Nazim İbrahimovun yaxınları Mədəniyyət və Turizm Nazirliyindəki mənimsəmələrlə bağlı istintaqa cəlb olunub
09-09-2010
Şəkinin sabiq icra başçısı Nazim İbrahimov ev dustağı edilib. Bu barədə “Yeni Müsavat”a məlumat verən qaynağımız deyir ki, aprelin 21-də vəzifəsindən uzaqlaşdırılandan sonra qeyri-rəsmi ev dustağı edilən keçmiş icra başçısının topladığı sərvəti əlindən alıblar. “Qeyri-rəsmi yoxlayıcılar Nazim İbrahimovun təkcə Şəkidə müxtəlif yollarla ələ keçirdiyi 90-a yaxın ev və villa müəyyən edib. Ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilən bu mülklər Nazim İbrahimovdan alınıb. Ələ keçirilən əmlaklardan üçü Mədəniyyət və Turizm Nazirliyinin Şəki şəhər şöbəsinin balansında olub” - deyə qaynağımız bildirir.
Mənbə deyir ki, N.İbrahimovun qeyri-rəsmi araşdırmalardan sonra təkcə əmlakı deyil, vəzifədə olarkən əldə etdiyi külli miqdarda qızıl-zinət əşyaları, böyük məbləğdə pulları da əlindən alınıb. O, vəzifədə olarkən ilişkisi olan xeyli vəzifə sahibi də sorğu-suala çəkilib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Şəki şəhər Mədəniyyət və Turizm Şöbəsinin vəzifəli şəxslərinin hərəkətlərində ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və onlara etibar edilmiş külli miqdarda dövlət əmlakının mənimsəmə və israf etməklə talama cinayətlərinin əlamətləri olduğundan toplanmış material üzrə fakta görə Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlayıb. İş üzrə istintaqa cəlb olunanlar sırasında N.İbrahimovun yaxın adamları da var. Sabiq icra başçısı Şəki şəhər Mədəniyyət və Turizm Şöbəsinin vəzifəli şəxsləri ilə sövdələşərək şöbənin balansında olan əmlakları həmin şəxslərin adına rəsmiləşdiribmiş. Redaksiyamıza daxil olan bu məlumatlar Baş Prokurorluğun Şəki şəhər Mədəniyyət və Turizm Şöbəsindəki korrupsiya cinayəti ilə bağlı yaydığı rəsmi açıqlamanın niyə natamam olmasına da aydınlıq gətirir. Xatırladaq ki, bir neçə gün əvvəl əməkdaşımız Şəkidə olaraq milyon yarımlıq korrupsiya cinayətini araşdırmışdı.//Yeni Musavat