|

Dövlət Neft Şirkəti ilə “Qazprom” şirkətinin sentyabrın 3-də imzaladıqları sənədə əsasən 2011-ci ildən etibarən Rusiyaya ixrac ediləcək qazın həcmi 2 milyard kubmetr təşkil edəcək. 2012-ci ildən isə bu ölkəyə 2 milyard kubmetrdən çox qaz ixrac olunacaq. Nəzərə çatdıraq ki, Rusiya tərəfi Azərbaycandan aldığı qaz həcmini artırmasını ərazi yaxınlığı, tranzit zonaların olmaması və artıq mövcud qaz nəqli infrastrukturunun mövcudluğu ilə əsaslandırıb. Rəsmi Kremil bəyan edib ki, Azərbaycan və Rusiya arasında qaz üzrə əməkdaşlığın genişləndirilməsi hər iki tərəfdaş üçün kommersiya baxımından sərfəlidir. Diqqəti çəkən Rusiya ilə qaz alqı-satqısınının ildən-ilə artırılmasının birmənalı qarşılanmamasıdır. Rəylər var ki, bu anlaşma Azərbaycanın “Nabuko” və ya Trans-Xəzər layihələrindən imtina etməsi demək ola bilər. Eyni zamanda Rusiyanın özünün də Azərbaycandan ixracatçı üçün əlverişli qiymət sayıla biləcək tarifə - hər min m3 -ə 250 dollara qaz alması sual doğurur.
Onu da xatırladaq ki, Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatları 2 trilyon, potensial qaz ehtiyatları isə 5 trilyon kubmetrdir.
İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, Rusiya Azərbaycan arasında əldə edilən anlaşma ölkəmizə bir sıra geo-politik və geo-ekonomik üstünlüklər verir: “Əvvəlla, Azərbaycan bununla Avropa Birliyinə Bakının alternativ mənbələrdən istifadə edə bilməsi ilə bağlı mesaj göndərdi və avropalıları “ucuz Azərbaycan qazı” xülyasından əl çəkməsinin vacibliyinə işarə etdi. Belə ki, Rusiyanın Azərbaycan qazının hər min m3 -ə 250 dollar ödəməsi ilə bağlı əldə edilən anlaşma Avropanı məcbur etdi ki, Azərbaycan qazının bazar qiymətləri ilə alınacağı ilə bağlı rəsmi açıqlama versin. Praktik olaraq, bununla rəsmi Bakının Azərbaycanın “Nabukko” və digər Transxəzər layihələrinə yalnız Avropa qiymətləri və ya Azərbaycanın şərtləri ilə qoşula biləcəyini diqqətə çatdırdı. Azərbaycanın mavi qazı ixrac imkanları kifayət qədər genişdir və Bakı iqtisadi baxımdan ən yaxşı şərtləri qiymətləndirəcək. İkincisi, Rusiyaya satılacaq mavi qaz rentabelli olmayan yataqlardan hasil edilir. Həmin yataqlarda xarici şirkətlər işləməkdə maraqlı deyil və Rusiya satılacaq qazı ARDNŞ hasil edir. Bu baxımdan, Azərbaycanın Rusiyaya qaz ixraci heç də xarici neft şirkətlərinin hasilatla bağlı planlarına təsir göstərməyəcək. Nəhayət, Rusiyaya il ərzində cəmi 2 milyard kub metr qazın ixrac edilməsi proqnozlaşdırılır. Bu isə Azərbaycanın nə daxili istehlakına nə də ixracına təsir göstərə bilməz. Müqayisə üçün qeyd edək ki, Azərbaycan illik olaraq “Nabukko”layihəsi ilə Rusiyaya ixrac edəcəyi qazdan 8 dəfə artıq qaz nəql etmək niyyətindədir. Buna görə də, “Qazprom”la mavi qazın nəqli ilə bağlı anlaşma heç bir halda Azərbaycanın qaz strategiyasında dəyişiklik kimi qiymətləndirilə bilməz”.
V.Bayramov bildirir ki, Rusiyanın Cənub vilayətlərində mavi qaz ehtiyatları yoxdur: “O baxımdan Cənub vilayətlərində mavi qaza olan tələbatı ödəmək üçün Rusiya Sibirdən qaz nəql etmək məcburiyyətindədir.Həm iqlim şəraiti , həm də məsafənin böyük olması ilə bağlı Rusiyanın Şərqindən Cənub vilayətlərinə mavi qaz nəqli isə bahadır. Belə şəraitdə Rusiya üçün Azərbaycandan mavi qaz alıb, Cənub vilayətlərində qaza olan tələbatı ödəmək iqtisadi baxımdan daha rentabellidir”.
Coğrafi baxımdan Rusiyanın Cənub vilayətlərinin Xəzər dənizinə daha yaxın olduğunu vurğulayan iqtisadçı qeyd edir ki, məsafə azlığı səbəbindən burda xərclər də aşağıdır: “Mövcud infrastruktur, mavi qazın nəqli ilə bağlı kəmərin olması Azərbaycandan Rusiyaya mavi qazın daha ucuz nəqlinə imkan verir. Lakin Rusiyanın Azərbaycandan qaz almasını yalnız iqtisadi faktorlarla izah etmək düzgün deyil. Burda siyasi faktorlar da var. Əvvəla “Qazprom” Azərbaycandan mavi qaz almaqla Xəzər hövzəsində mövqelərini möhkəmləndirmək istəyir”.
O ki qaldı Rusiyanın Azərbaycandan qaz alqı-satqısını ildən-ilə artırmasına, iqtisadçı bildirir ki, Rusiya ümumiyyətlə Azərbaycandan aldığı mavi qazın həcmini artırmaq niyyətindədir Belə ki, “Qazprom” “Nabukko”nun reallaşmasına birmənalı şəkildə inanmır: “Şirkətin rəsmi açıqlamalarında layihənin reallaşma imkanlarının olmadığı qeyd edilir”.
V.Bayramovun rəyinə görə, “Qazprom” hətta “Şahdəniz-2” fazası istifadəyə verildikdən sonra mavi qaz alışını artırmaq niyyətindədir. Və bununla Rusiya Azərbaycan mavi qazının Avropaya çıxış imkanlarının müəyyən qədər məhdudlaşmasına çalışır: “ Rusiya düşünür ki, Azərbaycanla əməkdaşlığı möhkəmləndirməklə regionda, eləcə də Avropada mövqelərini qoruyub saxlaya bilər. O səbəbdən də qaz ixrac etdiyimiz ölkələr arasında qazın hər min m3 -ə görə ən çox pulu təklif edir. Digər tərəfdən, Rusiya alqı-satqını artırmaqla , Transxəzər layihələrinin mavi qazla təminatında müəyyən boşluqlar yarada biləcəyini, Rusiyadan kənar qaz xəttlərinin gündəmdən çıxmasına şərait yaradacağını hesab edir”.
Rusiya ilə Azərbaycan arasında olan qaz kəmərinin imkanlarının 6 milyard kubmetrdən artıq olmadığını deyən ekspert ötən il 28 milyard kubmetr qaz hasil edildiyini xatırlatdı: “ Azərbaycan üçün alternativ kmərlərin mövcudluğu önəmlidir. Güman olunur ki, ölkənin qaz ehtiyatları qiymətləndirildiyindən daha çoxdur. Bu isə Azərbaycana Avropanın da enerji təhlükəsizliyində daha üstün mövqeyə malik olmağa və qaz satışından əldə edəcəyi gəlirləri maksimumlaşdırmağa imkan verə bilər.
|