ABU-nun tələbələrinin köçürüləcəyi təhsil ocaqları - SİYAHI
Təhsil naziri universitetin lisenziya müddətinin uzadılmaması barədə qərarın icrası ilə bağlı əmr imzalayıb
09-09-2010
Azərbaycan Respublikası təhsil naziri Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziya) qüvvədəolma müddətinin uzadılmaması barədə qərarın icrası ilə bağlı əmr imzalayıb.
Əmrdə Təhsil Nazirliyinin məlumat bankında adları olan ABU tələbələrinin aşağıda göstərilən ali təhsil müəssisələrində təhsillərini davam etdirmələrinin təmin edilməsi tapşırılır:
"Riyaziyyat və informatika", "müalicə işi", "pediatriya", "hüquqşünaslıq", "neft və qaz yataqlarının işlənməsi və istismarı", "ekologiya", "aqronomluq", "stomatologiya" və "tibbi biologiya" ixtisaslarında təhsil alan tələbələr – "Odlar Yurdu" Universitetində;
"Turizm və sosial-mədəni servis xidməti", "dekorativ tətbiqi incəsənət və xalq sənəti", "maliyyə və kredit" və "dövlət və bələdiyyə idarəetməsi" ixtisaslarında təhsil alan tələbələr – Azərbaycan Kooperasiya Universitetində;
"İbtidai təhsilin pedaqogika və metodikası" və "məktəbəqədər təhsilin pedaqogika və metodikası" ixtisaslarında təhsil alan tələbələr – Bakı Qızlar Universitetində;
"Beynəlxalq iqtisadi münasibətlər" və "regionşünaslıq" ixtisaslarında təhsil alan tələbələr – Azərbaycan İctimai-Siyasi Universitetində;
"Tarix və ictimaiyyət" ixtisasında təhsil alan tələbələr – Bakı Asiya Universitetində;
"Gömrük işinin təşkili" və "vergi işinin təşkili və idarəedilməsi" ixtisaslarında təhsil alan tələbələr – Bakı Biznes Universitetində;
"Xarici dil (ingilis dili)" və "jurnalistika" ixtisaslarında təhsil alan tələbələr – Bakı Avrasiya Universitetində;
"Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili", "sənaye və mülki tikinti" və "bədən tərbiyəsi və idman" ixtisaslarında təhsil alan tələbələr – Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetində;
"İqtisadiyyatın hüquqi tənzimlənməsi" ixtisasında təhsil alan tələbələr- Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında.
Qüvvədəolma müddəti bitdiyi üçün lisenziyası etibarsız hesab edilmiş ABU-ya mövcud qanunvericiliyin tələbləri gözlənilməklə daxil olan tələbələrin digər özəl ali məktəblərə köçürülməsini, 01.09.2010-cu il tarixə qədər təhsili başa çatan, hazırda müxtəlif səbəblərdən təhsilində fasilə yaranan şəxslər barədə məlumatın hazırlanmasını, təhsillə bağlı sənədlərin təhvil alınaraq arxivə verilməsini təmin etmək və digər məsələlərin həlli ilə bağlı təkliflər hazırlamaq məqsədilə təhvil-təslim komissiyası yaradılmaq apşırılıb. Komissuya aşağıdakı tərkibdə olacaq.
Nəzakət Hacıyeva- Aparatın rəhbərinin müavini;
Mircəfər Nəbiyev - Xüsusi şöbənin müdiri;
Elmir Həsənov- Hüquq sektorunun müdiri;
İlyar Vahabov - Aparatın baş məsləhətçisi;
Natiq İbrahimov - Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi;
Nizami Süleymanov - Azərbaycan Beynəlxalq Universitetinin tədris işləri üzrə prorektoru.
Təhvil-təslim komissiyasına tələbələrin ali məktəbə qəbul olunmaları barədə sənədlərin, şəxsi işlərin və qiymət kitabçalarından çıxarışların universitetin rəhbərliyi ilə birlikdə vaxtında hazırlanıb tələbələrə verilməsini təmin etmək, universitetin məzunları üçün Təhsil Nazirliyindən alınmış diplomların saxlanılması doldurulması, verilməsi və uçotu vəziyyətini və digər məsələləri araşdırmaq, akademik məzuniyyətdə olan və ya müxtəlif səbəblərdən ali məktəbdən xaric olunmuş tələbələr barədə müvafiq məlumat hazırlamaq, köçürülmə və təhvil-təslim zamanı şikayəti olan tələbə və valideynləri qəbul edib, məsələni yerində araşdıraraq müvafiq izahat vermək, ABU tərəfindən təhsillə bağlı təqdim olunmuş sənədləri təhvil almaq, görülən işlər barədə mütəmadi olaraq Aparat rəhbərinə rəsmi məlumat hazırlamaq tapşırılıb.
Tələbələrin köçürüldüyü ali təhsil müəssisələrinin rəhbərlərinə isə 2010-2011-ci tədris ili başlanana qədər tələbələrin şəxsi işlərini və qiymət kitabçalarından çıxarışlarını qəbul etmək, köçürüldüyü ali məktəbin tədris planına müvafiq olaraq fənn fərqlərinin olub-olmamasını və təhsillərini hansı kursda davam etdirmələrini müəyyənləşdirmək məqsədi ilə müvafiq əmrlə xüsusi qəbul komissiyası yaratmaq, tələbələrin köçürülməsi ilə bağlı əmr verilən zaman yaradılan qəbul komissiyasının rəyini əsas tutmaq, tələbələrin fənn fərqlərini semestrin sonuna qədər vermələri üçün şərait yaratmaq və fəaliyyəti dayandırılan universitetin pedaqoji kadrlarını imkan daxilində işlə təmin etmək barədə tapşırıq verilib.