Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyə millisinin Avropa çempionatının seçmə mərhələsində Belçikaya qarşı oyununu hava limanının VİP zalında izləyib
08-09-2010
Daha sonra NTV telekanalında canlı yayına qatılan baş nazir milli komandanın oyunçuları Əmrə, Arda və Nihatla telefonla danışıb. Əvvəlcə Əmrə ilə danışan Rəcəb Tayyib Ərdoğan təbriklərini çatdırıb: “Hamınızı təbrik edirəm. Təbii ki, baş məşqçini də təbrik etsəniz, məmnun olaram”. Əmrə isə “Baş üstdə, hörmətli baş nazirim” cavabını verərək, telefonu Ardaya ötürüb. Ərdoğan Ardaya bu dəfə də şanslı olduğunu deyib: “Yəni bilyard topu kimi qol vurdun”. Ardanın cavabı “Baş nazirim, sizdən bəzi şeyləri öyrənirik xeyirlisiylə”.
Daha sonra Rəcəb Tayyib Ərdoğan oyunla bağlı hisslərini bölüşüb: “Hamınıza çox təşəkkür edirəm. Belçika həmişə bizə tərs gələn bir komandadır. Davamlı olaraq bizi çətinə saldı. Öldük, öldük, dirildik. Bizim üçün vacib olan üç xalı aldıq. İkinci hissədə mübarizə çox yaxşı idi”.
Arda isə baş nazirə “Sizdən bunları eşitmək bizim üçün böyük şərəfdir, əllərinizdən öpürəm” deyib.