Turqut Ərin yazdığı kitaba cavab olaraq, Atatürklə Leninin yazışmaları, Atatürkün həyat yoldaşı Lətifə xanımın şok iddiaları və Nəcib Fazil Kısakürəyin qələmə aldığı "Qurtuluş Savaşını" Vahidüddin başlayıb iddialarını da özündə birləşdirən kitab hazırlanıb
28-12-2010 / 13:39
Məlumdur ki, 1994 - 2000-ci illərdə Türkiyənin Bakıdakı səfirliyində mətbuat katibi olmuş Turqut Ər, xatirələrini "Azadlıqdan Tiranlığa - Sanki Stalin və Beriya Xortlamışdır" kitabında toplayıb. Bu tirajlanmadan sonra rəsmi Bakı istər Turqut Ərə, istərsə də rəsmi Ankaraya təzyiqlərini göstərməyə çalışıb. Bu məqsədlə bir çox televiziya kanalları və yazılı mətbu orqanlar da səfərbər edilib.
Lakin son günlər Yeni Azərbaycan Partiyasının İcra Aparatı daha aqressiv addımlar atacağına dair söz-söhbətlər gəzirdi. Elə bu informasiyanı dəqiqləşdirmək məqsədi ilə apardığımız araşdırmadan sonra məlum oldu ki, artıq Bakının cavabı hazırdır. Turqut Ərin kitabına cavab olaraq Atatürkə qarşı kitab hazırlanır. Əldə etdiyimiz məlumata görə, həmin kitaba Atatürkün Leninlə yazışmaları və Lətifə xanım tərəfindən söylənildiyi iddia olunaraq 70-ci illərdə Türkiyədə çap olunan, sonra isə qadağan olunan məlumatlar və Nəcib Fazil Kısakürəyin 80-ci illərdə qələmə aldığı və qadağan olunaraq müəllifin ölümünə səbəb olan “Vətən xaini deyil-Böyük Vətən Dostu Vahidüddin” kitabından da seçmələr da yer alacaq.
Məlumat üçün bildirək ki, Atatürkün Leninlə yazışmalarında Azərbaycanın 5 milyon qızıl sikkə qarşılığı bolşevikləşdirilməsinə razı olduğu qeyd olunub.
Lətifə xanımın söylədiyi iddia olunan məqamlar isə Atatürkün özəl həyatı ilə bağlı olub, etik normalardan uzaqdır.
Nəcib Fazil Kısakürəyin “Vətən xaini deyil-Böyük Vətən Dostu Vahidüddin” kitabında isə “Qurtuluş Savaşı”nın o dönəmin sonuncu Osmanlı Sultanı Vahidüddin tərəfindən başladıldığı iddia olunur.
Məlumata görə, kitab Yanvar ayının 29-da Atatürklə Lətifə xanımın evlilik ildönümündə çap olunacaq./PİA
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.