
Yazının XXX hissəsinə keçid
Blumfild həm də Bronfmanlar ailəsinin vəkili idi. “World Trade Mart” kompaniyası polkovnik Kley Şou (Clay Shaw) və Federal Təhqiqatlar Bürosunun Nyu-Orleanda Beşinci Bölməsinin şefi Gi Bannister (Guy Bannister) tərəfindən yaradılmışdı. Şou və Bannister Kennedinin öldürülməsində ittiham olunan və Kennediyə güllə atmadığını sübuta yetirməzdən əvvəl MKİ-nin muzdlu agenti Cek Rubi tərəfindən qətlə yetirilən Li Harvi Osvaldla yaxından tanış idilər. Uorren Komissiyasının və çoxsaylı rəsmi məruzələrin əksinə olaraq, nə “Manlixer” tüfənginin – qətlin bu silahla həyata keçirildiyi ehtimal olunurdu (bu, həqiqətə uyğun deyildi) - Osvalda məxsus olması, nə də onun bu tüfəngdən atəş açması BELƏCƏ MÜƏYYƏN OLUNMAMIŞ QALDI. Narkotika ticarəti, Şou, Bannister və Blumfild arasında əlaqə öz təsdiqini dəfələrlə tapmışdır və bu suala burada yenidən toxunmağa ehtiyac yoxdur.
“Resorts International” kompaniyasının və narkotika ticarəti ilə əlaqəli olan digər kompaniyaların İkinci Dünya Müharibəsindən bilavasitə sonra pulların yuyulması üçün istifadə etdikləri ən geniş yayılan metodlardan biri, çirkli pulların yuyulması üzrə ixtisaslaşan banka nəğd pulun kuryer xidməti vasitəsilə göndərilməsi idi. İndi hər şey dəyişmişdir. İndi bu risqli metoddan yalnız “xırda balıqlar” hələ də istifadə edirlər. “İri balıq” öz pulunu Nyu-Yorkda yerləşən “Berrouz” (Burroughs) kompüter sisteminin bazasında yaradılan CHIPS sistemi – “Clearing House International Payment System” (“Beynəlxalq Ödəmələr Sisteminin Hesablaşma Palatası”) üçün qısaldılmış ad – vasitəsilə köçürür. Bu sistemi on iki ən iri bank istifadə edir. Bunlardan biri “Honkonq ənd Şanxay Bankinq Korporeyşn” (HSBC) bankı, digəri isə “Credit Suisse” (“İsveçrə Krediti”) bankıdır ki, əgər onun əməliyyatlarının mahiyyətinə dərindən varmasan, bu bank ilk baxışdan bank işində xoşməramlılıq nümunəsi təsəvvürünü yarada bilər. Bazası Virciniya ştatında yerləşən SWIFT sistemi (“Society for World International Financial Transfers” — “Ümumdünya Beynəlxalq Maliyyə Köçürmələri Cəmiyyəti”) ilə birlikdə çirkli pullar gözəgörünməz olur. Yalnız aşkar səhlənkarlıq Federal Təhlükəsizlik Bürosuna (FTB) vaxtaşırı uğur payı qismət edir, o da bu şərtlə ki, FTB-yə buna barmaqarası baxmaq əmr edilməmiş olsun. Nəğd pul yalnız aşağı eşelonların narkodilerlərinin əllərində tutula bilər. Elita isə - “Drexel Burnham” (“Dreksel Bernxam”), “Honkonq ənd Şanxay Bankinq Korporeyşn” (HSBC) – ifşa olunmaqdan qaça bilir. Lakin “Bank of Credit and Commerce International” (BCCI) bankının süqutu ilə ola bilsin ki, bu vəziyyət də dəyişsin, çünki bankın süquta uğraması nəticəsində narkoticarətlə bağlı çox fakt üzə çıxa bilər. Əlbəttə, əgər əməlli-başlı təhqiqat aparılarsa.
Komitet 300-ün portfelində ən qiymətli aktivlərdən biri “American Express” (AMEX) kompaniyasıdır. Onun prezidentləri mütəmadi olaraq Komitet 300-də yer tuturlar. AMEX-lə mən ilk dəfə, tədqiqatlarım məni Cenevrədəki “Trade Development Bank” (“Ticarətin İnkişafı Bankı”) bankına gətirib çıxaranda rastlaşdım. Sonralar mən bu səbəbdən bir çox xoşa gəlməyən hal yaşamalı oldum. Aşkar etdim ki, “qızıl – tiryək” tipli ticarət əməliyyatlarında həlledici adam olan Edmund Safranın (Edmund Safra) o vaxt başçılıq etdiyi “Trade Development Bank” Honkonq bazarına tonlarla qızıl çıxarır.
İsveçrəyə getməzdən əvvəl mən Cənubi Afrikaya, Pretoriyaya baş çəkdim və burada d-r Kris Stalsla (Dr. Chris Stals) görüşdüm. O, həmin vaxt Cənubu Afrika qızılının topdan satış əməliyyatlarının hamısına nəzarət edən “South African Reserve Bank”ın (“Cənubi Afrika Ehtiyat Bankı”) başçısının müavini idi. Bir həftə ərzində onunla apardığım bir neçə söhbətdən sonra mənə deyildi ki, bank mənə, özümü təqdim etdiyim kimi, təmsil etdiyim müştərilərim adından qızıl almaq üçün səlahiyyət verilən şəxsə on ton qızıl sata bilməz. Lazımi yerlərdə işləyən dostlarım heç bir şübhə doğurmayan sənədləri necə hazırlamaq lazım olduğunu yaxşı bilirdilər.
“South African Reserve Bank” məni bir İsveçrə bankına göndərdi, lakin mən bu bankın adını çəkə bilməyəcəm, çünki onda mənim pərdə-örtüyüm pozulmuş olardı. Mənə həm də Cenevrədə “Trade Development Bank”ın ünvanını verdilər. Eksperimentimin məqsədi qızılın satışı və yerdəyişməsi mexanizminin üstünü açmaq, ikincisi isə, bu növ işlər üzrə ixtisaslaşan keşmiş kəşfiyyatçı dostlarımın mənim üçün hazırladıqları saxta sənədləri sınaqdan çıxarmaq idi. “Ceyms Bond” seriyasında “M” literi yadınızdadırmı? Sizi əmin etməyimə izin verin ki, “M” həqiqətən də mövcuddur, lakin onun əsl adının baş hərfi “S”-dir. Məndə olan sənədlər və müvafiq təsdiqləyici kağızlar Lixtenşteyn kompaniyalarından “satın almaq orderlərindən” ibarət idi.
Mən “Trade Development Bank”a müraciət edəndə əvvəl məni orada ürəkdən salamladılar, lakin danışıqlar irəlilədikcə şübhələr güclənirdi və nəhayət, hiss etdim ki, banka gəlib-getmək mənim üçün təhlükəsiz deyil və bankda heç kəsə heç nə demədən Cenevrəni tərk etdim. Sonralar həmin bank “American Express”ə satıldı. “American Express” kompaniyası ABŞ-ın Baş Prokuroru Edvin Miz (Meese) tərəfindən səthi yoxlamaya məruz edildi. Baş prokuror bundan sonra tezliklə vəzifəsindən çıxarıldı və “korrupsioner” elan edildi. Müəyyən etdim ki, “American Express” həmişə narkopulların yuyulması üçün kanal olub və üstəlik də özəl kompaniyanın nəyə görə dollar çap etmək hüququna malik olduğunu mənə heç kəs izah edə bilmədi – “American Express”in yol qəbzləri məgər dollar deyil? Bir müddət sonra mən Edmund Safra ilə “American Express” arasında mövcud olan əlaqəni və onların narkotika ticarətinə aidiyyatı olmasını ifşa etdim. Ehtimal etmək olar ki, bu, çoxlarını kədərləndirmişdi. Komitet 300-ün üzvü Cafet (Japhet) “Charterhouse Japhet” kompaniyasını idarə edir, bu kompaniya isə, öz növbəsində, Honkonqun tiryək ticarətinə birbaşa çıxış imkanı qismində “Jardine Matheson” kompaniyasına nəzarət edir. Cefetlər, deyilənə görə, ingilis kvakerləridir(*). Komitet 300-ün üzvü olan Matesonlar ailəsi də Çində tiryək ticarətində, hər halda düz 1943-cü ilə qədər əsas fiqur olub. XIX əsrin əvvəllərindən etibarən Matesonların adı İngiltərə Kraliçasının Fəxri siyahısında daim olmuşdur.
Narkotika ticarətinin Komitet 300-dəki yüksək sərəncamçıları hər il milyonlarla insanın həyatını dağıtdıqları üçün vicdan əzabı çəkmirlər. Onlar Qnostiklər, Katarlar, Dionis, Ozaris və ya bunlardan da pis kultların üzvləridir. Onlar üçün “adi” insanlar yalnız şəxsi məqsədlərinə çatmaq üçün bir vasitə kimi mövcuddurlar. Onların ilk müqəddəs rahibləri Bulver-Litton (Bulver-Litton) və Oldos Haksli (Aldos Huxley) narkotiklərin incili barədə faydalı maddələr kimi danışırlar. Hakslidən iqtibas gətirək:
“Gündəlik istifadə üçün isə həmişə kimyəvi intoksikantlar mövcud olub. Bütün təbii sedativlərin (sakitləşdirici vasitələr) və yuxu gətirənlərin (ağrıkəsici), ağaclarda yetişən eyforiklərin, meyvələrdə toplanan qallüsiogenlərin hamısını insanlar hələ özlərini tanımazdan da əvvəl istifadə etmişlər. Və elm şüuru dəyişdirən bu vastələrə özünün sintetik maddələr qammasını da əlavə etmişdir. Qeyri-məhdud istifadə etmək üçün Qərb yalnız alkoqola və tütünə icazə vermişdir. Divardakı qalan bütün kimyəvi Qapılar isə NARKOTİKA elan olunmuşdur”.
Narkotiklər Komitet 300-ün oliqarxları və plutokratları üçün iki məsələni həll edir: birincisi, nəhəng məbləğlərdə pul gətirir, ikincisi isə, xalqı geriyə yolu olmayan düşüncəsiz narkotika zombisinə çevirir ki, onları narkotiklərə ehtiyacı olmayan insanlara nisbətən daha asan idarə etmək mümkün olacaq - axı qiyama görə cəza heroin, kokain, marixuana və sairənin təchizatının dayandırılması olacaq. Bunun üçün narkotikləri leqallaşdırmaq lazımdır. Odur ki, 1991-ci il depressiyasının müjdəçisi olduğu mürəkkəb iqtisadi şərait narkotiklərə tələbatın kəskin artımını meydana çaxaranda, - bu ona görə baş verəcək ki, minlərlə işsiz təskinliyin yeganə vasitəsi kimi narkotiklərə müraciət etməyə başlayacaq, - tətbiq olunmaq üçün artıq hazır olan İNHİSAR SİSTEMİNİ işə salmağa artıq heç nə mane olmayacaq.
“Beynəlxalq İşlər üzrə Kral İnstitutu”nun tamamilə məxfi məqalələrindən birində bu ssenari aşağıdakı kimi qələmə alınmışdır (bir hissə):
“...beş və beş ildən çox işsiz qalan adamlar xristianlıqla qane olmadıqları üçün və işsizliyin geniş yayıldığına görə kilsədən üz döndərəcək və təskinliyi narkotikdə axtarmağa başlayacaqlar. Məhz həmin vaxt narkotiklərin ticarəti üzərində tam nəzarət qurulmalıdır ki, bizim yurisdiksiyamız altında olan bütün ölkələrin hökümətləri təchizat vasitəsilə idarə edəcəyimiz İNHİSARA malik olsun... Narkotika barları tabe olmayanlar və bununla razılaşmayanların qayğısına qalacaq, potensial inqilabçılar fərdi iradəsi olmayan ziyansız narkomanlara çevriləcək...”.
Mərkəzi Kəşfiyyat İdarəsi və Böyük Britaniya kəşfiyyatının, xüsusilə də Mİ-6-nın artıq, ən azı, on ildir ki, bu məqsədə nail olmaq üzərində işlədiklərinə dəlalət edən sübutlar çoxdur.
Yeni Dünya Nizamı və sürətlə yaxınlaşan Yeni Qaranlıq Əsr şəraitində insanlar artıq şəxsi iradəyə malik olmayacaqlar - Oldos Haksli və Bulver-Littonun bütün həyatlarının əməyini “Beynəlxalq İşlər üzrə Kral İnstitutu” bəşəriyyətin bax belə bir vəziyyətə gətirilməsinin proqramı kimi istifadə etmişdir. Gəlin “ilk müqəddəs” Oldos Hakslinin bu haqda nə dediyinə baxaq:
“Sivilizasiyanın bir çox səviyyələrindəki bir çox cəmiyyətlərdə narkotika dəmini İlahi dəmlə uyğunlaşdırmaq üçün cəhdlər edilmişdir. Məsələn, qədim Yunanıstanda rəsmi dində etil spirtinin öz yeri olub. Dionis, biz onu tez-tez Baxus da adlandırırıq, əsl ilahi olub. Kimyəvi dəyişikliklər (şüurda) qanunvericiliklə qadağan oluna bilər, lakin məcburi qaydada sırına bilməz”. (KAPİTOLİDƏ NARKOTİKA LOBBİSİNİN DANIŞIQ DİLİ.)
“İndi də gəlin hələ kəşf edilməyən, lakin ola bilsin ki, kəşf edilmə astanasında olan başqa tip narkotikanı, insanın özünü adətən bədbəxt hesab etdiyi vəziyyətlərdə onu xoşbəxt edən narkotikləri nəzərdən keçirək. (İş axtaran və tapa bilməyən insandan da bədbəxt kimsə ola bilərmi?) Bu cür narkotika xeyir-dualı, lakin ciddi sosial və siyasi təhlükələr yarada bilən xeyir-dualı narkotika olardı. Ziyansız eyforik maddələri azad əldə etmək imkanı verməklə hər hansı bir diktator (oxu, Komitet 300) bütün əhalinin mövcud vəziyyətlə barışmasına nail ola bilərdi ki, özünə hörmət edən insan belə vəziyyətlə barışmalı deyil”.
Tamamilə dialektik şedevrdir. Hakslinin müdafiə etdiyi və Komitet 300, o cümlədən də onun surroqatı olan “Beynəlxalq İşlər üzrə Kral İnstitutu”nun rəsmi siyasəti nədir – bunu sadəcə, kütləvi şüurun nəzarət altına alınması və idarə edilməsi kimi müəyyən etmək olar. Tez-tez dediyim kimi, bütün müharibələr insanın ruhu uğrunda aparılır. Bizə çatmır ki, narkotiklərlə ticarət – bütün bəşəriyyətə qarşı qeyri-adi metodlarla aparılan aşağı intensivli müharibədir. Bu cür qeyri-adi müharibə - müharibənin ən təhlükəli formasıdır və o bir dəfə başlayıbsa, daha heç vaxt qurtarmayacaq.
* Kvakerlər (özlərini “Dostlar Cəmiyyəti” adlandırırdılar) – əsası XVII əsrin ortalarında ingilic sənətkarı C. Foks tərəfindən qoyulan dini xristian icması. Kvakerlər rahiblər institutunu və kilsə sirrlərini rədd edir, pasifizmi təbliğ edirdilər. Anqlikan kilsəsi tərəfindən təqib olunduqları üçün kvakerlərin bir çoxu XVII əsrin 60-cı illərində Şimali Amerikaya əmiqrasiya etmişdilər. – Y.Ə.
Yaşar Əsədov