. Çünki "Rum konsulları" geniş iqtidara malik olmalarına baxmayaraq xoşbəxt deyildilər. Bütün bunlara sahib olmaq yenə də xoşbəxtlik demək deyildir. Çünki "Nero", "Sardenapal" və "Akamnen" həm qüdrət, həm var-dövlət, həm də iqtidara sahib olmalarına baxmayaraq heç də xoşbəxt olmamışlar və daim baş vermiş hadisələrin qarşısında aciz qalaraq ömürlərini iztirab və nigarançılıq içində başa vurmuşlar. Səadət, elə bir həqiqətdir ki, insan onu öz vücudunda axtarmalıdır.
Ümumiyyətlə sağlam şüur və düşüncə insanı maddi ehtiyaclarından da yüksəklərə qaldırır və onu başqa bir dünya ilə tanış edir. Dərin düşüncəyə malik olan hər bir şəxs heç vaxt ruhi düşüncəyə və ümidsizliyə qapılmayır. Möhkəm iradəyə yiyələnən, şüur və tərzi-təfəkkür baxımından əsaslı dəlil və məntiq əsasında tərbiyə olunan bu şəxslər xoşagəlməz hadisələrlə qarşılaşdıqda möhkəm qaya tək hər bir çətinliklərə sinə gərib azacıq da olsun, süstlük və zəiflik göstərməyirlər.
Həyəcan və iztirab əsarətindən yaxa qurtarmaq və həyat gəmimizi iftar və təfrit tufanlarından qorumaq üçün sağlam tərzi-təfəkkürə arxalanmalıyıq. Belə olduqda düzgün və əsaslı bir təfəkkür, rəhbərliyi öz üzərinə götürər və əldə etdiyimiz güclü ruhiyyə bütün ziyanverici amillərin qarşısında müqavimət göstərməyə tam surətdə hazır olar.
NİKBİNLİYİN VERDİYİ NƏTİCƏLƏR
Cismi rahatlıq müxtəlif xəstəliklərdən pozulduğu kimi, zehni rahatlıq da müxtəlif amil və xoşagəlməz vərdişlər nəticəsində ciddi çətinliklərlə üzləşir. Çünki, "şüur və təfəkkürümüz" belə bir böyük qüvvəyə malik olmasına baxmayaraq, özünün təkamül və inkişaf mərhələsində "əxlaqa" böyük ehtiyac duyur və insan xoşbəxtlik ləzzətini yalnız o zaman dada bilir ki, həm gözəl əxlaqi xüsusiyyətlərə yiyələnsin, həm də onun əxlaqi və zehni fəaliyyətləri arasında sıx bir əlaqə yaransın. Bunun üçün də güzəranımıza qara buludlar tək kölgə salan xoşagəlməz xüsusiyyətləri vücudumuzdan qoparıb çıxarmalı və onun yerinə dostluq və mehribançılıq toxumu səpməliyik.
Zehni rahatlıqa səbəb olan ən başlıca amillərdən biri də nikbinlik və başqalarına etimad bəsləməkdir. Nikbinlik ictimai həyatın asayişini təmin edir. Zehni fəaliyyətin qarşısını alan bədbinliyin əksinə olaraq nikbinlik işıq tək daim zülmət qaranlıqda nur saçır. Onun sayəsində təfəkkür üfüqü genişlənir və insanın xeyirxahlığa olan meyli daha da artır və beləliklə onun dünyagörüşündə nəzərə çarpacaq irəliləyiş hiss olunur. Dünya, optimist insanların nəzərində könül oxşayan rəngə boyanmışdır. Onlar hər şeyə və hamıya eyni gözlə baxır, gələcəyə ümid bəsləyir, qəm-qüssəyə isə əsla məhəl qoymayırlar. Yaşadıqları cəmiyyətdə yiyələndikləri xüsusiyyətləri daim qoruyub saxlayar və cəmiyyət üzvləri ilə son dərəcə səmimiyyət və mehribanlıqla rəftar edirlər.
Nikbinliktək həyatın ağrı-acılarını aradan qaldıran ikinci bir şey yoxdur. Belə bir gözəl əxlaqi xüsusiyyətə yiyələnən şəxslər çətinliklərlə qarşılaşdıqda da öz yüksək əhval ruhiyyələrini qoruyub saxlamağa qadir olurlar. Onlar heç vaxt ümidlərini üzməyir və çətinliklərini asanlıqla aradan qaldırırlar və bütün bunlarla yanaşı ruhiyyələrinə azacıq da olsun ziyan dəymir. Başqalarının etimadını qazanmaq yaşadığımız həyatda mühüm rol oynayır. Buna nail olmaq üçün üçün isə ünsiyyətdə olunan şəxslərə qarşı nikbin olmaq lazımdır və bunun fərd və cəmiyyətin xoşbəxtliyinə birbaşa təsir göstərməsi inkarolunmaz bir həqiqətdir. Etimad və etimadsızlıq cəmiyyətin irəliləyiş və geriliyinə səbəb olan ən başlıca amillərdən biridir. İctimai əlaqələr nə qədər genişlənərsə, cəmiyyət də bir o qədər çox inkişaf etmiş olar. Etimadın artması və camaat arasında səmimiyyət və həmkarlığın genişlənməsi nikbinliyin verdiyi ilk müsbət ictimai nəticələrdir. Yalnız o cəmiyyətdə asayiş bərqərar oluna bilər ki, cəmiyyət üzvləri arasında həqiqi səmimiyyət, həmrəylik, həmkarlıq bərpa olunmuş olsun.
İSLAM NİKBİNLİK PRİNSİPİNİ GENİŞLƏNDİRİR
İslam, qəlblərə iman toxumu səpməklə öz tərəfdarları arasında nikbinlik lik və qarşılıqlı etimadı gücləndirmiş və ictimaiyyəti asayiş, sülh və əmin-amanlıq əsasında meydana gəlmiş bir mühitə sövq etmişdir. Peyğəmbər (s) o qədər bu yüksək əxlaqi xüsusiyyətə malik idi ki, münafiqlər onu sadəlik və sadəlövhlükdə ittiham edərdilər və bu gözəl xüsusiyyəti mənfi və xoşagəlməz surətdə əks etdirmək istəyirdilər. Müsəlmanlar bir-birlərinə qarşı yaxşı fikirdə olmalı və bir-birlərinin gördükləri işləri müsbət qiymətləndirməyə çalışmalıdırlar. Əlində əsaslı dəlil olmadan kimsə digərini hər hansı bir işdə ittiham edib ona qarşı qərəzli bdir mövqe tutmamalıdır.
Əli (ə) buyurur: "Mömin qardaşlarınızın gördükləri işləri ən gözəl bir tərzdə qiymətləndirməyə çalışın və əgər dedikləri sözlərdə azacıq da olsa həqiqət olarsa, onların barəsində pis fikrə düşməyin."
Nikbinliyin verdiyi müsbət nəticələrdən biri də camaatın mehr-məhəbbətini qazanmaq və onlarla səmimi münasibətdə olmaqdır.
Doktor Marden deyir: "Özünüzü məcbur edin ki, ünsiyyətdə olduğunuz şəxslərin yalnız yüksək əxlaqi xüsusiyyətlərini görəsiniz. Belə ki, onun müsbət xüsusiyyətlərini zehninizdə daha da böyüdün. Əgər gördüklərinizi zehninizdə yerləşdirə bilsəniz, həyatınız daha şirin və mənalı olar. Belə etsəniz hamı sizinlə dostluq əlaqələri yaratmaq istər."
Julbert Ruben isə deyir: "Uşaqlara etimad edin və onlarla elə rəftar edin ki, sanki, heç bir səhv iş görməmişlər. Bir sözlə səhvlərinə göz yumub yada salmayın. Nəzm-intizama riayət etməyən və ümumi asayişi pozan şəxsləri mühüm vəzifələrə təyin edin. Eyni zamanda hərəkətlərinin yaxşılaşmasına diqqət yetirin. Baxın görün tapşırılan işə layiq olmuşdur, ya yox. Etimad və xoş rəftarla bütün maneələri dəf etmək olar.
Peyğəmbərdən (s)dan nəql olmuş hədislərdə deyilir: "Başqaları barədə gözəl fikirdə olmaq qəlblərin rahatlığına və dinin qorunmasına səbəb olur". Bu gözəl xüsusiyyətə yiyələnmək insanın bir çox çətinliklərini də həll edir. "Başqaları barədə yaxşı fikirdə olmaq insanın ağır qəm-qüssə yükünü yüngülləşdirir".
Bu xüsusiyyətə yiyələnməyə səbəb olan ən başlıca amil insanda iman nurunun yaranmasıdır. Əgər camaatın imanı kamil olarsa, təbii ki, bir-birlərinə etimad edəcəklər. İnsanı bu gözəl əxlaqi xüsusiyyətdən məhrum edən şey onun imanının zəif və ya heç olmamasıdır. İmansızlıq, insanı bu gözəl xüsusiyyətdən məhrum edərək onu bədbinlik, bədgümanlıq kimi qeyri-insani xüsusiyyətlə əvəz edir. Həqiqi və nikbin müsəlmanın qəlbi daim iman və etimad hissi ilə dolu olar. O, özündə zəiflik hiss etdiyi zaman, özündən üstün və qüdrətli bir varlığa arxalanar. Qarşılaşdığı çətinliklərdə ən böyük qüdrət sahibi olan Allahdan kömək diləyər və bu da onun ruh və əxlaqının saflaşmasına səbəb olar.
Tural Həsənli