"Hakimiyyət müxalifətə kütləvi aksiyalar üçün yeni yerlər təklif edib"
08-09-2010
Sentyabrın 8-də jurnalistlərə açıqlama verən AXCP sədri Əli Kərimli belə deyib. Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti ilə müxalifətin bu haqda danışıqlarında vasitəçiliyi ATƏT-in Bakı ofisi öz üzərinə götürüb və artıq müəyyən nəticələr var (Media forum).
“Vasitəçiliyi ATƏT-in Bakı ofisi etdiyindən meriya kompromis variantları bu quruma təqdim edib. Ona görə kütləvi aksiyalar üçün hansı məkanların təklif olunduğunu ATƏT-in Bakı ofisi açıqlaya bilər” deyən Əli Kərimli əlavə edib ki, Bakı Şəhər İcra Hakimiyyəti əvvəlkitək Bibiheybət deyib durmasa da, müxalifətə şəhər mərkəzində yer vermək də istəmir.
Bakı Şəhər İcra Hakimiyyəti son bir neçə ildə müxalifətə kütləvi aksiyalar üçün yalnız üç ünvan təklif edir: Binəqədi qəsəbəsindəki İdman-Sağlamlıq Kompleksinin stadionunu, Səbail rayonundakı “Bibiheybət” stadionunu, Zığ yolu küçəsi, 29/22-ci məhəllənin qarşısındakı meydançanı.