Şəhərdə baş verən hadisələri yerli media narkotik alverçilərinin mübarizəsi və kütləvi aksiya keçirmək kimi qələmə versə də, əslində Lənkəranda başqa hadisələr cərəyan edir
08-09-2010
Xəbər verildiyi kimi Lənkəranda son bir həftə ərzində dindarların həbs olunması və təzyiqlərlə üzləşməsi baş verib. Şəhərdə baş verən hadisələri yerli media narkotik alverçilərinin mübarizəsi və kütləvi aksiya keçirmək kimi qələmə versə də, əslində Lənkəranda başqa hadisələr cərəyan edir. Qeyd edək ki, sentyabr ayının 2-də Lənkəran şəhəri Əliağa Vahid küçəsində yerləşən "Cümə" məscidində dindarlar tərəfindən qəbul olunmayan axund Ramin Hüseynağa oğlu Fətullayev, müavini Bağır Təyyar oğlu Kazımovla yerli əhalinin məsciddə daha çox rəhbər kimi qəbul etdiyi Qismət Zabitxan oğlu İsayevə hücum ediblər.
FaktXeber.com-un "Qaynar Xətti"nə yerli sakinlər tərəfindən daxil olan məlumatda, həbs edilən Qismət İsayevin əslində heç kimə hücum etmədiyi və hücuma məruz qalan tərəf olduğu bildirilir. "Cümə" məscidində olarkən yerli dindarlar tərəfindən qeydə alınan video-görüntülərdə Qismət İsayevin həqiqətən də "Cümə" məscidində axundəvəzi olan aMirkəlam adlı şəxs tərəfindən hücuma məruz qaldığı məlum olub.
Nəzərinizə çatdıraq ki, video-görüntülərdə məscid rəhbərliyinin Qismət İsayevə necə hücum etdiyi açıq-açkar görünsə də, həbs olunan məhz hücuma məruz qalan şəxs olub. Xatırladaq ki, Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları Qismət İsayevin Lənkəran şəhərinin Əliağa Vahid küçəsində yerləşən “Cümə” məscidinin axundu Ramin Hüseynağa oğlu Fətullayevlə onun köməkçisi Bağır Təyyar oğlu Kazımovun ərizəsi əsasında saxlayıb və barəsində Cinayət Məcəlləsinin 221.2.2 maddəsi ilə cinayət işi açıb.