Bu terror təşkilatı 1973-1984-cü illərdə türk diplomatlarına qarşı terror aktları ilə “məşhurlaşmışdır”. Eyni təhdid məktubları Türkiyənin Fransa və Kanada səfirliklərinə də göndərilmişdir. Bununla bağlı Türkiyə Milli Kəşfiyyat İdarəsinin apardığı araşdırmalar nəticəsində təhdidin real olduğu üzə çıxmışdır. Deməli, yaxın gələcəkdə ASALA terrorunun da yenidən canlanacağı sürpriz olmaz.
Qanlı əməllər və xəyanət qardaşlığı
Bu gün dünyada qondarma “erməni problemi” adlandırılan məsələ erməni terroru ilə iç-içə keçmiş bir problemdir. Ermənilərin türk dövlət adamlarına qarşı terror əməli ilk dəfə 1905-ci ildə sultan II Abdulhamidə qarşı törədilmişdir. Bu hadisədən sonrakı tarixi dövrdə ermənilərin terror fəaliyyətləri dövlətə qarşı üsyan, silahlı hücum, quldurluq, işgəncə ilə adam öldürmə kimi cinayətlərlə parelel olaraq həyata keçirilmişdir. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra terror hərəkətləri də dayanmışdır. Lakin 1965-ci ildən sonra ermənilərin terror əməlləri yenidən başlamışdır.
Bu terror təşkilatları arasında ən “məşhuru” 1973-1984-cü illərdə onlarca türk diplomatını şəhid etmiş ASALA olmuşdur. Bu dövrdə erməni terrorçular 21 ölkənin 38 şəhərində 110 terror əməli törətmişlər. Bu təşkilat Türkiyə sərhədləri içindəki ən böyük terror hadisəsini 7 avqust 1982-ci ildə törətmişdir. Bombalı terrorda 9 nəfər ölmüş, 72 nəfər isə yaralanmışdı.
Ermənilərlə bağlı digər məsələlərdə olduğu kimi, ASALA terroru barəsində də Avropa həqiqətləri görmək istəmirdi. Lakin 1983-cü ildə Parisin Orly hava limanında Türkiyə Hava Yollarının ofisi qarşısında ASALA bomba partlatdı. Bu hadisə nəticəsində 5 nəfər ölmüş və 63 nəfər yaralanmışdı. Ancaq bundan sonra ASALA təşkilatı Avropada təhlükə olaraq görülməyə başlamışdır.
ASALA-ya qarşı Türkiyə dövlətinin mübarizəsi, habelə təşkilatın daxilindəki baxış ayrılıqları getdikcə bu təşkilatın gücünün zəifləməsinə səbəb olmuşdur. Lakin ASALA tamamən əriyib getməmiş, PKK başda olmaqla digər terror təşkilatlarına qatılmışdır. PKK və ASALA-nın əməkdaşlığına dair bir çox açıq və gizli sənədlər vardır. Bu sənədlərdən biri İngiltərənin Beyrut səfirliyinin Londona göndərdiyi kriptoqramdır. Bu sənəddə “Kürd Fəhlə Partiyası (PKK) və Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusunun (ASALA) Türkiyə dövlətinə qarşı ittifaqa girdikləri” ifadə olunmuşdur. 1992-ci ildə Türk Ordusunun zərbələri qarşısında tab gətirməyən PKK terrorçularının bir qrupu mayın 19-20-də Azərbaycanlılara qarşı müharibədə iştirak etmək üçün Urmiyaya, oradan da Ermənistana hərəkət etmişlər. Bundan başqa, PKK və ASALA-nın, habelə yunan terror təşkilatlarının xain qardaşlığını sübut edən çoxlu dəlil var.
Hədəf – türklərdir
Bu gün ASALA terror təşkilatının açıqlaması ciddi bir siqnaldır. Yaddan çıxarılmasın ki, bu əməllərin hədəfində türklər vardır. Ermənilər üçün isə türk kəlməsi təkcə Anadoludakı türkləri deyil, eyni zamanda Qafqazdakı türkləri də əhatə edir. ASALA 1970-80-ci illərdə, kommunikasiyanın bu günə nəzərən çox geri qaldığı bir dövrdə dünyanın müxtəlif yerlərində eyni anda terror törətmə qabiliyyətinə malik bir təşkilat olmuşdur. Ona görə də ASALA-nın təhdidlərini diqqətə almamaq səhlənkarlıq olardı.
ASALA-nın açıqlaması bir neçə cəhətdən önəm kəsb edir.
1) Bu terror təşkilatı fəaliyyətə başlayarsa, Türkiyədəki erməni lobbiləri və bəzi liberal kəsimlərin dilləri qısalacaq. Çünki Türkiyədə bəzən türk diplomatların şəhid edilməsinin arxasında dərin dövlətin olduğu və ASALA-nın olmadığını deyən sərsəm fikirlərə belə rast gəlinir.
2) Dünya ictimaiyyətinin bu gün terrora baxışı 1970-80-ci illərə nisbətən çox fərqlidir. ASALA-nın açıqlaması əslində ermənilərin özlərinə çox zərərdir. ASALA-nın Yaxın Şərqdəki ənənəvi dostları, Yunanıstan və bir çox ölkə ilə Türkiyənin münasibətləri “soyuq müharibə” dövründə olduğundan çox fərqlidir. Buna görə də ASALA öz fəaliyyətində iki əsas qüvvəyə – PKK və Ermənistana arxalanacaq. Bu da istər-istəməz Ermənistanın dünya ictimaiyyətində bir terrorçu dövlət olaraq ifşa prosesini sürətləndirər.
3) Türkiyədə terrora qarşı mübarizə sahəsində qanunvericiliyin zəiflədilməsi erməni terror təşkilatının əl-qolunun açılmasına səbəb ola bilər. Xüsusilə “kürd açılımı”, “erməni açılımı” kimi siyasi xəttin fəsadları erməni terrorunun qol-budaq atmasına imkan verə bilər.
4) Bu açıqlama Türkiyə və Azərbaycan arasında təhlüksəizlik məsələlərinə dair əməkdaşlığın praktiki əhəmiyyətini daha da artırmalı və bu sahədə əməkdaşlığa təkan verməlidir. Təəssüf ki, iki ölkə arasında təhlükəsizlik və hərbi əməkdaşlıq sahəsində qəbul edilməsi lazım olan sənədlər bu günə qədər qəbul edilməmişdir. Azərbaycan və Türkiyə arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının fəaliyyətində lazımi intensivlik gözə çarpmır. Azərbaycanda PKK tərəfdarlarının olmasına dair Türkiyədə vaxtaşırı gündəmə gətirilən məsələlərlə bağlı əməli tədbirlər görülməsinin vaxtı çoxdan çatmışdır. Əgər bu problemlər vaxtında öz həllini tapmazsa, erməni və kürd terroru Azərbaycan və Anadolu coğrafiyası arasında fərq qoymayacaq.
Mahirə QAYIBOVA, Ankara