Zəminə Əlizadə: "Biz onlara məlumat vermişdik ki, 120 min uşaq üçün forma tikilməlidir. İndi bizə deyirlər ki, satış mərkəzlərinə çox güclü axın var, hətta başqa fabriklər də bu geyimlərdən bazarlara çıxardır. Ona görə də valideynlər bu məsələdə sərbəstdirlər və biz alqı-satqı işinə müdaxilə etmirik"
06-09-2010
Artıq yeni təhsil ilinə sayılası gün qalır. Bir dəstə böyük maraqla bu günü gözlədiyi kimi, digərləri hələ də uşaqlarına nə geyindirəcəklərini düşünürlər. Vahid fikrə gələ bilməyən valideynlər, vahid geyim formalarını haradan və neçəyə alacaqlarını götür-qoy edirlər. Rəsmilər hər valideynin, bir geyim forması almaq üçün cəmi 28 manat 50 qəpik xərcləməli olacağını desə də, bazarlar və məktəblərdə təşkil olunmuş yarmarkalarda bunun tam əksinə şahid oluruq. Biz də FaktXeber.com olaraq məsələyə aydınlıq gətirmək üçün mövzu ilə əlaqədar suallarımızı Bakı Şəhər Təhsil İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Zəminə Əliqızına ünvanladıq.
Z.Əlizadə bildirdi ki, vahid məktəbli formasına keçidlə bağlı bizim qərarımız var: “Bu barədə ictimaiyyətə məlumat vermişik, formanın necə olacağı da müxtəlif şəkillər vasitəsi ilə göstərilib. Əsas odur ki, bu il I – IV-cü sinif şagirdləri vahid formaya keçməlidirlər. Amma bu formaların hardan və neçəyə alınacağı, o cümlədən alqı-satqı prosesinə biz müdaxilə etmirik”.
Müsahibimiz, formanın tikilişi ilə Bakı Tikiş Evinin (BTE) məşğul olduğunu vurğuladı: “Biz onlara məlumat vermişdik ki, 120 min uşaq üçün forma tikilməlidir. İndi bizə deyirlər ki, satış mərkəzlərinə çox güclü axın var, hətta başqa fabriklər də bu geyimlərdən bazarlara çıxardır. Ona görə də valideynlər bu məsələdə sərbəstdirlər və biz alqı-satqı işinə müdaxilə etmirik”.
Z.Əlizadə geyim formasının qiyməti barəsində də danışdı: “Sizə əvvəl dediyim rəqəm BTE-dən bizə təqdim olunmuşdu. Hətta indi ondan da ucuz qiymətə əldə etmək mümkündür. Bu, valideynlərin öz seçimidir, haradan və neçəyə istəyirlər ala bilərlər. Bizim üçün əsas odur ki, sentyabr ayının 15-də I – IV-cü sinif şagirdləri vahid geyim formasında məktəblərə gəlsinlər”.
Formaların alqı-satqısına nəzarət etmədiklərini bildirən, Z.Əlizadə vurğuladı: “Biz bu məsələyə nəzarət etmirik. Bunu BTE öz öhdəsinə götürüb. Eyni zamanda bildirirəm ki, heç bir məktəbdə satış mərkəzləri ola bilməz. Əks halda həmin təhsil ocağının rəhbərliyi cəzalandırılacaq”.
“Bakının bütün məktəblərində vahid formaya keçmək barədə qərar verilib. Bu qərara müvafiq olaraq, artıq BTE-də işlər başlayıb. 2010 və 2011-ci tədris ili üçün Bakının bütün məktəblərində 1-ci, 4-cü sinif şagirdləri vahid məktəbli formasına keçiriləcək. Bütün ölçülərə uyğun olaraq qiymət 28 manat 50 qəpikdir”.
Gördüyünüz kimi, o zaman Zəminə xanım hətta qəpiyinə qədər formanın qiymətini deyirdisə, indi bunu, nümayəndəsi olduğu İdarənin boynundan atır. Və bildirir ki, biz alqı-satqı işinə müdaxilə etmirik.
Bundan əlavə, demişdi ki, məktəbli formaları yalnız satış mərkəzlərində satışa çıxarılacaq. Direktorlar və müəllimlər sadəcə, satış mərkəzlərinin ünvanlarını valideynlərə deyə bilərlər.
Bəs indi vəziyyət necədir? Məktəblər bu işi öz öhdəsinə götürüb. Sözün əsl mənasında satış mərkəzlərini xatırladan məktəblərdə, direktorlar başqa yerdən forma alan uşaqlar məktəbə buraxılmayacaq, deyirlər. BŞTİ də çox sakitliklə bunu seyr edir və konkret faktlar istəyir.
Fakt: Belə hallardan biri də Binə qəsəbəsində yerləşən 149 saylı orta məktəbdə baş verir. Cənab, ... buyurun ölçü götürün və cəmiyyəti də məlumatlandırın. Sonra sizin səmimi olmağınız bilinəcək.