|
Hər şeydən əvvəl insanların sizinlə necə münasibət bəsləməyini istəyirsinizsə, qarşınızdakı müsahibinizlə də həmin münasibətdə olun. İnsan əxlaqının dərinliklərində həmişə özünə qarşı onun ən gözəl xüsusiyyətinin başqasının dilindən eşitmək həvəsi və ümidi olur. Ona görə də mühasibinizin ən yaxşı xüsusiyyətini aşılayıb etiraf etməkdən çəkinməyin. İnsanlar daim dərk etmək istəyirlər ki, öz kiçik dünyalarında böyük əhəmiyətə malikdirlər. Həqiqət ondan ibarətdir ki, hər bir adam hansı cəhətdənsə özünü həmişə bizdən üstün tutur, həmçinin biz özümüz də. Bu vəziyyətdə etiraf etmək yerinə düşər: onun üstün və yaxud gözə çarpan cəhətini səmimi-qəlbdən etiraf etmək. Tam səmimi! Bu sözü ona görə vurğulayıram ki, səmimi münasibətlə yaltaqlanmağı səhv salmayasınız.Qeyri-səmimi münasibət onsuz da həmişə duyulur və qəzəblə qarşılanılır. Özünüzü nə ucuz tərif paylamağa, nə də almağa öyrəşdirməyin. Gəlin öz nəaliyyətlərimiz, arzularımız barədə düşünməyin daşını ataq. Digər adamların müsbət cəhətlərini qiymətləndirməyə çalışaq.
Adamlarda ruh yüksəkliyi yaratmaq, insanın ləyaqətini və gözəl xüsusiyyətlərini etiraf etməklə onda olan ən yaxşı nə varsa, hamısını inkişaf etdirmək olar. Bizi tənqid edənlərə çox vaxt acığımız tutur. İnsanlarla xoş münasibər qurmaq üçün tənqid əlbətdə ki mənasızdır, ona görə ki, insanın qüruruna ziyan vurur, heysiyyətinə toxunur və əksər hallarda incikliklə nəticələnir. Tənqid edəndə də fikirləşək görək biz özümüz tənqid edəcəyimiz adamdan üstünük?!
Yaxud özümüzü tənqid etsələr necə olar?! Təbii ki, qüsursuz adam yoxdur. Hamımızın həyatda nə vaxtsa tənqidi yanaşılacaq bir cəhətimiz var. Həzrət Əli (ə) buyurur: Hər kim başqası üçün pis fikirləşsə onun üçün də pis fikirləşərlər. Həmçinin görkəmli filosof Konfusi demişdir: Əgər öz qapınızın ağzı təmizlənməmişsə, qonşunun damının üstünü qar basdığından şikayətlənməyin. Tənqidi sözsüz, qəlbi incitmədən də bildirmək olar. Siz adamın haqsız olduğunu baxışlarınızla, jestlərlə sözdən daha aydın izah edə bilərsiniz. Ancaq siz onun haqsız olduğunu dərhal deməklə onu sizinlə razılaşmağa məcbur edə bilməzsiniz. Çünki, siz onun mədəniyyətinə, mənliyinə, şəxsi düşüncəsinə və ləyaqət hissinə zərbə vurmuş olacaqsız. Bununla da böyük mübahisələr yarana bilər.
Əgər kiminsə dediyini düzgün hesab etmirsinizsə söhbətə bu sözlə də başlamaq olar: Mənsə başqa cür fikirdə idim, yəqin səhv edirəm! Belə dedikdə qarşınızdakı adam dərhal öz fikri haqda bir daha düşünəcək və əgər sizin fikriniz onun düşündüyündən üstündürsə əvvəl axır sizin sözünüzə gəlib çıxacaq. Yanıla biləcəyinizi etiraf etməklə, siz heç vaxt xoşagəlməz vəziyyətə düşməzsiniz. Bu, onun özünün də yanıla biləcəyini etiraf etmək istəyi yaradacaq. Həmçinin Həzrət Əli (ə) buyurur: Hər kəs Bilmirəm sözünü tərk etsə rüsva və həlak olar.
Lakin, elə anlayışlı, dərin düşüncəli insanlar da var ki, tənqidi düzgün qəbul edir və hətta tənqidi yanaşmadan özünə dərs götürür. Dediyim kimi anlamaq və dərk etmək üçün gözəl xasiyyət və səbr lazımdır. Biz əksər hallarda yalnış fikirlilik, qeyri obyektiv, qorxu, şübhəlilik, qısqanclıq, paxıllıq hissləri keçiririk.
Bir dəfə özümə bahalı bir mağazadan paltar aldım, halbu ki, həmin paltarı başqa yerdən bir az ucuz qiymətə də ala bilərdim, amma ora uzaq olduğu üçün tənbəllik etdim. Evə gəldim, anam paltara baxıb bəyəndiyini söylədi və dərhal qiymətini soruşdu. Qiymətini deyəndə isə o qışqıraraq: Nə? Sən nə danışırsan? Bu qiymətə, bu paltar?!
Əslində anam düz deyirdi, lakin insan pis olan həqiqəti heç cür qəbul edə bilmir. Buna görə də özümü müdafiə etməyə başladım: Ana, axı ucuzlaşdırılmış mallar mağazası çox uzaq idi, həm də ucuz ətin nə şorbası?!
Axşam atam gəldi. Paltara baxdı, sanki paltarın yaraşığına heyran oldu, paltara elə təriflər qurdu ki, özüm də məətəl qaldım. Bu dəfə münasibətim tamam başqa cür oldu. Dedim: Ata can, doğrusunu desəm bu paltara çox pul israf etmişəm və təəssüflənirəm, kaş ki gedib ucuz alardım.
Atam isə, “yox, narahat olma, bu cür gözəl paltara mən bundan da artıq pul verərdim”, - dedi.
Biz haqsız olduqda bunu özümüzə etiraf edə bilərik, əgər bizə mülayim və nəzakətlə yanaşsalar, bunu başqalarına da etiraf etməyə və hətta öz ürək açıqlığımızla fəxr etməyə qadirik.
Əgər bizi söz toqquşması gözləyirsə, təşəbbüsü öz əlimizə almaq başqasının dilindən tənqid olunmaqdan daha yaxşı deyilmi?! Öz barəmizdə qarşımızdakının fikrində və ya dilində olan bütün təhqiramiz sözləri deyin, həm də bu sözləri gərək ki, ondan əvvəl söyləyəsiniz, o zaman onun fikrini dəyişdirmək olar. Belə etsəniz o, alicənablıq, və mərhəmətliliyini üzə çıxarıb sizi təhqir etməz və səhvlərinizi də minimuma endirər. Özünütənqid hər bir mübahisənin və ya söz savaşının başlamamış bitməsinə səbəbdir.
Bir gün bacımın qızına bir neçə saatlıq mən baxmalı oldum, uşağı mənə tapşırdılar. Necə oldusa bir anlıq başım qarışdı bu anda uşaq bıçaqla əlini zədələdi. Mən onun əlini qanlı görəndə elə bil dünya başıma fırlandı. Nə etməli idim?! Ata anasına nə cavab verəcəkdim?! Onlar mənim uşağa yaxşı baxacağıma arxayın idilər, mən nə etdim?! Özümü ələ alıb onlara hər şeyi olduğu kimi etiraf etdim. Əslində günahın məndə olduğunu; mənim vəzifəm uşağa göz-qulaq olmaq idi amma mən məsuliyyətsizlik etmişdim və s. Etirafım elə bil onları sakitləşdirmişdi. Sanki mənim məsuliyyətsizliyimin fərqində deyildilər, əksinə məni bu hadisəyə görə heç də təqsirkar saymadılar.
İmam Sadiq (ə) buyurur: Hər kim qəzəbinin qarşısını alsa, Allah onun eybini örtər və gizlədər. Əgər haqlıyıqsa, insanları mərifər və nəzakətlə inandırmağa çalışaq, əgər səhv ediriksə gəlin öz səhvlərimizi boynumuza alaq. Bu üsul nəinki yalnız yaxşı nəticələr verər, həm də mənimlə razı olarsınız ki, müəyyən şəraitdə səhvi etiraf etmək özünü müdafiə etməkdən daha xoşdur. Həyatda hansısa səhvimizi etiraf etməyə özmüzü öyrəşdirsək, böyük səhvlərimizi də etiraf edib peşmançılığını çəkməyə qadirik. Belə olduqda Allah da peşiman bəndənin göz yaşlarını heç vaxt selə çevirməz, bağışlayar inşəallah.
Bir sözlə, öz ərinizlə, yaxud rəfiqənizlə və ya hər hansı bir tanışınızla mübahisə etməyin. Ona haqsız olduğunu deməyin, onu əsəbləşməyə məcbur etməyin, bir az səbirli və diplomat olun. Qarşınızdakının fikrinə hörmət göstərin.
Unutmayaq ki, dava-dalaşla heç vaxt çox şeyə nail ola bilmərik, lakin bağışlamağın, güzəştə getməyin köməyi ilə gözlədiyimizdən daha çox şey əldə edə bilərik.
İmam Əli (ə) buyurur: Özünüzü bağışlanmaq istəyi ilə ətirləndirin ki, pis günahların qoxusu sizi rüsvay etməsin. Rəhim Allah bağışlayan və mərhəmətlidir. Gəlin, Allaha xatir bir-birimizi bağışlayaq və güzəştə gedək.
Rübab Allahverdiyeva
|