ABŞı idarə edən güclər Barak Obamanı necə qoruyurlar?
27-09-2010 / 15:56
ABŞ hökuməti ötən həftə ərzində Bəsrə körfəzindəki altı ölkəylə 123 milyard dollarlıq yeni silah satış müqavilələrini imzaladı. Ölkə borcu 16 trilyon dollara yaxınlaşan ABŞ, bu şəkildə həm işsizlik, həm də daralan iqtisadiyyatı üçün bir nəfəs almaq fürsəti əldə etdi. ABŞ tarixinin ən böyük silah satışının reallaşdırıldığı bu razılaşmalar həm də milli müdafiə sənayesinin Obama rəhbərliyini xarici siyasətdə istiqamətləndirmə gücünü açıqca şəkildə göstərdi.
Budur, son bir yarım ildə Obamanın müdafiə sənayesinə necə təslim olduğunun hekayəsi: ABŞ prezidenti Barak Obamanın vəzifəyə gəldiyi dövrdə daxili siyasətdəki ən böyük hədəfi ölkə borcunu azaltmaq idi. Ancaq Obama, "kəmərsıxma siyasəti" altında müdafiə sənayesində yer alan şirkətləri yola gətirməyin çətin olacağını bilirdi.
Obama, 2009-cu ilin mart ayında keçirdiyi bir mətbuat konfransında, "Lobbiçilər müdafiə sənaye sahəsində çox aktivdir. Müdafiə şirkətləri Müdafiə Nazirliyində tender qazanmaq və yeni sərmayə sözü verməklə bağlı mövzularda çox müvəffəqiyyətlidir" - deyə bildirmişdi. Müdafiə naziri Robert Gates isə silah proqramlarının rəhbərlik və təsdiqlənmə standartlarını daha intizamlı hala gətirəcəklərini, beləcə 40 milyard dollarlıq bir qənaət hədəflədiklərini açıqlamışdı.
Ancaq illik ixracata 97 milyard dollar dəstəyi olan və iki milyon adamı işlə təmin edən müdafiə sənayesi, Obamaya təslim olmaq niyyətində deyildi. Obamanın vəzifəsinə aktiv olaraq başladığı 2009-cu ilin yanvarında, Vaşinqton bölgəsindəki qəzetlərdə bir reklam boy göstərməyə başladı. "Silah sistemləri yalnız milli təhlükəsizlik alətləri deyil, çox əhəmiyyətli iş qaynaqlarıdır" deyən reklamla, müdafiə sənayesi Obama rəhbərliyinə açıq şəkildə "bizə toxunmayın" mesajı göndərdi.
"The Vaşinqton Independent" adlı xəbər saytı, 2009-cu ilin martında geri addım atmağa niyyətli olmayan Obamanın sözlərinə yer verib. Obama, büdcələrini aşan döyüş gəmisi, döyüş reaktivləri və son texnologiyaya aid müharibə proyektlərini nəzərdə tutaraq, ölkə müdafiəsi adına boşa gedən qaynaqların Pentaqon üçün fəda edilməsinin "səhv seçim" olacağını bildirib və "ABŞ insanını qoruyacaq həqiqi sərmayələr ilə silah şirkətlərini zəngin etməyə yarayan müqavilələrin arasındakı fərqi görürəm" - deyə vurğulayıb.
HƏR ŞEY SÖZDƏ QALDI
Obama, "kəmər sıxma" tədbirləri daxilində müdafiə xərclərini qısması üçün daha əvvəl böyük bir silah şirkəti olan Raytheona lobbiçilik etmiş William Lynni müdafiə naziri köməkçisi vəzifəsinə gətirdi. Digər tərəfdən, onun keçmiş həmkarlarına qarşı fikir irəli sürə bilməyəcəyini düşünənlər də çox idi. Lynn, İraq və Əfqanıstan döyüşlərinə ayrılan büdcənin federal büdcənin qalan hissəsiylə birlikdə cəmiyyətə açıqlanacağını söylədi. Obama, iki döyüşün də büdcəsində şəffaflıq üçün daha doğru qiymətləndirməni təmin edəcək qərarı dəstəklədi.
Obama 2010-cu ilin müdafiə büdcəsi üçün 663.7 milyard dollar ayırdı. Bu rəqəm, 2009-cu ilin büdcəsindən 1.5 faiz çox idi. Bu səfər isə, döyüş büdcəsindən azaltmaq üçün geri çəkilmə proqramları gündəmə gəldi. Obama, seçki kampaniyasında söz verdiyi kimi İraqdan deyilən tarixdə ABŞ əsgərlərini çəkdi. Digər tərəfdən, ABŞ-a hər ayı 6.7 milyard dollardan çox başa gələn Əfqanıstan müharibəsinə 40 min əlavə əsgər göndərmə planını təsdiqlədi.
Əfqanıstandakı birliklərin komandiri general David Petraeus isə, ötən həftə İngiltərənin "Times" qəzetinə verdiyi reportajda Əfqanıstandan çıxış tarixi olaraq təyin olunan 2011-ci ilin sonunda çəkilməyə niyyəti olmadığını bildirdi.
NECƏ YOLA GƏLDİ
Mərkəzi Vaşinqtonda yerləşən araşdırma qrupu "Center for Responsive Politics"in məlumatlarına görə, müdafiə sənayesi 2008-ci ildə lobbi fəaliyyətlərinə 148 milyon dollar xərcləyib. Bu pulun 24 milyon dolları Obamanın qələbə çaldığı seçki kampaniyasında partiyalara hədiyyə olaraq verilib.
Obamanın seçilməsindən sonr yeni başçıya mövcud nəhəng proyektlərin ləğv edilməməsini xahiş edən məktublar yağmağa başladı. Lockheed Martinin (LM) ədədi 350 milyon dollara başa gələn "F-22 Raptor" proyektinin dayandırılmaması üçün 44 senator və 191 Nümayəndələr Palatası üzvü Obamaya məktub göndərdi. Məktubda, proyektin 44 ştatda 25 min adamı işlə təmin etdiyini söyləməyə laqeyd yanaşmadılar.
Eyni şəkildə, hər il donanmaya əlavə olunan gəmi sayının 6-dan 12-ə qaldırılması təklif edildi. Lobbiçilər, bu səfər gəmi inşaatı sektorunun 47 ştatda 400 min adam üçün iş yeri olduğunu da vurğulamağı unutmadılar.
SİLAH PROYEKTLƏRİNƏ TƏSDİQ, KOSMOS PROYEKTLƏRİNƏ LƏĞV
2010-cu ilin yanvar ayı, ABŞ-dakı lobbi fəaliyyətlərinin və bu fəaliyyətlərin gətirəcəyi nəticələri görmək bucağında əhəmiyyətli bir ay idi. Yanvar ayının sonunda, Aya yenidən insan göndərməyi planlaşdıran NASA-nın (ABŞ Milli Aerokosmik Agentliyi) bu məqsədlə icra etdiyi "Constellation Proqram"ı, Obama tərəfindən ləğv olundu. Məqsəd, müəyyən sahələrə ayrılan büdcəni kəsərək, məşğulluğu artırmaq üçün qaynaq yaratmaqidi.
Ağ Ev Büdcə Bürosu internet saytında yerləşdirdiyi açıqlamada, Ayda baza qurulmasını məqsəd güdən proqramın lazımsızlığını, büdcəsinin həddindən artıq çoxluğunu və digər kosmik proyektlərlə müqayisədə daha "əhəmiyyətsiz" olduğunu ifadə edərək qərarı dəstəklədi. Obama, müdafiə sənayesinə ayrılan anormal ölçüdəki büdcəylə müqayisədə NASA-nın büdcəsinin növbəti beş il ərzində yalnız beş milyard dollar artırılacağını söylədi. Bu qərarla da 2011-ci ildə NASA büdcəsinin 19 milyard olması qərarlaşdırıldı.
Obamanın yeni kosmos proqramı ilə, illərdir NASA monopoliyasını yıxmaq üçün lobbi fəaliyyətləri icra edən xüsusi aerokosmika şirkətlərinin önü açılacaq, bu şirkətlərin hazırlayacağı raketlərlə kosmik turizm gücləndiriləcəkdi. Amma Obamanın bu qərarı bir çox siyasətçi və mütəxəssis tərəfindən sərt tənqidə səbəb oldu və Aya 2020-ci ildə insan göndərməyi planlaşdıran Çin və eyni məqsədə 2025-ci ildə çatmağı hədəfləyən Rusiya ilə Yaponiyadan geri düşəcəyi bildirildi.
"Constellation Proqram"ı ləğv edildiyi üçün 2020-ci ildə Aya insan daşıyacaq olan Orion kapsulası və onu kosmosa qaldıracaq "Ares I" raketi kimi proyektlər də dayandırıldı. Bu proyektlərin əsas podratçısı olan "Lockheed Martin" və "Boeing" kimi ciddi şirkətlər əhəmiyyətli müqavilələr itirdilər, ancaq yaxın dövrdə bu itkilərin çoxunun kompensasiya ediləcəyi bildirilir.
BƏSRƏ KÖRFƏZİNİN FƏTHİ
Avqust ayının sonlarında AICE-nin (Amerika-İsrail Əməkdaşlıq Qrupu) başçısı Mitchell Bard, "Ərəb Lobbisi" adında bir kitab dərc etdi. ABŞ-ın ən məşhur Orta Şərq mütəxəssislərindən biri olan Bard, kitabında ABŞ-dakı ərəb lobbisinin İsrail lobbisindən belə daha güclü hala gəldiyini yazır.
Bard, Vaşinqtonda nüfuza sahib lobbi qrupunun yalnız Amerika-İsrail Cəmiyyət İşləri Komitəsi (AIPAC) olmadığını yazdığı kitabında, Səudiyyə Ərəbistanı başda olmaqla ərəb lobbisinin İsraillə müqayisədə fərqli bir güc qazanmağa çalışdığını izah edir.
"Daily Beast" xəbər saytında kitabı şərh edən Harward Hüquq Məktəbi professoru Alan Dershowitz, "Ərəblər sahib olmadıqları qaynaqların dəstəyini əldə etməyə çalışmaq əvəzinə, inanılmaz pullar xərcləyərək Vaşinqtonda nüfuzlu olan şəxsləri, Xarici İşlər Nazirliyi işçilərini, diplomatları kirayəyə götürür və ya satın alırlar" - deyə bildirir.
Bard, kitabında Səudiyyələrin başında durduğu bu cür "iş təklifini" cazibədar görən bir çox nüfuzlu siyasətçinin hələ hökumət vəzifəsindəykən ərəblərin siyasətlərinə yaxın bir xətt göstərməyə başladıqlarını yazır. Kitabın bazara çıxmasından qısa bir müddət sonra ABŞ, Körfəzdə həm Ərəb ölkələrinin həm də İsrailin təsdiqlədiyi tarixi silah satışı razılaşmasını etdilər.
LOBBİÇİLƏRİN ZƏFƏRİ
"Center for Responsive Politics"in məlumatlarına görə, 1998-2010-cu illər arasında ABŞ-da lobbi fəaliyyətlərinə ən çox pul xərcləyən ilk 20 təşkilat arasında dörd dənə aerokosmik və müdafiə şirkəti var. Bunlar (ən çox lobbi xərci çəkəndən ən az çəkənə olmaqla): General Electric, Northop Grumman, Boeing və Lockheed Martindir. Bu şirkətlərin 12 ildə lobbi fəaliyyətlərinə xərclədikləri cəmi pul 626,097 milyon dollardır.
Obama, 2020-ci ilə qədər 97 milyardan bir az çox xərci olması gözlənilən "Constellation Proqram"ını ləğv edərək, kosmosda həyat proyektinə böyük bir zərbə vurdu. Əfqanıstan müharibəsi isə hər il ABŞ hökumətinə 105 milyard dollara başa gəlir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.