Təbii fəlakət zonası hesab edilən Sabirabad rayonunda daşqınlar zamanı 7 məktəbə ciddi ziyan dəydiyi bildirilsə də, məktəb binalarının uzun illər bərbad vəziyyətdə olduğu göz qabağındadır
08-09-2010
Təbii fəlakət zonası hesab edilən Sabirabad rayonunda daşqınlar zamanı 7 məktəbə ciddi ziyan dəydiyi bildirilsə də, məktəb binalarının uzun illər bərbad vəziyyətdə olduğu göz qabağındadır. 3 aya yaxın bəxtinə Kürün sularına qərq olmaq yazılan Qasımbəyli kənd orta məktəbi də bərbad vəziyyətdədir. Məktəb binasının birinci mərtəbəsi, məktəbin maddi-texniki bazası tamamilə sıradan çıxıb. Şagirdlərin normal təhsil alması üçün hazırda bu məktəbdə 1 dənə də olsun avadanlıq yoxdur. Yəni nə yazı lövhəsində lövhəlik, nə partalarda partalıq qalıb.
Rayon təhsil şöbəsi yeni tədris ilini məktəbin ikinci mərtəbəsində başlamaq fikrindədir. Lakin bura heç kosmetik baxımdan belə təmir olunmayıb. Hərçənd ki, bu binanın ikinci mərtəbəsi heç də birincidən fərqlənmir. Valideynlər, o cümlədən, məktəbin müəllimləri də təhsil ocağının acınacaqlı vəziyyətindən narahatdır. Məktəbin müəllimi Mirağa Haşımov da burada dərs keçməyin mümkün olacağına inanmır.
“Məktəbin birinci mərtəbəsi istifadəyə yararsız hala düşüb. Məktəbin ikinci mərtəbəsi dərs üçün hazırlanır. Birinci mərtəbədə olan avadanlıqlar bura köçürülür. Bir neçə gündən sonra artıq dərslər başlayır. İnandırıcı deyil ki, bu məktəbdən istifadə etmək mümkün olsun”, - deyə Mirağa Haşımov vurğuladı.
Sel-suları rayonun Ulacalı və Mürsəlli kənd orta məktəbini də sıradan çıxarıb. Hazırda hər iki məktəbdə Fövqəladə Hallar Nazirliyinin işçi qüvvəsi bu məktəblərin müəyyən hissəsini yenidən tikir. Yerdə qalan bəzi sinif otaqları isə sentyabrın 15-nə kimi şagirdləri qəbul etmək üçün hazır vəziyyətə gətiriləcək. Sabirabadın Azadə kəndi də daşqınlara məruz qalıb. Lakin burada sular məktəbə daxil olmayıb. Sadəcə burada 2 baxımsız məktəb binası yeni tədris ilinə hazır deyil. Bu da kənd sakinlərinin haqlı narazılığına səbəb olub.
“Bu kənddə məktəblərin ikisi də çox pis vəziyyətdədir. Baxan yoxdur. Biz xahiş edirik bu məktəbin təmirinə kömək etsinər. Burada uşaqların oxumağı üçün şərait yoxdur”, - deyə valideyn Əlisahib Əkbərov vurğuladı.
Məktəbdə inventar və əyani vəsait yox dərəcəsindədir. Nəzərə alsaq ki, pəncərələrin şüşəsi belə yoxdur, onda ilin 3 fəsli burada tədrisin hansı səviyyədə aparılacağını təxmin etmək çətin deyil. Qaragünlü məktəblər siyahısında yer alan Azadə kənd orta məktəbi bu yay hətta yataqxana kimi də istifadə olunub. Sinif otaqlarının bərbad vəziyyətdə olmasını məktəbin müəllimi Tumas Məmədov həm də bu səbəblə izah edib.
“Fəlakətlə əlaqədar FHN-nin əsgərləri 4 ay bu məktəbdə qalıblar. Onlar hətta məktəbin döşəməsinə belə ziyan vurublar. Siniflərin divarları, partalar və yazı lövhələrinin hamısı bərbad vəziyyətə düşüb”, - deyə Tumas Məmədov vurğuladı.
Daşqından zərər çəkən Həşimxanlı kənd 2 saylı orta məktəbi də bərbad vəziyyətdədir. Məktəb 2 binadan ibarətdir. Birinci bina nisbətən yaxşı olsa da, ikinci bina tədris üçün tam yararsız haldadır. Burada sinif otaqları bir-birinin içərisindədir. Bu şəraitdə tədrisin səviyyəsindən danışmaq tamamilə yersizdir.
Qeyd edək ki, Sabirabad rayonunda 85 məktəb fəaliyyət göstərir. Onların bir qisminin binları təhsil üçün yararlıdır. Rayonda cəmi 4 yeni məktəb binası tikilib, 4 məktəb isə əsaslı təmir olunub. Bu il məktəblərin təmirinə cəmi 170 min manat vəsait ayrılıb.
Rayon Təhsil Şöbəsinin müdiri Elman Bünyadov rayonda 15 qəzalı məktəb mövcud olduğunu bildirib. Təbii fəlakətdən ziyan çəkən məktəblərdə vəziyyətin olduqca acınacaqlı olduğunu şöbə müdiri də etiraf edir.
“Bizim əsasən sel-suları altında qalan 8 məktəbimiz ciddi ziyan çəkib. Bu məktəblərdə artıq FHN-nin əməkdaşları tərəfindən əsaslı təmir işlərinə başlanılıb”, - deyə Elman Bünyadov vurğuladı. ans
Nəzərə alsaq ki, yeni tədris ilinə cəmi 1 həftə qalır, onda yararsız məktəb binalarında normal tədris prosesini gözləmək sadəlövhlükdür. Sabirabadda təmir olunan məktəb binalarını nəzərə almasaq, qəzalı məktəb binalarının ağ günə çıxacağını gözləməyə kim bilir bəlkə də illər lazım olacaq. Bu isə təhsilimizin keşiyində duranları ciddi narahat etməlidir. Çünki, “su gələn arxa bir də gələr”. Elə sözün hər iki mənasında.