VII əsr... İnsanlıq günəşi sonsuzluq üfüqündə qüruba enmiş, hər yanı zülmətə qərq etmiş... Göy üzü tutqun və iri-qara buludlarla örtülmüş. Səmanı vahiməli bir uğultu bürümüş. İndicə göydən daşlar yağacaq sanki, camaatı qırıb-çatacaq. Çadırlarda körpə yavrular, yamaqlı çocuqlar ağlaşır, çirkli əlləri ilə üzünü silir və yazıq-yazıq ətrafına baxır. Analar ah-nalə edir, qocalar zəif səslə sızıldayır.
Hər tərəf samanla yoğrulmuş palçıq divarlar... biz-biz çıxmış saman. Lifli örtük şiddətli küləklə titrəşir, qəribə səslər çıxarır, nalə edirdi.
Bu zülmət gecədə şiddətlə özünü o ev, bu evə çırpan qara külək ağuşunda qılınc cingiltisinə bənzər səslər də gətirir, vahimə ilə uşaqların yetimliyi, anların dul qalma xəbərini pıçıldayırdı...
Amansız müharibələr, tökülən nahaq qanların səsi-sədası səmaları lərzəyə gətirirdi. Yer-göy insanların cahilliyi, nadanlığı və zalımlığından cana doymuşdu... Əllər, dillər, gözlər, səslər səslərə qarışaraq həzin nəğmə, sızıltılı minacatla aləmlərin Pərvərdigarına doğru yüksəlir, mələklər aləmini qəm-qüssəyə qərq edirdi...
Bir xəbər gözlənilirdi...
Onlar vəhşi heyvanları hürkütmüş, onları öz komalarına, yuvalarına sığınmağa məcbur etmişdi...
Onlar kobudluq, sərtlik, qaniçənliklə bütün incəlikləri, zəriflikləri yerə gömmüş, xarı bülbülləri nizələrə sancmışdı...
Bir xəbər gözlənilirdi...
Onlar insan cildli heyvanlar idi. Fitrətin parlaq, gur işığını taxta, daş-kəsək yazıq adamcıq bütlərlə qapamış, varlığınıı zülmətlərə qərq etmişdilər...
Bir xəbər gözlənilirdi...
Onlar məstedicilər içmək, döyüşmək, mənasız şeirlər söyləməklə ad qazanmışdılar.
Onlar pakizə həyatı yadırğamış, vəhşilər misalı bulanıq sular, iyrənc yeməklərlə ömür sürərdilər.
Bir xəbər gözlənilirdi...
Onlar bəhanələrlə bir-birinin qanını tökür, ailəsini əsir götürürdü. Onlar bağışlamır, güzəştə getmir, kimsəyə hörmət etmirdilər.
Onlar qız övladı ar bilir, onu ananın isti ağuşundan qoparır, məsum körpənin yazıq-yazıq, donuq-donuq baxmasına əhəmiyyət vermədən diri-diri torpağa...
Böyük bir hadisə gözlənilirdi...
Bir millət ki, bir-birinin haqqını görmür, kiçik-böyük bilmədən əhdə xəyanət edir…
Bir hadisə gözlənilirdi... Onlar yeganə Tanrını tərk edib 360 bütə ibadət edir, hələ öz evlərinə də müxtəlif bütlər yerləşdirirdilər.
Onlar halal-haram bilmirdi… murdar heyvanlar yeyir, qan içirdi… yox… onlar vəhşiləşmişdi, onların qəlbi ölmüşdü...
Bir hadisə gözlənilirdi...
Hər yanı cəhalət, xürafat, nadanlıq, kor-koranə təqlidlər bürümüş burada…deyilməsi belə utanc gətirən adətlər bunların yolu, həyatı…
Bir də qadın…ah anam... ey tarixin ağrı-acısı, sən nələr çəkmisən ey məzlum, ey sonsuz acılar şahidi. Sənə edilən zülmlər ağılları dondurur, ürəkləri yandırır, insanı həyatdan usandırır.
Bir xəbər gözləyirdi dünya. Bir nicatvericinin yolunu çəkirdi gözlər. Uzaqgörənləri nə isə qəribə bir xəbər söyləyirdi...
O isə dağlara sığınmışdı..., səhralara yol almışdı, cana doymuşdu. Onun kövrək qəlbi bütün bu olanlara tab gətirə bilmirdi. O buralı deyildi, bura mənsub deyildi, o səmaların, parlaq ay-ulduzların övladı idi. O bəyənilmiş idi.
Hamı Onu, məhz Onu gözləyirdi, özlərindən xəbərsiz.
O, daim bu kiçik daldalanacağa gəlir, öz Rəbbi ilə dərdləşirdi. Onun geniş ruhu və ruhunun gur işığı zülmətlərə dözə bilmir, özünə yer tapa bilmirdi. İnsanların zalımlığı, cəhaləti onu çox incidirdi. Bəzən bir ay burada qalar, Allahla razü-niyaz edərdi. Bu zaman yaşlı bir qadın və bir də bir uşaq ona yemək gətirərdi...
Bir xəbər, bir nicat gözləyirdi... Elə bir xəbər ki, insanları zülmətdən nura, cəhalətdən hikmətə, çirkinlikdən təmizliyə, zülmdən ədalətə, ayrılıqdan vəhdətə, kobudluqdan şəfqətə, müharibələrdən sülhə, bütlərdən, şirkdən tövhidə səsləsin, haraylasın.
O, səmanın intizarını çəkirdi. Ona vəd olunmuş vaxtın yaxınlaşdığını hiss edirdi. Artıq qırx yaşı vardı. Qarşıda onu çətin sınaqlar, ittihamlar, müharibələr, məhrumiyyətlər, əziyyətlər, itkilərlə dolu iyirmi üç illik peyğəmbərlik gözləyirdi...
O, müntəzir idi...
Onun gətirdiyi ən mükəmməl, mütərəqqi, dolğun, cahanşümul, əbədi bir din olacaqdı...
Onun dini dahilər, ülvi şəxsiyyətlər, ideal dövlətlər yetişdirəcəkdi...
Onun dini bəşəriyyətə məsum rəhbərlər töhfə verəcəkdi...
Onun Quranı bütün dərdlərə şəfa, bütün çətinliklərə çarə olacaqdı...
Təbii ki, bu da ağılsız, kəsik nəfəsli, insanlıq düşməni, mənafe və nəfspərəst, alçaq xislətlilərin xəstəliyini daha da artıracaq, onların bu müqəddəs dinə qarşı məkrli hiylələr düşünmələrinə bais olacaqdı. Qafil bundan ki, aləm Allah-taalanın sarsılmaz, yenilməz iradəsi ilə idarə olunur. O, Öz dinini hər şeyə rəğmən bütün insanlara çatdırmaq əzmindədir!
-Oxu!
-Mən oxuya bilmirəm.
-Oxu deyirəm!
-Axı mən oxuya bilmirəm.
-Oxu, yaradan Rəbbinin adıyla! O, insanı bir laxta qandan yaratdı...
Çəkilən intizar sona yetmişdi. Amma bu hələ yolun başlanğıcı idi...
Tarix təkrarlanır...
Tarix XXI əsrin cəhalət, nadanlıq, vəhşilik, zülm, ədalətsizlik, ayrıseçkilik, pozğunluq, fitnə-fəsad dövrünü yenidən yaşamaqda.
Tarix xilaskar Məhəmmədin (s.ə.v.v) zülmə, məkrli hiylələrə xürafatlara, qəribliyə məruz qalmış dinini dirçəldəcək, təravətləndirəcək, saflaşdıracaq yeni bir Məhəmmədi (ə.f.) gözləyir-Son xilaskar həzrət Məhəmməd Sahibəz-zamanı...
12-17 RƏBİÜL-ƏVVƏL: VƏHDƏT HƏFTƏSİ MÜNASİBƏTİLƏ BÜTÜN MÜSƏLMAN BACI-QARDAŞLARIMIZI TƏBRİK EDİRİK.