Azərbaycanı təmsil edən bir sıra nümayəndə Madrid şəhərində keçirilən V Beynəlxalq Türk Mədəniyyəti və Sənətləri Konfransında məruzə ilə çıxış edib
13-05-2011 / 15:33
10-11 may tarixlərində Madrid Muxtar Universitetinin nəzdində fəaliyyət fəaliyyət göstərən İspaniya Orientalistlər Asossasiyası, İspaniya Türk Asossasiyası və Konya Fikir, Kültür, Sanat Adamları Birliyinin birgə təşkilatçılığı ilə, İspaniyanın Madrid şəhərində V Beynəlxalq Türk Mədəniyyəti və Sənətləri Konfransı keçirilb. Konfransda Türkiyə, İspaniya, Azərbaycan, Əfqanıstan və digər ölkələrdən iştirak edən nümayəndələr Orta Asiyadan Avropaya qədər geniş ərazilərdə zəngin mədəniyyət yaratmış türk toplumunun keçmişi, bugünü və sabahı haqqında maraqlı məruzələrlə çıxış ediblər. Azərbaycanı MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix elmləri namizədi Fariz Xəlilli, Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini Həbibə Əliyeva, həmin Muzeyin Xüsusi fondunun mühafizi Afət Rüstəmbəyova təmsil edib.
“Miras” İctimai Birliyin sədri, Fariz Xəlilli Əfşar dövlətinin yaradıcısı, türk dünyasının son cahangirlərindən olan Nadir şah və onun inşa etdirdiyi Orta əsr Ağsu şəhərindən danışaraq, Nadir şahın tanıdıldığı kimi zalım, türk toplumuna düşmən mifinin qazıntılardan aşkar olunmuş şəhər qalıqları və tapıntılarla ziddiyyət təşkil etdiyini vurğulayıb. Qazıntıların 40 hektarlıq şəhərin üç istiqamətində aparıldığı, XVIII əsrə aid tikililər, bina qalıqları, küçə və yollar, sənətkar dükanları, qala divarları, hamam, kiçik ibadət otağı və qarşısında bulaq, su təchizatı, kanalizasiya xətti və s. konfrans iştirakçılarının diqqətinə çatdırıb.. Dulus ustasının zövqlə hazırladığı bir kaşının üzərində nadir rast gəlinən miniatür sənətşünasların diqqətini xüsusilə çəkmiş, onun əfşar dövrü miniatür sənətini canlandırdığı vurğulayıb.
Həbibə Əliyeva Milli Azərbaycan Tarixi Muzeyində qorunan daş və ağac oyma sənəti nümunələri, Afət Rüstəmbəyova isə Muzeydə mühafizə edilən qızıl, gümüş və digər əlvan metal saplarla tikilmiş, bəzədilmiş zərdüz parçalardan danışıb.
İspan alimlərinin çıxışlarında İpək Yolunun tarixinə, bugünkü funksiyasına, müsbət və mənfi istiqamətlərdə istifadəsindən yaranan imkanlar dəyərləndirilmişdir. Enerjinin Avropaya gəliş yolu olan İpək Yolu bugün dünyada III yerdə dayanan mədəni irs abidələrinin qaçaqmalçılığı yolunun da olduğu qeyd edilib. Azərbaycanın Ermənistanın işğalı altında olan torpaqlarından, muzeylərindən çox sayda mədəni irs nümunələri bu və başqa yollarla Avropaya daşındığı və dünya elmi ictimaiyyətinin buna səssiz yanaşdığı konfrans iştirakçılarının nəzərinə çatdırılıb.
Konfransın sonunda yekun bəyannamə qəbul edilib.
Konfrans iştirakçıları müsəlmanların əsasını qoyduqları Madrid şəhərinin görməli yerlərini ziyarət ediblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.