Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla nəqliyyat naziri Ziya Məmmədov arasında mübarizə pik həddə çatıb. Belə ki, bir müddət əvvəl xəbərdarlıq alan hər iki nazir növbəti parlamentdə mümkün qədər çoxluqla təmsil olunmaq niyyətindədir. Diqqət etsək, YAP-da bunun bariz nümunəsini görmək olar. YAP funksionerləri mətbuata açıqlamalarında YAP-ın kənar namizədləri dəstəkləməcəyini bildiriblər. Əslində bir partiya üçün normal haldır. Amma nəzərə alınmalıdır ki, hakim partiya parlament seçkilərində öz namizədlərindən başqa onlarla adamı dəstəkləyib və nəticədə onların əksəriyyəti parlamentdə otura bilib. Lakin bu dəfə situatsiya tamamilə fərqlidir.
“Milli Yol”a daxil olan məlumatlara görə, budəfəki seçkilərdə iki nazirin – nəqliyyat naziri Ziya Məmmədovla, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qarşısı alınacaq. Məlum olduğu kimi, nəqliyyat naziri parlamentdə 4, “fövqəlnazir” isə birbaşa və dolayı yolla təxminən 20 vəkillər təmsil olunur. Bu il onların sayının azalmaq ehtimalı var.
Mənbənin verdiyi məlumata görə, Ziya Məmmədova bu il cəmi iki mandat verilə bilər ki, biri onun qardaşı, hazırkı milət vəkili Elton Məmmədov, digəri isə son zamanlara mətbuatın gündəmini zəbt edən oğlu Anar Məmmədovdur. İşin maraqlı tərəfindən biri də odur ki, nazir öz oğlunun “xeyir-dua”sını tam ala bilməyib. Yuxarıları qəzəbləndirən A.Məmmədova “stavka” edilməyə bilər. Üstəlik rəhbəri olduğu “ZQAN” Holdinqin obyektləri əlindən alınan əlil vətəndaşlarımızı hökumətdən narazı salması da ona baha başa gələ bilər. Amma bütün bunlar ehtimal olaraq qalır.
“Fövqəlnazir”ə isə 6 mandatın verilməsi planlaşdırılır. Məlum məsələdir ki, yuxarı dairələrdə kifayət qədər çəkisi olan hər iki məmur bununla razılaşmayaraq bir-birinin payına göz dikib. Əvvəlki qaydada öz adamlarını deputat etmək uğrunda savaş açıblar. Neçə aylardır aralarında olan “sülh sazişi” builki parlament öncəsi pozulmaya başlayıb.