Sərdar Səlaloğlu: "ATƏT və Avropa Şurası Azərbaycanda demokratikləşməyə heç bir kömək etməyəcək, hələ 2005-ci il parlament seçkiləri Avropa Şurasında müzakirə olunmayıb"
08-09-2010
Sərdar Səlaloğlu: “ATƏT və Avropa Şurası Azərbaycanda demokratikləşməyə heç bir kömək etməyəcək, hələ 2005-ci il parlament seçkiləri Avropa Şurasında müzakirə olunmayıb”
“Azərbaycan cəmiyyəti çox təəssüflər olsun ki, hələ keçmiş sovet təcrübəsindən xilas ola bilmir. Bu gün faktiki olaraq, seçki prosesi sovet təcrübəsi ilə həyata keçirilir. Bu, həm də onu göstərir ki, Azərbaycan Avropa “tarelkasinda” deyil. Bəlkə, bu “tarelka”dan qaçır” – bu sözləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ATƏT və digər beynəlxalq təşkilatların Azərbaycanda keçirilən parlament seçkilərinə münasibətini şərh edərkən, FaktXeber.com-a dedi. S.Cəlaloğlu hesab edir ki, bizim tədbirlər keçmiş sovetlər birliyini xatırladır: “Əslində beynəlxalq təşkilatların seçkilərə ciddi nəzarət etməməsi dünyada demokratiyanın yavaş-yavaş zəiflədiyini göstərir. Faktiki olaraq, hətta inkişaf etmiş ölkələrdə demokratik dəyərlər geriləməyə başlayıb. Avropa ölkələrində belə gerilik varsa, təbii ki, bu, Azərbaycana da təsir edəcək. Nə qədər ki, insanların şüurunda demokratikləşmə prioritet təşkil etmir və iqtisadi maraqlar prinsipi öndə çəkilirsə, Azərbaycanda da ATƏT demokratikləşməyə heç bir kömək etməyəcək”.
S.Cəlaloğlu ATƏT-i suçladı: “Siz təsəvvür edin ki, 2005-ci il Azərbaycanda keçirilmiş parlament seçkiləri hələ Avropa Şurasında müzakirə olunmayıb. Yaxud prezident seçkilərinin nəticələrinə aid iddialara Avropa Məhkəməsində baxılmayıb. Bu mənada düşünürəm ki, növbəti seçkilərdə də beynəlxalq təşkilatların dəstəyini gözləmək düzgün deyil”.
ATƏT digər ölkələrdə demokratik seçkilərə məhəl qoymursa, təbii ki, günahkar elə özüdür. Tutaq ki, hakimiyyət ölkədə demakratik qüvvələrin güclənməməsini qarşısına məqsəd qoyub və bu istiqamətdə atdığı addım, ideoloji baxımdan günah deyil. Düzdür formal olaraq deyirlər ki, Azərbaycanda seçkilər normal keçirilmir, amma bu yetərincə deyil - S.Cəlaloğlu vurğuladı: “ATƏT əməkdaşlıq təşkilatıdır. Buna görə bu təşkilata insan hüquqları ilə bağlı çoxsaylı müraciətlər olur. Çünki, beynəlxalq əməkdaşlıq insan hüquq və azadlığının qorunması çərçivəsində mümkündür. ATƏT ona üzv olan ölkələrin hüquqlarının pozulmasına nəzarət etməlidir. Amma bu günə qədər bir dəfə də ATƏT-in keçmiş SSRİ ölkələrində bu istiqamətdə ciddi addım atdığını görməmişik”.
Bu ilki seçkilər əvvəlkilərdən heç nə ilə fərqlənməyəcəksə, onun mahiyyəti nədən ibarətdir – sualına gəldikdə, S.Cəlaloğlu vurğuladı: “Azərbaycanda əsas iş prosedur kimi seçkinin formal da olsa mövcudluğunu saxlamaqdır. Hadisələrin gedişi göstərir ki, böyük sürətlə seçki prosedurunun, demokratik proses kimi ölkə ictimaiyyətindən çıxarılmasına cəhd olunur. Buna görə ölkədə seçkilərin formal da olsa, qalmasına çalışmalıyıq”.