
Seçki ərəfəsi olsa da, Bakıdan görünməyən şəhər və kəndlərimizdə bu barədə az danışılır. Şəkidə də belədir. Hamını iki sual maraqlandırır: Şəkinin Xan sarayı qədər məşhur olan “Marxal” istirahət mərkəzinə kim sahiblənəcək; Mədəniyyət və Turizm Şöbəsindəki milyon yarımlıq yeyinti kimin “ayağı”na yazılacaq?
Milyon yarımlıq büdcə pulunu kim yeyib?
Şəkidə olarkən bu suallara biz də aydınlıq gətirməyə çalışdıq. Əslində Hesablama Palatasının bir neçə ay əvvəl apardığı araşdırmanın nəticəsi barədə Baş Prokurorluq yarımçıq açıqlama yaymasaydı, bəlkə də milyon yarımlıq söhbət bu qədər araşdırılmazdı. Həmin rəsmi açıqlamada qeyd olunurdu ki, Hesablama Palatasının auditorlarının apardıqları Şəki şəhər Mədəniyyət və Turizm Şöbəsində dövlət büdcəsindən və yerli xərclərdən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyətinin audit yoxlaması nəticəsində şöbənin məsul vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verilməsi, rəsmi sənədlərə saxta məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi və sair ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə, kassadan nağd pul vəsaitlərinin əsassız olaraq silinməsi faktlarının aşkarlanması üzə çıxmışdı.
Məlum olmuşdu ki, milyon yarımdan artıq pul yeyilib. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Şəki şəhər Mədəniyyət və Turizm Şöbəsinin vəzifəli şəxslərinin hərəkətlərində ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və onlara etibar edilmiş külli miqdarda dövlət əmlakının mənimsəmə və israf etməklə talama cinayətlərinin əlamətləri olduğundan, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlayıb. Amma iş üzrə istintaqa kimin və ya kimlərin cəlb edilməsini Baş Prokurorluğun mətbuat xidməti açıqlamağa unutmuşdu. Bununla bağlı israrlı sorğularımız da cavabsız qalmışdı. Bunları nəzərə alıb Şəkidə olarkən birbaşa Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinə yollandıq. Burada bizi şöbənin əməkdaşı qarşıladı. “Yeni Müsavat” qəzetindən gəldiyimizi deyib, Aydın İbrahimxəlilovun harada olduğunu soruşduq. O, “Aydın müəllimin başı qarışıqdır. Heç kimi qəbul etmir”, - deyə cavab verib, söhbətə başladı: “Bilirsiniz ki, başımız çox qarışıqdır. Bura gəlib gedənlərin sayı artıq bəlli deyil. Hazırda istintaq işi aparılır. Aydın müəllim, eləcə də Mədəniyyət və Turizm Şöbəsinin bütün heyəti istintaqa cəlb edilib”. Mənə maraqlı gələn işçi qrupunun da istintaqa cəlb edilməsi oldu: “Xanım, hələ ki araşdırma aparılır. Burada günahkar hər kəs ola bilər. İş açılmayınca biz hələ heç bir məlumat verə bilmərik”.
“Pullar bölüşdürülüb”
Mədəniyyət və turizm şöbəsindən ayrılsaq da araşdırmalara davam etdik. Şöbənin adının çəkilməsini istəməyən əməkdaşlarından biri bu işlə yaxından maraqlandığımızı görüb, öz bilgilərini verdi. Onun dediyinə görə, pul tək Aydın İbrahimxəlilov tərəfindən yeyilməyib: “Aydın müəllim 2 saylı uşaq musiqi məktəbinin direktoru olub. 8-9 ay olar ki, onu mədəniyyət və turizm şöbəsinin rəhbəri seçiblər. Yəni 1 milyon yarımı onun tək yeməsi mümkün deyil. Burada Şəki şəhər icra başçısı, mədəniyyət və turizm naziri xüsusi rol oynayır. Bu yeyinti şöbənin keçmiş rəhbəri Elmira xanımın işlədiyi müddətdən başlayıb. Şəkinin tarixi yer olması, turistlərin bura axın etməsi heç kimə sirr deyil. Mədəniyyət nazirinin də ən çox gəldiyi yer Şəkidir. Onun hər gəlişində turizm şöbəsinin rəhbəri xeyli xərcə düşüb. Çünki nazirə xüsusi hesab verilib. Bu günə kimi yadımdadır, Elmira xanım Marxalda lüks ev axtarırdı. İcra hakimi göstəriş vermişdi ki, evin içində ”Jakuzi"dən belə olmalıdır. Təbii ki, bir il öncə Marxalda o tip yer yox idi. Elmira xanıma demişdilər ki, yeri biz verək, siz də tikin. Həm nazirə ev tikirdilər, həm də cibinə pul qoyurdular".
Yeyintidə Abid Şərifovun qohumunun da adı var
Həmsöhbətim bildirdi ki, Şəkidə ən gəlirli yer Xan sarayı və ətrafındakı muzeylərdi. Hətta söhbət zamanı bunu da öyrəndik ki, turizmdən gələn pullar xüsusi təyin edilmiş adamın əlindən keçib gedir şöbəyə. Bu işin başında baş nazirin müavini, əslən şəkidən olan Abid Şərifovun konkret hansı vəzifə daşıdığı məlum olmayan yaxın adamının durmasını da öyrəndik: “Turizmdən gələn pullar mədəniyyət və turizm şöbəsinə Abid Şərifovun adamının əlindən keçib gedirdi. Bir neçə ay öncə yeyinti məsələsi çıxdı ortaya. Ancaq məsələ elə də genişlənmədən A.Şərifovun adamını müəmmalı şəkildə işdən çıxardılar. İndi həmin adamın adını çəkən də yoxdur. Deyəsən, qurbanlıq üçün başqa hədəf seçiblər. Onu bilə-bilə bu işdən kənarlaşdırdılar”.
“Keçmiş müdir söz verib aldatdı”
Araşdırmalar zamanı Elmira xanımın adının çox çəkilməsi bizi onunla söhbətə vadar etdi. Nömrəsini tapıb əlaqə saxladıq. Bizimlə görüşəcəyini dedi. Bütün gün gözləsək də ondan cavab çıxmadı.
Məmurların “Marxal” davası
Daha sonra Şəki sakinlərinin dili ilə desək, “Bəlalı Marxal”a yollandıq. Burada azərbaycanlılardan çox turistlər üstünlük təşkil edirdilər. Ancaq bu gözəl səfalı yerin üstündə məmurlar qırğına çıxıblar. Burada da özümə bir neçə müsahib tapdım. Onların dediyinə görə, “Marxal”da gözü olanlardan biri də Ağalarovlardır: “Xeyli vaxt bu yer üstündə Paşayevlərlə Ağalarovların mübahisəsi oldu. Ancaq sonradan ara sakitləşdi. Arada isə Rövnəq Abdullayev şəxsən bura gəldi, əraziyə baxış keçirdi. Hətta tikiləcək olan hotellər barədə göstərişlər də vermişdi”. Özümüz də şahidi olduq ki, ətrafda “SOCAR” a məxsus “keçilməz” nişanları qoyulub.
Qeyd edək ki, “Marxal” istirahət mərkəzi Tehran Lətifova məxsusdur. Vaxtilə istifadə edilməyən “Marxal” Şəki İpək Kombinatının tərkibində olub. Daha sonra T.Lətifov külli miqdarda pul verərək “Marxal”ın bir hissəsini almışdı.
Müsahibim bildirdi ki, hazırda əsas dava Abid Şərifovla Tehran Lətifov arasındadır. Belə ki, “Marxal”a növbəti iddialılardan biri də məhz baş nazirin müavini Abid Şərifov olub: “"Marxal"a çox adam iddialı olub. Ancaq konkret bir nəfər-Abid Şərifov işin dərinliyinə gedib. "Marxal" uğrunda mübarizə çox getdi. Bu günlərdə iş məhkəməyə qədər gedib çıxdı. Birinci məhkəmədə A.Şərifovun xeyrinə qərar verildi. Bundan istifadə edən A.Şərifov yaxınlıqdakı hotel kompleksinin inşasına başladı”. Özümüz gedib gördük. “Marxal”ın ən görməli yerində hotel kompleksi tikilir.
Müsahibim bildirdi ki, Tehran Lətifovun xüsusi mafiya dəstəsi də var. Dəfələrlə “Marxal”da məmurların adamları ilə qarşı-qarşıya gəliblər.
“Abid Şərifov Şəkini özəlləşdirir”
Araşdırma apararkən müsahiblərim Şəkinin mərkəzində olan Füzuli parkına da baş çəkməyimizi istədilər. Parka gedib baxış keçirdik. Altı-üstünə gətirilmiş park müharibə zonasını xatırladırdı. Burada öyrəndik ki, parkın ərazisi Abid Şərifov tərəfindən alınıb: “Bu park uzun illərdir fəaliyyət göstərirdi. Bir neçə ay öncə təmirə dayandırdılar. Bax, bu gördüyünüz ”Büllur Saray" restoranını tikdilər. Restoran Şəkidə ən gözəl və bahalı yer hesab edilir. Restoranın arxasında da hotel tikəcəklər".
Sabahkı sayımızda Şəki ilə bağlı reportajımızı bu bölgənin müxalifətinin gözü ilə davam etdirəcəyik.
Türkan Turan/Yeni Müsavat