Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 May

2021
15:29
30 illik işgal siyasətinə səssiz qalan `Qoca qitə` unudur ki, əbədi dostluq və düşmənçilik yoxdur

“İlk növbədə Ermənistan Azərbaycanın BMT tərəfindən tanınan suveren hüquqlarını və sərhədlərini tanımalıdır” – Əli Orucov 

Bir müddət əvvəl Avropa Şurası  (AŞ) “Münaqişə bitib, barışmaq vaxtı çatıb" – bəyanatı ilə Azərbaycana mesaj ünvanlamışdı. AŞ-dan bildirilirdi ki, qurumun münaqişədən sonrakı mərhələ sahəsində geniş təcrübəsi var və bu işdə köməyini göstərməyə hazırdır.

Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb, minlərlə günahsız insanı qətlə yetirib, bir milyondan çox insanı qaçqın və məcburi köçkünə çevirib. Xocalı qətliamını, bir sözlə, müharibə cinayətlərini törədən ermənilər Birinci Qarabağ müharibəsi zamanı əsir götürdükləri 4000-ə yaxın azərbaycanlı haqqında hələ də heç bir məlumat vermir. Ermənistan vaxtilə işğal edilən torpaqlarda minalanmış ərazilərin xəritələrini də Azərbaycana təqdim etməkdən boyun qaçırır. 

Demokratiya və insan haqlarını yüksək tutduğunu iddia edən, amma ermənilərin törətdiyi  vandalizm faktlarına səssiz qalan Avropa institutları nə üçün “geniş təcrübələrini” indi işə salıb, tələm-tələsik, hələ şəhid qanları qurumamış  azərbaycanlıları ermənilərlə dostlaşdırmaq istəyirlər? Ümumiyyətlə, ermənilərlə yenidən dostlaşmaq, birgə yaşamaq mümkündürmü? 

Politoloq Əli Orucov Faktxəbər-ə açıqlamasında bildirib ki, bütün münaqişələrin, müharibələrin sonu sülhlə qurtarır. Və qarşı duran tərəflər bir-birilə barışır, münasibətlər qurur:

“Gec-tez Qafqazda da sülhün, təhlükəsizliyin qurulması və dayanıqlığı qaçılmazdır. Amma ilk növbədə Ermənistan Azərbaycana qarşı təcavüzkar, işğalçı siyasətdən, uydurma iddialardan əlini çəkməli, ölkəmizin BMT tərəfindən tanınan suveren hüquqlarını və sərhədlərini tanımalıdır. Bu halda növbəti etaplarda Azərbaycanla Ermənistan arasında müxtəlif sahələrdə münasibətlərin normallaşdırılması mümkün ola bilər. Amma təəssüf ki, Ermənistan hələ də qondarma ərazi iddialarından geri çəkilmir, əksinə, biz bunun tam tərsini görürük”. 

O ki qaldı, beynəlxalq birliyin Azərbaycanla bağlı çağırışlarına, politoloq  bunu ikili standartların davamı kimi qiymətləndirdi:

“Əlbəttə, bu məsələnin həm obyektiv, həm də subyektiv səbəbləri var və onları sadalamaq olar. Əvvəla Azərbaycan diplomatik sahədə səhvlərə yol verib. Ermənilər isə tamamilə fərqli istiqamətdə fəaliyyət sərgiləyiblər. Onlar yalan iddiaları elə təsvir edib, beyinlərə yeridiblər ki, bunlar  şübhə oyatmayıb və inandırıcı görünüb. Yəni bizim haqlı olaraq haqsız vəziyyətə düşməyimizin səbəbi  Azərbaycanın daxili və xarici siyasətindən irəli gəlir. Ancaq məsələ həm də burasındadır ki, biz istəsək də, istəməsək də, sivilizasiyalararası münasibətlər öz rolunu göstərir. Yəni xristian Avropası, xristian dünyası  Ermənistanı qoyub, müsəlman Azərbaycan ölkəsini müdafiə etməz ki. Düzdür, arada tarazlıq yaratmaq məqsədilə bəzi bəyanatlar verə bilərlər, amma bundan artığına can atmazlar”.

Ə.Orucov, erməni təcavüzünə dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin heç birinin icra olunmadığını, Azərbaycanın özü həmin sənədləri silah gücünə həyata keçirtdiyini vurğuladı:

"Halbuki, başqa bir dövlət olsaydı, qətnamələr dərhal yerinə yetirilərdi. Ümumiyyətlə, Ermənistan Avropadan həmişə ciddi dəstək alıb və almaqda davam edir. Bu da bizim işlərimizə maneələr törədir. Odur ki, Vətən müharibəsində qazandığımız qələbənin qəbul olunması və nəticələrinin Azərbaycanın xeyrinə tam yekunlaşması üçün çox işlər görməliyik. Ermənilər zaman-zaman azərbaycanlılara qarşı kütləvi qətl və qırğınlar törədiblər, etnik təmizləmə aparıblar. Biz isə başımıza açılan bu qanlı cinayətləri dünya ictimaiyyətinə tanıda bilməmişik. Bəli, görürük ki, son zamanlar hətta prezident səviyyəsində tarixi torpaqlarımızın adları çəkilir, Zəngəzur, Göyçə, İrəvan mahalının Azərbaycanın ərazisi olduğu bəyan edilir. Hərçənd indiyə qədər bu adların çəkilməsinə qadağa qoyulmuşdu. Yuxarı dairələrdə düşünürdülər ki, beynəlxalq aləm Ermənistana qarşı ərazi iddiasında olduğumuzu əsas gətirib bizi qınayacaq, münasibətini dəyişəcək.

Təəssüflər olsun xarici diplomatiyamız peşəkarların əlində deyil və zəif cəhətlərimiz çoxdur. Bu vəziyyəti dəyişdirmək, peşəkar diplomatları işə cəlb etmək artıq zəruri hala çevrilib”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
175

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
291

Azərbaycan nefti ucuzlaşıb

18

İyun
10:57
İQTİSADİYYAT
285

İranda prezident seçkiləri keçirilir

18

İyun
09:43
DÜNYA
275

Neftin ucuzlaşması davam edir

18

İyun
09:22
İQTİSADİYYAT
297
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2021 04:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru