Səudiyyə Ərəbistanının da daxil olduğu bir çox İslam ölkələri bayramın ilk gününün Cümə günü olacağını elan ediblər
09-09-2010
Səudiyyə Ərəbistanı, Misir, Suriya, İordaniya, İraq, Qatar, Sudan, Fələstin, Yəmən, Birləşmiş Ərəb Əmrlikləri və Küveyt Ramazan bayramının ilk gününün Cümə günü (sabah) olacağını bildiriblər. Faktxeber.com-un dünya mətbuatına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı Fətva idarəsi sentyabrın 8-i axşam saatlarında Şəvvəl hilalının görülməməsini bildiriblər. Məhz bu səbəbdən Cümə axşamı günü Ramazan ayının 30-cu günə keçdiyi bildirilir. İran İslam Respublikasında da bu gün Ramazan ayının 29-cu günü olaraq qeyd olunur.
Ölkəmizdə bu gün - sentyabrın 9-u - Ramazan ayının 29-cu günüdür. Ayın görünməsindən asılı olaraq, Şəvval ayı ya sentyabrın 10-da, ya da 11-də daxil olacaqdır. Şəvval ayının 1-i - Fitr bayramı günü hesab olunacaqdır.
Sonda onu da qeyd edək ki, günümüzdə «rəsədxana», «astronomik hesablama» və sairə bu kimi terminlərin istifadəsi vasitəsilə ayın əvvəlinin müəyyən edilməsi məsələsinə müəyyən «yeniliklər» gətirmə cəhdləri olur. Məsələ burasındadır ki, rəsədxanalar və astronomik hesablamalar İslam alimləri üçün nəinki yeni bir şey deyildir, hətta Ayın Yerin orbitində hansı zaman ərzində dövr etməsinin hesablamaları yüz illərdən bəridir ki, astronomiya və riyaziyyat sahələrində böyük bilgilərə malik olan, eləcə də, ilk rəsədxanaları quran İslam alimlərinə çox gözəl məlum olmuşdur. Lakin, şəriət hökmlərinə əsasən, Ayın görünməsi mövzusu vizual (gözlə görünmə) amilinə bağlıdır və buravda məsələlərin qarışdırılmamasına diqqət yetirmək lazımdır.